"Verilişlə bağlı təklifim budur ki..." - "Ötən günlər" haqqında

"Verilişlə bağlı təklifim budur ki..." - "Ötən günlər" haqqında
30 oktyabr 2024
# 11:13

Kulis.az Günel Mehrinin İctimai TV-də yayımlanan "Ötən günlər" verilişi haqqında yazısını təqdim edir.

Deyirlər ki, ötən günə gün çatmaz, calasan günü günə... Hə, bir də deyirlər, nə vardısa, ötən günlərdə vardı. Keyfiyyətli musiqi də, rəssamlıq da, ədəbiyyat da, elə təamların dadı-duzu da əvvəllər bir başqa idi. Amma məqsədim əsla zəmanəmizi tənqid etmək deyil. Sözsüz ki, bu gün də zaman-zaman dəyərli sənət əsərləri meydana çıxır. Sözsüz ki, müasir dövrün diqqətəlayiq tərəfləri də var. İnsan yalnız keçmişə köklənib indinin ləzzətini qaçırmamalıdır. Amma etiraf edək ki, bütün dünya ölkələrində müxtəlif zaman kəsiklərində mədəniyyətin renessans dövrü, incəsənətin pik həddi yaşanıb. Hərdən dönüb geriyə - ötən günlərə boylananda, qəfil o dövrə aid bir musiqi parçasına tuş gələndə, ya da bir retro teletamaşa və ya bədii film izləyəndə necə riqqətə gəlirik, necə ləzzət alırıq. Azərbaycan mədəniyyətinin öz aramızda həsrətlə “o dövr” adlandırdığımız “qızıl dövr”lərindən biri ötən əsrin 60-80-ci illərinə təsadüf edir. Bu, elə bir zaman kəsiyi idi ki, həm klassik, həm estrada, həm caz musiqisində şedevr əsərlər, yeni cərəyanlar meydana gəlib, eyni zamanda rəssamlıq, heykəltaraşlıq, kino sənayesi, teatr sənətkarları dünyaya bir-birindən qiymətli töhfələr ərməğan edib. Haqqında söz açacağım telelayihə də həmin dövrdə yaşayıb-yaradan bir-birindən dəyərli insanlara və yaddaqalan hadisələrə güzgü tutur. Söhbət İctimai TV-nin efirində beş il ərzində yayımı davam edən “Ötən günlər” verilişindən gedir.

Efir məkanı: İctimai TV

Efir vaxtı: Hər şənbə saat 18:15

Mövzu: Ötən günlərin məşhur simaları və hadisələrinə bu gündən baxış

Əlbəttə ki, layihənin səliqəli və davamlı şəkildə efirə getməsi üçün kadr arxasında əziyyət çəkən böyük bir komanda var. Amma öncə “Ötən günlər” in əsas iki simasını vurğulamaq istərdim.

Əbəs yerə demirlər ki, hər layihənin güzgüsü onun aparıcılarıdır. Söhbət Nailə İslamzadə və Saleh Bağırovdan gedir.

Nailə xanım Azərbaycan Dövlət Televiziyasından ayrıldıqdan sonra bir xeyli müddət başqa sahədə çalışaraq efirdən uzaq düşmüşdü. Buna baxmayaraq, onun həlim səsi, xoş siması və gözəl diksiyası tamaşaçıların hafizəsindən silinmirdi. Təsadüfi deyil ki, “Ötən günlər” layihəsi reallaşanda İctimai TV-nin rəhbərliyi xanım aparıcı kimi məhz Nailə İslamzadənin namizədliyi üzərində dayandı. Düşünürəm ki, bu seçimə təkan verən məqamlardan biri onun televiziya peşəkarlığı idisə, digər tərəfdən Nailə xanımın uzun illər bir çox adlı-sanlı incəsənət xadimləri ilə müxtəlif layihələrdə üzbəsurət görüşməsi və elə həmin dövrün aparıcı siması olmasına bağlı idi.

Bayaq qeyd etdiyim kimi, layihənin kişi siması İctimai TV-də paralel olaraq bir neçə reytinqli verilişin aparıcısı olan Saleh Bağırovdur. Çalışdığı illər ərzində böyük tamaşaçı rəğbəti qazanmış Saleh bəyi “Ötən günlər” layihəsinin gülər üzü və pozitiv siması adlandırmaq olar. Üstəlik, Saleh Bağırov bu layihədə müasir intellektual gənc nəslin təmsilçisidir. Nəticə etibarı ilə, bu tandem fərqli olduğu qədər də maraqlıdır.

Amma və lakin televiziyanın mətbəxinə yaxşı bələd olanlar üçün sirr deyil ki, mövzuların həssaslıqla seçilməsində, o mövzuya uyğun adlı-sanlı qonaqların dəvət edilməsində, qəhrəmanların hamıya bəlli olmayan tərəflərindən söz açan süjetlərin yazılmasında məhz layihə rəhbəri və redaktorların əməyi danılmazdır.

Qonaqlardan danışmışkən, “Ötən günlər” verilişinin dadı-duzu bu studiyaya təşrif buyuran qonaqların söhbətləridir. Özü də bu şəxsiyyətlər Azərbaycan mədəniyyət və elm dünyasının ən sanballı nümayəndələridir. Verilişin qəhrəmanı ilə bağlı qonaqların səmimiyyətlə dilə gətirdiyi bəzən kədərli, bəzən də duzlu-məzəli xatirələr hesabına, sözü gedən şəxsin dəqiq portreti çəkilir. Söhbətlər arasında gənc müğənnilərin mövzuya müvafiq ifa etdikləri retro musiqilər isə verilişin əyləncə gücünü artırır və tamaşaçını ötən günlərə qaytarır. Təbii ki, hər layihənin səliqəli və rəngarəng yayımlanması keyfiyyətli çəkilişdən asılıdır. Bunu həyata keçirən rejissor və operator heyətinin də işi çətin və məsuliyyətlidir.

Bəs layihənin əsas qayəsi nədən ibarətdir? Veriliş bir tərəfdən Azərbaycan ziyalılarını və vacib mədəniyyət hadisələrini gənc nəslə tanıtdırmaq kimi maarifçilik funksiyasını həyata keçirirsə, digər tərəfdən yaşlı nəsil üçün doğma olan hadisələri, şəxsiyyətləri yada salır, üstəlik, bir növ incəsənət və elm xadimlərimizin dəyərli arxivini yaradır. Misal üçün, vəfatından öncə Xalq artisti Ramiz Məlikin “Ötən günlər” layihəsində dəfələrlə maraqlı çıxışları olub. Və belə misallar kifayət qədərdir.

Verilişin daimi izləyiciləri bilir ki, əvvəlki mövsümlərdə “Ötən günlər”in onlarla maraqlı sayları nümayiş etdirilib. Yeni mövsümdə yayımlanan ən yaddaqalan saylardan biri, şeirləri dilimizin əzbərində olan Xalq şairi Bəxtiyar Vahabzadəyə həsr edilib. Qeyd edim ki, sözügedən verilişin qonaqları sırasında Sabir Rüstəmxanlı, Cavanşir Feyziyev, Nizami Cəfərov və digərləri var idi.

Yekun olaraq qeyd edə bilərəm ki, zövqlərin dəyişdiyi və zamanın sürətləndiyi bir dövrdə bu layihə həzinliyi, axıcılığı və səmimi ab-havası ilə diqqət çəkir. Maraqlıdır, bəs qələm əhli bu layihə barədə nə düşünür? Beləliklə, yazımı ziyalılarımızın düşüncələri ilə yekunlaşdırmaq istəyirəm.

Şair, “Ulduz” ədəbi dərgisinin baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəsin “Ötən günlər” layihəsi ilə bağlı fikirləri:

“Əslində, yaxşı proqramların bəxti gətirib. Çünki televiziyada baxılası o qədər də zəngin çeşid yoxdur. Bura tək Azərbaycan efirini aid etmirəm. Türkiyə kanallarını da izləyirəm. O qədər də tamaşaçının zövqünü oxşayan verilişlər rastıma çıxmır, sözün açığı. Tək-tək verilişlər var ki, onlara baxırsan. Belə verilişlər barmaq sayı qədərdir. Mənim diqqətimi cəlb edən verilişlərdən biri İctimai TV-də gedən “Ötən günlər”dir. Maraqlı və dəyərli verilişdir. Sənət adamlarına, söz adamlarına, mədəniyyət xadimlərinə həm sağlığında, həm də dünyasını dəyişəndən sonra qoyulan hörmətdir. Təklifim də budur ki, verilişin yaradıcıları daha fərqli qonaqlar dəvət etsinlər”.

Qulu Ağsəs, şair

Şair, yazıçı-jurnalist, Əməkdar Mədəniyyət işçisi Qəşəm Nəcəfzadənin “Ötən günlər” layihəsi ilə bağlı fikirləri:

“Xatirələr həmişə adama şirin gəlir. Ona görə ki, xatirələr köhnəldikcə dəyəri artır. Bizim gələcəkdən xəbərimiz yoxdur. Bu an da tez keçir. Ona görə də bütün iqtisadi-mədəni-siyasi bazamız xatirələrdə qalır. Və insan yaradıcılığında da xatirələrə istinad edir. Xatirələr insanı azmağa qoymayan bir kompasdır. Sən illər əvvəlki özünü xatırlayırsan və indiki zamanda buna uyğun olaraq hərəkət edirsən. Bu mənada İctimai TV-də gedən “Ötən günlər” layihəsi ictimai fikrimiz, ədəbiyyatımız, mədəniyyətimiz üçün xatirələr kompasıdır. Bu layihədə mənim yaxın dostlarımın ötən günləri verilib. Mən o verilişi izləyəndə həmin insanların mənə nə qədər doğma olduğuna bir daha əmin oluram. Burada çalışan müəllif və rejissor heyəti verilişi elə baxımlı hazırlayırlar ki, uzun müdət tanıdığın insanın xatirəsi gözlərin önündə canlanır. Hətta dünyasını dəyişmiş insanlar haqqında elə maraqlı əhvalatlar danışılır ki, bir tərəfdən kədərlənsək də, üzümüzdə təbəssüm də yaranır. Bəlkə də, bu xatirələri kitabdan oxusaq, o qədər təsirli olmaz. Buna görə də verilişi daim sevərək izləyirəm. Bundan başqa, aparıcılar da işinin öhdəsindən gözəl gəlir. Yəni söhbəti elə aparırlar ki, veriliş dünyasını dəyişən insanla bağlı matəm ab-havası yaratmır. Mənə görə, bu veriliş ötən günlərdən danışsa da, ruha, sənətə qayıdışdır”.

Qəşəm Nəcəfzadə: “Məni Kəramət xilas etdi” – Müsahibə

Azərbaycan Respublikasının Əməkdar jurnalisti Qulu Məhərrəmlinin “Ötən günlər” layihəsi ilə bağlı fikirləri:

“Mənim düşüncəmə görə, “Ötən günlər” layihəsi tək İctimai TV-nin deyil, bütövlükdə Azərbaycan teleməkanının ən baxımlı layihələrindən biridir. Bu layihədə Azərbaycanın ictimai həyatında, mədəniyyət aləmində rol oynamış şəxsiyətlərlə bağlı araşdırma aparılır, onlar yad edilir. Buna görə “Ötən günlər” layihəsini izləyənlər çoxdur. Mən də bir neçə mövzu ilə bağlı bu layihədə qonaq qismində iştirak etmişəm. Yəni o studiyadakı mühiti hiss etmişəm. Ona görə də mənim üçün bu layihə Azərbaycan tarixinin ekran səlnaməsidir. Bizi keçmişə bağlayan mənəvi tellərin təcəssümüdür və milli yaddaş məsələsidir. Bu mənada verilişin heyətinin işi məni məmnun edir. Biz bu gün televiziyadan danışanda tənqidi fikirlər deyirik. Amma elə layihələr var ki, diqqətəlayiqdir. Çünki “Ötən günlər”i izlədikcə biz o insanların yaşayıb-yaratdığı mühiti də hiss edə bilirik. Bütün yaradıcı heyətə uğurlar arzulayıram!”

Qulu Məhərrəmli kafedra müdiri oldu - FOTO

# 922 dəfə oxunub

Müəllifin son yazıları

# # #