Şuşada keçirilən TÜRKSOY-a üzv ölkələrin dövlət teatr rəhbərləri şurasının 9-cu toplantısının iştirakçılarının Şuşa şəhərinə gəzintisi təşkil edilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, iştirakçılar əvvəlcə Şuşa qalasını, "Xan qızı bulağını", "Molla Pənah Vaqifin məqbərəsini", "Cıdır düzünü" və bir sıra gəzib-görməli yerləri ziyarət ediblər.
Toplantı Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik yubileyləri münasibətilə gerçəkləşəcək.
Türk dünyasının tanınmış teatr mütəxəssisləri, səhnə xadimləri qardaş ölkələrdə bu sahənin inkişaf məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, sabah Bakıda Beynəlxalq TÜRKSOY Teatr Festivalının açılış mərasimi olacaq. Festival noyabrın 4-dək davam edəcək.