Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarında “Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir.
Kulis.az xəbər verir ki, region üzrə 587 nəfərin qeydiyyatdan keçdiyi müsabiqədə iştirakçılar rəssamlıq, xalq çalğı alətləri, rəqs, klassik simli alətlər, bədii qiraət, xor kimi 24 fərqli nominasiyada fərdi və kollektiv şəkildə yarışırlar.
Bundan əlavə festival çərçivəsində iştirakçıların müvafiq olaraq mədəniyyət müəssisələrinə ekskursiyası təşkil olunur, festivalın gənc nəslin musiqi və incəsənət zövqünün formalaşması, mədəni dəyərlərin aşılanması istiqamətində təsir imkanları ən yüksək səviyyədə dəyərləndirilir.
Qeyd edək ki, üç turdan ibarət olan Uşaq İncəsənət Festivalının I turunun iyun ayında yekunlaşması planlaşdırılır.