Valideynlərinin qəbrini tapa bilmədi, haqqında ölüm xəbərləri yayıldı – Arif Babayev hansı həmkarını son nəfəsində bağışladı?

Valideynlərinin qəbrini tapa bilmədi, haqqında ölüm xəbərləri yayıldı – Arif Babayev hansı həmkarını son nəfəsində bağışladı?
20 fevral 2023
# 12:50

Bu gün Xalq artisti Arif Babayevin doğum günüdür. Kulis.az xanəndə haqqında olan maraqlı faktları təqdim edir.


Arif İmran oğlu Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhərinin Sarıhacılı kəndində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunu bitirib.

***

Daha sonra Azərbaycan Dövlət Filarmoniyasında, 1966-cı ildən isə Azərbaycan Dövlət Opera və Balet Teatrında çalışıb.

Erkən yaşda qohumlarının istəyi ilə Ağdamda görüb bəyəndiyi Gültəkin adlı xanımla ailə qurur. Gültəkin xanımın həmin vaxt 18 yaşı varmış, Tibb Universitetinə hazırlaşırmış. Ancaq bir balı çatmadığından imtahandan kəsilir. Arif bəy ona deyir ki, narahat olma, səni özüm oxudacam. Ancaq iş elə gətirir ki, ard-arda onların üç qız, bir oğul övladı dünyaya gəlir və Gültəkin xanım ali təhsil ala bilmir. Sonralar onun bir qızı anasının arzusu ilə həkim olur.

***

O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaratmışdır. 1960-cı ildən başlayaraq Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olmuşdur. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil almışdır.

Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, Kərəm, Aşıq Qərib kimi yaddaqalan obrazlar yaradıb.

***

80-ci illərin əvvəlində Arif Babayev öz istəyi ilə teatrdan uzaqlaşıb, filarmoniyaya gedir. Sonralar isə Milli konservatoriyaya müəllim kimi dəvət olunur. Bu barədə o, müsahibələrinin birində deyir:

“Uzun müddət Məcnun oldum, ancaq bir vaxt baxdım ki, artıq hörmət-izzətlə getmək lazımdır. Deyəndə ki operadan getmək istəyirəm, hamı məəttəl qaldı ki, hara gedirsən, niyə gedirsən? Dedim, yox, gedirəm. Artıq mənim gedən yaşımdır, indi cavanların vaxtıdır, yaxşı cavanlarımız var, qoy, onlar gəlsin. 1966-67-ci illərdə gəlmişəm operaya. Operaya gələndə cavan, arıq, hündürboy oğlan idim, indiki kimi deyildim. Elə Məcnuna da oxşayırdım. Neçə-necə Leylilər gördüm. Leylilər çox idi o vaxt, Məcnunlar az. Leylilərimdən biri də Flora Kərimova oldu. Pis oxumadı, öhdəsindən gəldi Flora. Tamaşaçılar da onu sevir axı. Çoxlu əl çaldılar. Asan deyil e, “Leyli və Məcnun”u səhnədə oynamaq”.

1990-cı ildə tarixdə ilk dəfə muğam professoru adı alıb. Milli Konservatoriyanın muğam kafedrasının müdiri kimi fəaliyyət göstərib.

***

Arif Babayev XX əsrin ikinci yarısında Qarabağ xanəndəlik məktəbinin nümayəndələrindən biridir. Onun yaradıcılığında "Şur", "Segah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Segah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxumuşdur. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir, onları böyük ifa etmişdir. Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunmuşdur.

***

Arif Babayev ömrünün ən gözəl yaşında doğulub boya-başa çatdığı Ağdamdan uzaq düşür. Ora bir də otuz ildən sonra qayıdır. Müsahibələrinin birində deyir:

“Axırıncı dəfə Sarıcalıda Ağdama gedəndə hönkür-hönkür ağladım. Otuz ildən çox idi çıxmışdım Ağdamdan. Yaxşı yadımdadır, hadisələrin qarışan vaxtı idi. Bir dəfə dedim ki, nə olursa-olsun, gedib atamın-anamın qəbrini ziyarət edəcəm. Orda qəşəng bir ev də tikdirmişdim, iki mərtəbəli. Bülbüllər cəh-cəh vururdu o evin pəncərəsində. Dedilər ki, getmə, nəsə edər ermənilər sənə, yaxındadırlar. Heç kimin sözünə qulaq asmadım. Getdim ordakı evə. Onda artıq ermənilər Şahbulağa qədər gəlmişdi. Hələ də gözümün qabağındadır, aralı qalan darvazam. Gəldim evimin otaqlarını son dəfə bir-bir gəzdim, həyətimi doyunca dolandım. Heç yadımdan çıxmaz. Çıxıb getmək istəyəndə sonuncu dəfə dönüb evimə baxdım. “Dedim, ay Allah, bu nə fəlakətdir? Yəni mən doğulub-böyüdüyüm bu yeri bir də görməyəcəm? Bir ağlamaq tutdu məni. Xeyli ağladım, xeyli... Sonra birtəhər özümü toplayıb çıxdım. Bir az getmişdim, gördüm ki, hər qapıdan bir tanış çıxdı. Sən demə, mənə deməmiş məni qorumağa gəliblər ki, ermənilər birdən kişini aparar. Uzun sözün qısası, axırıncı gedişim o oldu. Mən orda bülbüllü bağçalar qoyub gəldim... Gedəndə isə atamın-anamın qəbrini tapa bilmədim e. Şumlamışdılar oranı. Halbuki bir dəstə gül götürmüşdüm ki, onların qəbrinin üstünə qoyum. Onların qəbrini tapa bilmədim, ona görə də tanımadığım bir məzarına qoydum gülləri. Bilirsən, torpağımı görən kimi öpdüm, bağrıma basdım, cibimə doldurub gətirdim. Amma Ağdama borclu qaldım. Demişdim, azad olunduğu gün dizin-dizin sürünəcəm, ancaq belə oldu ki, səhhətim imkan vermədi. Allahıma şükürlər olsun, ölmədən bu günü gördüm. Çox istəyərdim ki, mənim Ağdamda ev-muzeyim olsun”.

***

Arif Babayevin bəzi həmkarları ilə zamanında qalmaqalları da olub. Belə ki, vaxtilə Ağadadaş Ağayevin “Qarabağ muğam məktəbi yoxdur, sadəcə ləhcə var” sözlərini deməsinə Arif Babayev münasibət bildirərək deyir:

“Qarabağ muğamatın, musiqinin beşiyidir, bunu hamı bilir. Elə təkcə Üzeyir Hacıbəyli bəs edər. Ağadadaş səhv danışır, mən onu başa salaram. Buna görə heç kim narahat olmasın. Zaman-zaman bu məsələ müzakirə olunub, amma tarix tarix olaraq qalır.

***

Arif Babayevin ən yaddaqalan mübahisəsi həmkarı Xalq artisti Canəli Əkbərovla olub. Belə ki, illərdir davam edən Muğam müsabiqəsinin münsiflər heyətində olan hər iki xanəndə sonralar elə bu müsabiqəyə görə üz-göz olurlar. Canəli Əkbərovun müsabiqədən kənarlaşdırılması onların arasında gərginlik yaradır. Canəli Əkbərov Arif Babayev və müsabiqədə iştirak edən digər həmkarlarını tənqid edir. Ancaq ömrünün son günlərini yaşayan Canəli Əkbərovun barışıq təklifinə Arif müəllim müsbət qarşılıq verir. Həmkarının ölümündən sonra isə o, müsahibəsinin birində deyir:

“Son nəfəsdir axı. Ona görə Canəlini bağışladım. Əlbəttə, keçməli idi o inciklik. İnsanıq da. Hamı gedəcək bu yolu. O mənim xanəndə yoldaşım idi. Canəlinin bu sənətdə zəhməti olub. Aramızda olan xırda-para şeylər də keçdi. Allah ona rəhmət eləsin. Hər şeyi qoyuruq bir kənara, son mənzildə necə kinli olmaq olar?”.

Arif Babayev haqqında ölüm xəbərləri yayılan məşhurlardandır. Belə ki, ötən ilin noyabr ayında onun vəfat etməsi ilə bağlı mətbuatda xəbərlər yayılmışdı.

***

85 yaşlı Xalq artisti "Azərbaycan SSR əməkdar artisti", "Azərbaycan SSR xalq artisti", "Şöhrət" ordeni, "İstiqlal" ordeni, "Şərəf" ordeni ilə təltif olunub.

# 3726 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #