Vaqif Mustafazadə - Dünyanı heyran edən istedad

Vaqif Mustafazadə - Dünyanı heyran edən istedad
30 aprel 2024
# 14:00

Bu gün Beynəlxalq Caz Günüdür.

Kulis.az bu münasibətlə Təranə Məhərrəmovanın "Vaqif Mustafazadə - Dünyanı heyran edən istedad" yazısını təqdim edir.

Vaqif Mustafazadəni Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar.

Onu Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin təsisçisi adlandırırlar. Vaqif Mustafazadənin adı musiqi tariximizə Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini — Caz-Muğam sintezini yaradan bəstəkar kimi yazılıb. «Caz ürək musiqisidir» deyən bəstəkarı həmçinin, Azərbaycan Muğam Caz Hərəkatının memarı hesab edirlər. „Vaqif Mustafazadə ekstra-klass səviyyəli pianoçudur. Dünya cazında ona tay olacaq ikinci sənətkar tapmaq çətindir”-deyə tanınmış amerikalı tənqidçi onun haqqında yazmışdı.

Vaqif Mustafazadənin yaradıcılıq dövrü 60-cı illərə təsadüf edir. Bu, sovet məkanında cazın çiçəklənmə dövrü idi.

Səsi-sorağı dünyanı dolaşdıqca

Anası Zivər xanım Azərbaycanın ilk qadın pianoçularından biri, muğamların gözəl bilicisi olub. Oğluna musiqiyə məhəbbəti də anasından keçib. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayıb. O, yerli məktəbdə musiqi müəlliməsi idi. Vaqif 3 yaşında ilk dəfə olaraq fortepianonun dillərinə toxunub və o vaxtdan bu alətdən ayrılmayıb. O, tanıdığı mahnıları istədiyi kimi, yeni variantda çalmağa başlayıb. Vaqifin fenomenal yaddaşı olub. Buna görə də o, musiqilərinin çoxunu beynində, yaddaşında toplayıb. Dünyanı tərk edəndə kağız üzərinə köçürə bilmədiyi, zehnindəki mahnılar da özü ilə birlikdə dünyanı tərk edib.

V.Mustafazadə Bakı Musiqi Kollecini bitirdikdən sonra, Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluq da onu elə bu illərdə haqlayıb. Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış edir. O, əsasən klassik caz, bluz və oynaq mahnılar ifaçısı idi. 1964-cü ildən “Orero” ansamblına, „Qafqaz” caz üçlüyünə, “Leyli” və "Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edir. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66”, ”Tbilisi-78”, Monte-Karlo) laureatı olur.

1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilir. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalı idi. Festival başa çatdıqdan sonra yüzlərlə naməlum ad içərisindən «Azərbaycan, Vaqif Mustafazadə” sözləri eşidilir. Bəstəkar-musiqiçi Monako caz festivalından vətənə "Ağ royal” mükafatı ilə qayıdır və növbəti konsertlərinə hazırlaşır. O, fortepiano və simfonik orkestr üçün konsertin, “Muğam” simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifi kimi tanınır.

Sənətinə bağlılığı Vaqifi dünya musiqi festivallarının qalibinə çevirirdi. Səsi-sorağı dünyanı dolaşdıqca bu uğurun sədası təkcə öz ölkəmizdə eşidilməz olurdu. Uğurlarını həzm etməyənlər Vaqifi „həvəskar bəstəkar” adlandırırdılar. Amma o, 1000-dən artıq caz kompozisiyasına müəllif kimi imza atmış, çoxlu mahnıya yeni həyat vermişdi. Hətta lent yazılarının ara-sıra radioda səslənməsindən ötrü qonorardan da imtina etmişdi. Televiziyada vermək istədiyi solo konsert isə maneələr ucbatından baş tutmurdu. Həyat yoldaşı Elza xanım “Vaqif həddən artıq çox işləyir, özünə rəhm etmirdi. Yuxusuna haram qataraq yeni-yeni mahnıları lentə yazdırırdı. Ürəyi də şıltaqlıq edir, ona aman vermirdi” deyə bildirirdi.

İçərişəhər ruhu

Vaqif Mustafazadə 1971-ci ildə "Sevil” vokal-instrumental ansamblını yaradır. O, yeni qrup üçün təqdim etdiyi mahnıların harmoniyasını dəyişir, köhnə mahnılarını təzə üslubda səsləndirməyə başlayır. Ansamblın təkcə İttifaqda deyil, həm də o dövr üçün çox-çox uzaq ölkələrdə məşhurluq qazanması da elə Vaqifin gecə-gündüz çəkdiyi əziyyətin bəhrəsi idi. Min bir zəhmətlə ərsəyə gətirdiyi “Sevil” cəmi 6 il fəaliyyət göstərir. Bu illər ərzində ansamblın televiziya, radio və səhnələrdə yüzlərlə konserti keçirilir.

Dekabrın 31-də „Sevil” ansamblının ilk çıxışı baş tutur. Ansamblın ilk dəfə çıxışı rəngli televiziyanın yaranmasıyla eyni günə təsadüf edir.
“Sevil” vokal kvartetinin üzvü Dilarə Cahangirova konsertləri nostalji ilə xatırlayır: "Repertuarımıza müasir Azərbaycan bəstəkarlarının mahnıları salınmışdı. Bu mahnılar Vaqifin aranjemanı ilə fərqli səslənirdi. Biz şəhərin ən gözəl meydanlarında, böyük konsert salonlarında çıxış edirdik. Qrup yaranandan cəmi bir neçə ay sonra biz Moskvada, SSRİ Bəstəkarlar İttifaqında çıxış etdik. 1973-cü ilin yayında isə Moskvada, “Rossiya” zalında beynəlxalq konsert keçirildi. Həmin konsertdə SSRİ-ni Azərbaycan, Azərbaycanı isə "Sevil” ansamblı təmsil edirdi. Bir il sonra bizi Varşavada çıxış etməyə dəvət etdilər. 1975-ci ildə “Sevil” qrupunun ilk valı yazıldı. İlk baxışdan hər şey əla gedirdi. Lakin qəfildən — 1977-ci ildə ansamblın fəaliyyəti dayandırıldı. Ola bilsin ki, Vaqif ömrünün sonuna az qaldığını hiss edirdi və başa düşürdü ki, təkcə ansamblı müşayiət etmək onun üçün çox azdır. O, instrumental musiqidə özünü ifadə etmək istəyirdi. 1977-ci ildə Vaqif "Muğam” caz üçlüyü yaratdı. Tbilisidəki festivalda o, “Ən yaxşı pianoçu” mükafatını qazandı. Həmin festivalda ilk dəfə olaraq Vaqifin qızı Əzizə də iştirak edirdi. 8 yaşında bir uşağın cazı belə hiss etməsinə heç kəs inana bilmirdi. Əzizə festivalda iştirakına görə mükafata layiq görüldü. Vaqif Əzizə ilə birlikdə iki hissəli konsert təşkil etməyi arzulayırdı, amma buna vaxtı çatmadı”.

1979-cu ildə Vaqif Mustafazadə Azərbaycanın Əməkdar artisti adına layiq görülür. Həmin il Monakoda keçirilən caz müsabiqəsində iştirak edərək həmin müsabiqənin qalibi seçilir: "Vaqifin o qədər planları var idi ki… Təəssüf ki, 1979-cu ildə Daşkənd səfəri ilə hər şey qəfildən qırıldı. Lakin onun musiqisi əbədilik qaldı. Vaqifin çoxlu davamçıları var. Onlar ustada oxşamağa çalışır, onu təbliğ edirlər. Bir də ürəyimizdə Vaqiflə bağlı xoş xatirələr yaşayır. Bu nəhəng musiqi aləmində indi də, bir çox onilliklər sonra da Vaqif Mustafazadənin yeri olacaq. Bu gün o, maraqlı və əlçatmazdır. Bir dəfə onun musiqisini eşidən kəs bir daha onu unutmur. Çünki əsl sənət insan qəlbinin ən incə tellərinə toxunur. Vaqifin musiqilərində milli kökümüz, Bakının gözəllikləri, İçəri Şəhərin ruhu hiss olunur. Təəssüf ki, o, həddindən artıq az yaşadı. Amma bu müddət ərzində çox işlər gördü”.

“Sevil vokal”

"Bu gün ansamblın lent yazılarının qalmaması bizim ağrılı yerimizdir” - deyə ansamblın digər üzvü Rəna Talıbovanın xatirəsindən: "İndi az qala hər gün bir oxuyan, bir ansambl çıxır. Cürbəcür mahnılar yaranır, kliplər çəkilir. Hərənin bir cangüdəni var. O vaxtkı şərait belə deyildi. Vaqifin özü, ansamblın üzvləri camaatın içərisində idik. Əlbəttə, hamı bizi tanıyırdı. Küçədə görənlər "Sevil vokal” deyirdilər. Bu, Vaqifə olan sevgidən irəli gəlirdi. Telestudiyada bir az küskünlük olmuşdu. Vaqifi tez-tez pianoda solo ifaçı kimi xaricə çağırırdılar. Vaqifə ünvanlanan teleqramlar ona verilmirdi. Burda deyirdilər ki, sən xaricə kvarteti də aparmalısan. O isə cavab verirdi ki, qızlar başqa spesifikadır, məni bir cazmen kimi dəvət edirlər. Vaqif televiziyadan küsüb getdi. Biz televiziyadan çıxıb gedəndən sonra orda olan bütün lent yazılarımızı pozmuşdular. Təkcə "Qara qaşın vəsməsi” mahnısı qalıb. Arif Qazıyev həmin çəkilişi “Baksovet”in bağında çəkmişdi. Mənə elə gəlir ki, bu mahnı o vaxt Moskvanın sifarişi ilə yazıldığı üçün həmin lentə toxunmamışdılar. Həmin lentdə Müslüm Maqomayev, Rəşid Behbudov, Zeynəb Xanlarova kimi sənət korifeylərinin də ifası vardı. Ona görə lenti pozmayıblar. Vaqif çıxıb gedibsə, bu, xalqın sərvətidir. Şəxsi ambisiyalara görə xalqın sərvətinə toxunmaq, ona ziyan gətirmək olmaz.
Vaqifdən sonra ansamblı çox bəstəkarlara vermək istədilər. Onlar etiraf edə bildilər: "Axı biz Vaqif olmayacağıq!” Vaqif həyatdan köçəndə “Amerikanın səsi” radiosu "Sovet İttifaqında “Cazın tanınmamış Allahı” dünyasını dəyişib” — deyə xəbər verdi. Azərbaycan musiqisi onun simasında istedadlı bir bəstəkarı və ifaçını itirdi. Vaqifin arzuları çox idi. Muğam əsasında dünya cazında bir məktəb yaratmaq arzusu vardı. Sağ qalsaydı, muğam-caz vəhdəti üzərində qurulan çoxlu ideyalarını həyata keçirəcəkdi”.

Vaqifin ölümündən sonra həyat yoldaşı Elza qızı Əzizəni də götürərək ölkəni tərk edib. Onlar Vaqifi sevməyənlərdən, onun musiqisinə yad gözlə baxanlardan küsüb gediblər: "Bilirsiniz ki, Əzizə dünyaca məşhur pianoçudur. Konsertləri ilə dünya turuna çıxır. Bəzən deyirlər ki, Əzizə Bakıda konsert vermək üçün çoxlu miqdarda qonorar istəyir. Bu sözlərə inanmıram. Çünki onun damarlarında Vaqifin qanı axır”.

Görkəmli cazmen 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edir. 39 yaşlı sənətkara ürəyi xəyanət etdı. 1982-ci ildə — ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülür.

1989-cu ildə Polad Bülbüloğlunun təşəbbüsü ilə Vaqif Mustafazadənin ev muzeyi yaradılıb. Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olub. Ölümündən bir müddət əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır.

2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilib. Muzey Mədəniyyət Nazirliyinin balansında dövlət muzeyi kimi fəaliyyət göstərir. Bu muzeyin qapıları musiqini sevən hər kəs üçün açıqdır. Odur ki, İçəri Şəhərin ruhunu hiss edənlər, caz musiqisini ürəklə duyanlar tez-tez bu qapını döyür.

# 1254 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #