İyunun 3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dahi Üzeyir Hacıbəylinin ölməz "Arşın mal alan” musiqili komediyası oynanılıb. Səhnə əsərinin budəfəki nümayişi mərhum sənətkar, Xalq artisti Mobil Əhmədovun xatirəsinə həsr olunub.
Kulis.az xəbər verir ki, tamaşanın nümayişindən əvvəl Akademik Musiqili Teatrın Ədəbi hissə müdiri, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum sənətkarın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib. O, aktyorun canlandırdığı obrazların hər zaman tamaşaçılar tərəfindən sevildiyini, böyük maraq və rəğbətlə qarşılandığını, özünəməxsus ifa tərzinə malik olduğunu vurğulayıb.
Operettanı Əməkdar artistlər Nərgiz Kərimova, Nadir Xasiyev, aktyorlar Elxan İsmayılov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, İbrahim Əlizadə, Emin Zeynallı, Mehriban Zaliyeva ifa ediblər.
Xatırladaq ki, Mobil Əhmədov uzun illər Akademik Musiqili Teatrın səhnəsində “Arşın mal alan” tamaşasında Əsgər obrazını canlandırıb.