Uşaq İncəsənət Festivalına yekun vurulub, 408 nəfər qalib olub - Foto

Uşaq İncəsənət Festivalına yekun vurulub, 408 nəfər qalib olub - Foto
13 noyabr 2023
# 16:37

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, “BP Azerbaijan” şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalına yekun vurulub.

Kulis.az APA-ya istinadən xəbər verir ki, 22 nominasiyada (18 fərdi, 4 kollektiv) üç yaş qrupu (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) üzrə keçirilən festivala respublikanın bütün rayon və şəhərlərindən ümumilikdə 27 minədək müraciətdən 408 qalib seçilərək mükafatlandırılıb.

Peşəkar və həvəskar kateqoriyaları üzrə təşkil olunan festivalın birinci mərhələsi aprel-iyun, II mərhələsi iyul-avqust aylarını əhatə edib.

Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Xanlar Ağalarov çıxışı zamanı bildirib ki, Uşaq İncəsənət Festivalı uşaqlarımızda mədəniyyətin ayrı-ayrı sahələrinə maraq oyatmaq, yaradıcı fəaliyyətlərinə dəstək məqsədi daşıyıb.

"Onu deyə bilərəm ki, qarşıya qoyulmuş məqsədə nail ola bildik. Çünki layihəmiz ölkədə, sözün əsl mənasında, mədəniyyət festivalına çevrildi.

Xüsusi olaraq, vurğulamaq istəyirəm ki, incəsənət festivalı uşaqlarla yanaşı, regionlar üzrə mədəni müəssisələrin də fəallıq göstərməsinə, təcrübə toplamasına təkan verib. Təsadüfi deyil ki, ümumilikdə festivala 2500-dən çox mütəxəssis münsif kimi öz qatqısını verib".

Festivalın final mərhələsi isə 1-9 sentyabr tarixlərində Bakıda altı mədəniyyət müəssisəsində – M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası, Akademik Milli Dram Teatrı, Beynəlxalq Muğam Mərkəzi, Milli Xalça Muzeyi, Akademik Musiqili Teatr və Dövlət Uşaq Filarmoniyasında gerçəkləşib.

Festival çərçivəsində həmçinin mayın 5-də Zəngilan rayonunun Ağalı kəndində tədbir təşkil olunub.

İyulun 7-də Göygöl Milli Parkının ərazisində Gəncə-Daşkəsən RMİ-nin əhatə etdiyi Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonlarından 6 nominasiya (xalq çalğı alətləri, rəssamlıq, bədii qiraət, xanəndəlik sənəti, aşıq sənəti, solo milli rəqs) üzrə ikinci mərhələyə vəsiqə qazanan 60 nəfər uşaq üçün yay düşərgəsi təşkil edilib.

26-27 avqust tarixlərində Laçın şəhəri günü tədbirləri çərçivəsində Həkəri çayının sahilində, bulvar ərazisində festivalın yay düşərgəsi keçirilib.

# 788 dəfə oxunub

Müəllifin son yazıları

# # #