Üzeyir Hacıbəyovun tabutu başında ağı deyən xanəndəmiz

Üzeyir Hacıbəyovun tabutu başında ağı deyən xanəndəmiz
5 fevral 2024
# 16:00

Bu gün tanınmış xanəndə Yavər Kələntərlinin anım günüdür.

Kulis.az-ın məlumatına görə, o, 26 mart 1902-ci ildə Şamaxıda anadan olub.

***

Dünyaya gələn gündən 40 gün sonra Şamaxıda dəhşətli zəlzələ baş verir və Yavər bu fəlakət zamanı atasını itirir.

***

Onların nəslinə Şamaxıda “çavuşlar” deyiblər. Yavər xanımın babası Şirvanda qəsidə oxumaqda məşhur olub. O, Mustafa xanın qəsidəçisiymiş.

Gallery

Araşdırmalarda o da bildirilir ki, görkəmli şair Abbas Səhhət Yavər xanımın bibisi oğlu olub.

***


Onların nəslində hamı muğamı, musiqini sevirdi. Məlahətli səsi olan Yavərə isə "Qız uşağı oxumaz" deyib onun səhnə ilə bağlı ümidlərini qırırdılar. O, da kömür damına qaçar, orda ürəyi boşalınca oxuyardı. Şöhrətli xanəndə olduğu vaxtlarda onu müayinə edən həkim təəccüblənmişdi: "Səsinizdə qəribə ahəng var, elə bil, kömür şaxtasında işləmisiniz".

***

1916-cı ildə məktəbdə Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsəri tamaşaya qoyulanda, Yavər tamaşada Əsgər rolunu oynayıb.

***

Sevdiyi oğlanla yox ailəsinin seçdiyi Xudaverdi Kələntərli adlı müəllimlə ailə qurub. Bu izdivacdan Şahbaz adlı oğlu dünyaya gəlib.

Gallery

Yavəri qohumları sənətdən, səhnədən uzaq tutmaq üçün əllərindən gələni etmişdilər. Ancaq onun məlahətli səsi bir gün bəstəkar Üzeyir Hacıbəyovun diqqətini çəkir. Üzeyir bəylə Yavərin qardaşı Hacıbala Zamanov Qori Seminariyasında bir yerdə oxumuş, sonralar isə yaxın dost olmuşdular. Üzeyir bəy Hacıbalagilə tez-tez gələrdi. Elə onlarda "Leyli və Məcnun" operasının məşqinin aparıldığı vaxtlarda da Üzeyir bəy Yavərin oxumasını dinləmişdi. Üzeyir bəyin aləmində bu səs elə onun Leylisinin səsiydi. Bəstəkarın təklifi Yavərgilin ailəsində razılıqla qarşılanmadı. Amma ona etiraz da edə bilmədilər. Yavər 1922-ci ildə birillik musiqi kursunu bitirdi.

Üzeyir bəyin təklifi ilə Yavər Kələntərli məşhur xanəndələr Cabbar Qaryağdıoğlundan və Seyid Şuşinskidən dərs aldıqdan sonra 1937-ci ildə onu Mirzə Fətəli Axundov adına Opera və Balet Teatrına dəvət etdilər

***
Həyat yoldaşı Xudaverdi Kələntərli onun məşhurluğunu həzm edə bilmir. Münasibətləri gərginləşir. Hətta Yavər konsertə hazırlaşan gün Xudaverdi onu amansızcasına döyür, bədənində izlər buraxırdı. Yavər dəfələrlə səhnəyə bədənindəki qançır yerlərinin ağrısıyla çıxıb oxuyardı. O dövrdə Yavərin ailə münaqişəsi zəminində zorakılığa məruz qalması haqqında o dövrdə qəzetlərdə yazılar çıxır. Həyat yoldaşının əziyyətlərinə dözə bilməyən sənətkar nəhayət on səkkiz illik evlilik həyatına son qoyur.

***

Yeganə oğlu Şahbazı on yeddi yaşında ağır xəstəlikdən itirən Yavər Kələntərli teatrdan uzaqlaşmaq qərarı verir. Üzeyir bəyin təşəbbüsü ilə hər ay teatrdan maaş alsa da, səhnəyə qayıtmır. Bir gün Ü.Hacıbəyli Səməd Vurğun ilə ona baş çəkməyə gedirlər. Yavər xanım böyük bəstəkarın sözündən çıxmır. Beləliklə, o, yenidən opera səhnəsinə qayıdır.

***

Üzeyir Hacıbəyli vəfat edəndə Yavər Kələntərli onun tabutu başında ağı deyib. Yanıqlı bir səslə ucadan oxuyur və ağlayırmış. Başını yuxarı qaldırarkən yanında Azərbaycan SSR-in rəhbəri Mircəfər Bağırovu görür. Səsini qəflətən kəsir və nə edəcəyini bilmir. M.Bağırov dəsmalını çıxarır gözlərinin yaşını silə-silə “oxu, oxu, dayanma”, deyir.

Gallery

Böyük Vətən müharibəsi başlananda Yavər Kələntərli döyüş bölgələrinə gedər, hospitallarda yaralı döyüşçülərin qarşısında çıxış edərdi. Günlərin birində Mircəfər Bağırov Yavər Kələntərlinin səsini radioda eşidib qəzəblənir:
- Müharibədir. Onsuz da hər gün respublikaya cəbhədən qara xəbərlər gəlir. Bu cür ifalar xalqın dərdini daha da artırır. Kəsin bu bayquşun ulartısını, kəsin!!!
Məhz bundan sonra Yavər Kələntərlinin radioda çıxışına bir müddət icazə vermirlər.

***

Yavər Kələntərli 5 fevral 1979-cu ildə vəfat edib.

# 1113 dəfə oxunub

Müəllifin son yazıları

# # #