VI Beynəlxalq Türkologiya Konqresi öz işinə başladı

VI Beynəlxalq Türkologiya Konqresi öz işinə başladı
21 sentyabr 2022
# 14:00

Polşanın paytaxtı Varşavada VI Beynəlxalq Türkologiya Konqresi öz işinə başlayıb.

Kulis.az xəbər verir ki, Varşava Universitetinin ev sahibliyində keçirilən Konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycanın, Türkiyənin, Qazaxıstanın və Özbəkistanın Polşadakı Səfirlikləri, eləcə də Yunus Əmrə İnstitutu, Karaim İrsi Fondu əsas tərəfdaş qismində çıxış ediblər.

“Türk Dünyası Araşdırmaları – Multidissiplinar Perspektivlər” adı altında təşkil olunan Konqresdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva fəxri qonaq qismində iştirak edib.

Tədbiri giriş sözü ilə açan Varşava Universitetinin prorektoru Zigmunt Lalak, artıq 6-cı dəfədir ki, Polşada təşkil olunan Konqresin əhəmiyyətindən danışaraq, tədbirin türk xalqlarının zəngin keçmişinin, tarixinin, dilinin, mədəniyyətinin Avropa və bütün dünyada təbliğ edilməsi istiqamətində böyük rol oynadığını qeyd edib. Bu xüsusda, Z.Lalak Varşavada toplaşmış türkoloqların xidmətlərini yüksək qiymətləndirirək, Konqresin fəaliyyətinə uğurlar arzu edib.

Tədbirdə çıxış edən Türkiyə Respublikasının Polşa Respublikasındakı səfiri Cengiz Kamil Fırat, Kongresin müzakirə platforması kimi vacibliyindən söz açıb. Səfir hər bir türkün keçmişlə gələcək arasında körpü qurmasında Türkologiya elminin önəminə toxunaraq, Türkiyənin Türk Dünyasının qədim irsinin təbliği ilə bağlı layihələrə hər zaman dəstək verdiyini bildirib.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva müasir dövrdə Türk mədəni irsinin elmi konseptual səviyyədə araşdırılmasının və bu işə dünya türkoloqlarının cəlb edilməsinin böyük əhəmiyyət kəsb etdiyini bildirib: “Türk Dünyası dedikdə əlbəttə, yalnız türk xalqlarının yaşadığı geniş coğrafiya nəzərdə tutulmur. Türk Dünyası özlüyündə türk xalqlarının sahib olduğu ortaq tarix, mədəniyyət, ədəbiyyat, dil, adət-ənənələri ehtiva edir. Bunların hər biri türk kimliyini formalaşdıran və onun sütununu təşkil edən amillərdir.”

Türk Dünyası və Polşa arasındakı dostluq və tərəfdaşlıq münasibətlərinin qədim tarixə, dərin köklərə söykəndiyinə toxunan Fondun prezidenti, Polyak xalqının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun hər bir üzv ölkəsi ilə bağlılığının olduğunu qeyd edib. O, Polşada türk əsilli milli azlıqlar olan tatarların və karaimlərin yaşadığını vurğulayaraq, onların irsinin qorunmasının təşkilatın maraq dairəsində olduğunu bildirib.

Günay Əfəndiyeva Türkologiya elminin inkişafından söz açıb: “Bu gün artıq Avropanın 30-a qədər ölkəsində Türkologiya müstəqil elm kimi öyrənilir. Bu elm sadəcə Şərqşünaslığın bir bölməsi kimi deyil, ayrıca elm kimi qəbul edilir.”

Eyni soydan gələn Türk xalqlarının zaman-zaman çətin günlərin sınağından keçdiyini qeyd edən Fondun prezidenti, buna baxmayaraq, xalqlar arasındakı birliyin indiyədək davam etdiyini və günü gündən daha da gücləndiyini vurğulayıb: “Biz bunun 2 il öncə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərək, tarixi Qarabağ torpaqlarını qaytardığı zaman Türkiyənin göstərdiyi mənəvi dəstəyin nümunəsində bir daha şahidi olduq.”

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfiri Nərgiz Qurbanova, Azərbaycan xalqının türk dünyasına qazandırdığı böyük elmi nailiyyətlərdən bəhs edərək, 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultayhaqqında məlumat verib.

Səfir, hər bir xalqın dilinin onun milli varlığını təsdiq etdiyini söyləyib: “Azərbaycan dili də xalqımızın milli mənsubiyyətini müəyyən edən başlıca amillərdən biridir. Tarix boyu türk dilləri içərisində Azərbaycan dilinin özünəməxsus yeri olmuşdur. XVI əsrdə Azərbaycan dili Səfəvilər dövlətinin rəsmi dövlət dili səviyyəsinə yüksəlmişdir. Türk dünyası və müsəlman şərqində ilk dünyəvi demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci ildə Azərbaycan dilini dövlət dili elan etmişdir.”

Türk xalqları arasında həmrəyliyin gücləndirilməsində Türk Əməkdaşlıq Təşkilatlarının önəmini vurğulayan səfir, TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının qərarı ilə Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçildiyini diqqətə çatdırıb.

Qazaxıstan Respublikasının Polşa Respublikasındakı səfiri Alim Kirabayev Türk xalqlarının tarixinin, mədəniyyətinin, dilinin, ədəbiyyatının, siyasətinin Avropada araşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Səfir Qazaxıstanın və ümumilikdə bütün Türk dövlətlərinin çoxəsrlik dəyərlərinin beynəlxalq miqyasda tanıdılmasının önəmindən söz açıb. O, Konqresin Türk xalqları ilə Avropa xalqları arasında qarşılıqlı əlaqələrin inkişafına töhfə verdiyini qeyd edib. Səfir, bu il UNESCO səviyyəsində 150 illik yubileyi qeyd olunan qazax türkoloqu, şair və siyasətçi Ahmet Baytursınulının Qazaxıstanın elmi və mədəni irsinin inkişafındakı xidmətlərindən danışıb.

Konqresin açılış mərasimində Varşava Universitetin professoru Tadeusz Majda türkologiya elmi üzrə göstərdiyi xidmətlərinə görə fəxri fərman ilə təltif olunub.

Konqres çərçivəsində keçirilən çoxsaylı panellərdə Türkologiyaya həsr olunan müxtəlif mövzular müzakirə olunur.

# 1128 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #