Unudulmağa üz tutmuş tarix... - Bakının ən hündür kəndindən reportaj

Unudulmağa üz tutmuş tarix... - Bakının ən hündür kəndindən reportaj
26 iyul 2024
# 12:00

Kulis.az Malik Atilayın Fatmayı kəndindən reportajını təqdim edir.

Binalar mismar kimi vurulub şəhərin sinəsinə. Boz asfalt, göydələnlər, bir ovuc kölgə, nəfəs dərəcək bir ağaclıq yoxdu. Maşınların belə istidən tövşədiyi havada Bakının ən hündür kəndinə üz tuturuq.

Kəndə yaxınlaşdıqca havanın sərinliyini və yay-qış bilmədən əsən Xəzrini tərdən bədəninə yapışmış köynəyində hiss edirsən. Zarafat deyil, Bakının ən hündür kəndindən danışıram sizə...

Dörd əsrdən çox yaşı olan, Bakının 32 kəndindən biri, bir çox tarixi hadisələrə ev sahibliyi etmiş, Qara Qarayev, Böyükağa Mirzəzadə, Şeyx Alıhüseyn, Cəlil Cavadov kimi adamların kəndi, dənizin bir nəfəsliyində, küləklərin fəth elədiyi o sakit kənd – Fatmayı...

Kəndə gələndə ilk baş çəkdiyimiz yer qəbiristanlıq, daha doğrusu, 1918-ci ildə Nuru paşanın başçılığı altında köməyə gəlmiş Qafqaz İslam ordusunun iki şəhidinin məzarı oldu. Bir çox Bakı kəndləri kimi, Fatmayı da o illərdə erməni quldurlarına qarşı döyüşmüş, kənd əhlindən çoxu şəhid olmuşdu. Babam atasından eşitmişdi ki, Səngərlikdə (Səngərüstü) silahsız kəndlilər əllərində yaba ilə düşməni gözləyirmiş. Qəbiristanlıqda kəndin ağsaqqallarından Siyavuş əmini gördük, görmüşkən də kəndin keçmişindən danışdıq bir az.

Siyavuş əmi deyir ki, vaxtı-zamanında bu kəndin ən çətinlik çəkdiyi məsələ su olub. Bu səbəbdən kənddə bir xeyli quyu qazılsa belə, quyulardan çıxan su turş olduğu üçün ancaq əkinə və heyvanlara yarayıb, kənd camaatı isə su üçün bağlara üz tutmalı olub. Hətta kənd içində belə bir deyim də var imiş ki, "filankəsin eşşəyi öldü". Həmin illərdə adamlar eşşəklə gedib bağlardan içməli su gətirirdilər, eşşəyi ölən adam isə su ehtiyaclarını qarşılaya bilməyəcək və bununla da hər şeyini itirmiş olacaqdı. Çətin vəziyyətə düşən adamlar üçün belə deyirlərmiş o vaxtlar...

Siyavuş əmi kəndin daha da dərində qalan tarixindən danışır sonra bizə, dediyinə görə, Səngərlik heç də 1918-ci ildə salınmayıb, ondan əvvəl də kənd camaatı burda kimlərəsə qarşı vuruşub. Düzü, hansı səbəblə salındığını dəqiqləşdirə bilməsəm belə, Səngərlikdə gəzərkən 1857-ci ilə aid quyunu gördükdən sonra bu tarixi açıq hava kompleksinin tarixinin daha keçmişə söykəndiyinə əmin oldum. Burda 100 il əvvəlki döyüşün ağırlığını hiss etməmək mümkün deyil.

Bir ovuc kəndli…

Başlarında Rəşidovlar və Qaçaq Əlizaman…

Saysız erməni qulduruna qarşı “ya ölüm, ya qalım” şüarıyla kəndlərini, evlərini, babalarının qəbirlərini, balalarının gələcəyini qorumağa çalışan bir ovuc kəndli…

Qafqaz İslam ordusu Fatmayıya çatana qədər üç gündən çox döyüş gedib, amma deyilənə görə, bir erməninin də ayağı kəndə dəyməyib.

Səngərlikdən bir az uzaqda kəndin ən mistik və sirli yerinə gedirik. Pirsərvan və ya Pirə Sərvan...

İndi uçuq-sökük töküntüdən başqa bir şey olmayan bu yer bir zamanlar karvansara, daha sonra isə kənd əhlinin inam yeri olub. Neçənci əsrə aid olduğu tam bilinməyən bu yer kənd ağsaqqallarının dediyinə görə, əvvəlcə kənddəki üç karvansaradan biri olub, daha sonra burda karvanlardan birinin sarvanı basdırılıb. Bəzi ehtimallara görə isə, Əhli-beytdən olan birinin məzarı var burda. Hər iki ehtimalla bura kənd camaatının inam yerinə çevrilib. Hətta o qədər ki, bir zamanlar quraqlıqdan kənd əziyyət çəkəndə burda əriştə bişirilib, yağış yağması üçün dualar edilərdi. İllər keçdikcə bu adət yaddan çıxıb, hətta günümüzə Pirsərvan pirinin ancaq qalıqları gəlib çata bilib.

İsabala əmidən kəndin adı barədə soruşanda belə dedi ki, qədimdən küləkli bir yer olan, bir neçə təpənin əhatəsində salınan bu kənd adını "fəth" və "meh" sözlərindən alır. Yəni küləklərin fəth etdiyi yer mənasında.

Böyükağa Mirzəzadənin məzarını ziyarət edirik.

Məsələn, yayda yarpaqların arasından görünən sarı-sarı əncirlər və ya o ağacın yarpaqlarında doğranıb, mahnı bəstələyən küləklər... Biri Böyükağa Mirzəzadəyə, biri Qara Qarayevə ilham verib haçansa...

Fatmayıdan, onun asi Xəzrisinin içindən keçib təzədən od-alov içində yanan Bakıya üz tuturuq, geridə isə kəndin sakit küçələri, unudulmağa üz tutmuş tarixi və küləkləri qalır...

# 2511 dəfə oxunub

Müəllifin son yazıları

# # #