Üzeyir Hacıbəylinin məzarı ziyarət olundu

Üzeyir Hacıbəylinin məzarı ziyarət olundu
18 sentyabr 2023
# 13:20

Mədəniyyət tariximizin əlamətdar günündə - Milli Musiqi Günündə tədbirlər silsiləsi ənənəvi olaraq I Fəxri xiyabanda Üzeyir bəyin məzarının ziyarət olunması ilə başlanıb.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən verilən məlumata görə, mərasimdə mədəniyyət naziri Adil Kərimli, nazirliyin məsul əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Mədəniyyət naziri Adil Kərimli mərasimə toplaşanları Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 18 sentyabrın mədəniyyətimizin ən əlamətdar günlərindən biridir: “Bu gün dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günüdür. 18 sentyabr tarixi həmçinin böyük musiqi xadiminin şərəfinə ölkəmizdə Milli Musiqi Günü (“Üzeyir musiqi günü”) kimi qeyd olunur. Əlamətdar gün Üzeyir bəyin 110 illiyi münasibətilə Prezident Heydər Əliyevin 1995-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilib. Bununla bağlı ölkəmizdə hər il silsilə tədbirlər keçirilir, bəstəkarın mədəniyyətimiz qarşısında misilsiz xidmətləri yada salınır. Bu il də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18-28 tarixlərində Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Festival çərçivəsində müxtəlif tədbirlər keçiriləcək, bir sıra ölkələrdən ifaçı və kollektivlər çıxış edəcək. Musiqi bayramınız mübarək olsun”.

Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə dahi bəstəkarın ölməz irsindən söz açıb. Bildirib ki, nə qədər ki, Azərbaycan xalqı var, dahi bəstəkarın ölməz irsi hər zaman yaşayacaq.

Çıxışlardan sonra mərasim iştirakçıları I Fəxri xiyabanda uyuyan Azərbaycan musiqisinin korifeylərindən Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Niyazi və Müslüm Maqomayevin də məzarlarını ziyarət ediblər.

Mərasim iştirakçıları həmçinin Ümummilli lider, mədəniyyətimizin böyük hamisi Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də ehtiramla anaraq məzarları üzərinə tər çiçək dəstələri düzüblər.

Qeyd edək ki, 18 sentyabr adını Azərbaycanın musiqi mədəniyyəti salnaməsinə qızıl hərflərlə yazdırmış dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist, ictimai xadim Üzeyir Hacıbəylinin (1885-1948) anadan olmasının 138-ci ildönümüdür. Bu gün həm də böyük bəstəkarın şərəfinə ölkəmizdə Milli Musiqi Günüdür.

2009-cu ildən Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dahi bəstəkarın adı ilə şərəflənən ənənəvi beynəlxalq musiqi festivalı da keçirilir. Bu il adıçəkilən mötəbər musiqi şöləni artıq 15-ci dəfə gerçəkləşir.

Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub

# 919 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #