Türkmənçay müqaviləsinin bağlandığı şəhər - Araşdırma

Türkmənçay müqaviləsinin bağlandığı şəhər - Araşdırma
13 noyabr 2023
# 18:10

Kulis.az APA-ya istinadən “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin Miyana şəhəri barədə məqaləsini təqdim edir.

Miyana Şərqi Azərbaycan əyalətinin şəhərlərindən biridir. Şəhər əyalətin mərkəzi sayılan Təbrizdən 175 kilometr aralıdadır. Miyana şəhəri Miyana rayonunun (şəhristan) mərkəzində yerləşir və bu rayonda yerləşən Açaçı, Ağ Kənd, Türk (Tərk), Türkmənçay, Gərmə, Üç Təpə, Qızıl Özən, Kəndivan kimi daha kiçik şəhərlər və qəsəbələrlə əhatə olunub.

Bu adların içində Türkmənçay adı Azərbaycanımızın həm quzeyində, həm də güneyində daha çox diqqət çəkə bilər. 1828-ci ildə Azərbaycanın taleyini dəyişdirən və onu ikiyə bölən Türkmənçay müqaviləsi Miyana rayonunun Türkmənçay adlı qəsəbəsində bağlanıb. Bu acı müqavilənin bağlandığı tarixi bina bu gün yerlə bir olub. Amma həmin qəsəbədə bir küçənin Abbas Mirzənin şərəfinə adlandırılması diqqət çəkir.

(Türkmənçay müqaviləsinin bağlandığı yer. Hazırda bu binadan heç bir iz qalmayıb.)

2017-ci ilin siyahıyaalınmasına əsasən, Miyana rayonunun əhalisi 182 848 nəfərə bərabərdir. Şəhər əhalisinin böyük əksəriyyəti Azərbaycan türkcəsində danışır. Onların əksəriyyəti müsəlman şiələrdir, azlıq isə sünnidir.

Miyana adının kökü haqqında

Miyana şəhər şimaldan və cənubdan Bozquş və Qaflantı (Qaflanların yaşadığı yer) dağ silsilələri ilə əhatə olunub. Yaxud bölgədə axan çayların adlarına baxdığımızda (Qızıl Özən, Quru çay, Gərmə çay, Bulanlıq çay, Aydoğmuş çay, Türkmən çay, Acı çay və sair) türk adları ilə rastlaşırıq.

Miyana şəhərinin tarixi haqqında

Şəhərdə tapılan bəzi tarixi abidələrin, o cümlədən bir dağ keçisi heykəlinin yaşının 7 min il olduğu təxmin edilir. Lakin hərtərəfli tarixi araşdırmalar və arxeoloji qazıntılar aparılmadığından şəhərin qədim tarixindən danışmaq asan deyil. Şübhəsiz ki, bu şəhərin və onun yerləşdiyi bölgənin tarixi qonşu bölgələrin tarixindən ayrı deyil və orada qədim Urartu, Midiya və digər sivilizasiyalarla bağlı dəlillərə rast gəlmək olar.

Müsəlman səyyahlar və coğrafiyaçılar bu şəhəri ümumiyyətlə kiçik, lakin abad və məhsuldar şəhər kimi təqdim ediblər. Eyni baxışı daha sonrakı əsirlərdə qərbli səyyahlar və diplomatların yazılarında da görmək mümkündür.

Miyananın tarixi və görməli yerləri

Qız Körpüsü

Bu tarixi-bədii körpü Zəncan-Miyana marşrutu üzrə Qızıl Özən çayı üzərində tikilib. Körpünün tikilmə tarixi dəqiq məlum deyil. Arxeoloqlar tikilinin bünövrəsinin İslamdan əvvəlki dövrə aid olduğunu düşünürlər. Lakin abidə xüsusiyyətlərinə və memarlığına görə, 13-cü əsrə aid edilir. Ancaq, körpünün orta bünövrəsinə quraşdırılmış mərmər kitabəyə görə bu körpü XV əsrdə Səfəvilər dövründə təmir olunub.

Ürəyində Azərbaycanın keşməkeşli tarixini əks etdirən bu körpü tarix boyu bir neçə dəfə zədələndikdən sonra təmir olunaraq xalqın istifadəsi üçün yenilənib, o cümlədən Türk Qacarlar sülaləsinin banisi Ağa Məhəmməd xan Qacarın dövründə təmir edilib. Ancaq, 1946-cı ildə körpünün bağrına vurulan yara bir daha sağalmadı!

1946-cı ildə Tehran ordusu Azərbaycan Milli Hökumətini məhv etmək üçün hücuma keçən zaman fədai əsgərlər Tehran ordusunun irəliləməsinin yavaşlatmaq və Qaflantı dağlarında öz mövqelərini möhkəmləndirmək məqsədi ilə bu körpünü partlatmağa məcbur qalırlar. Hələ də Güney Azərbaycan türkləri Azərbaycan Milli Hökumətinin qurucu lideri Seyid Cəfər Pişəvərini bir milli mənəvi lider kimi yad edirlər. O, bir illik dövr Güney Azərbaycan türklərinin dilinin, tarixinin, mədəniyyətinin, varlığının dövlət səviyyəsində qorunduğu və yaşandığı bir il idi.

(Seyid Cəfər Pişəvəri, Azərbaycan Milli Hökumətinin qurucusu və Baş naziri)

Miyana xalqı da Güney Azərbaycanın bir çox bölgələrində yaşamaqda olan xalq kimi Azərbaycan Milli Hökumətinin quruluşunda və həyat sürməsində çox böyük rol oynamışdı. Beləliklə, Qız Körpüsünün bağrındakı bu dərin yara bütün Güney Azərbaycan türklərinin bağrındakı yaranı təmsil etməkdədir. Bu baxımdan bu dağılmış körpü Güney Azərbaycandakı körpülərin hamısından fərqli və hamısından daha funksional bir körpü sayılır. Bu körpü işlənilməz bir hala gəlmiş kimi görünsə də, Güney Azərbaycan türklərinin ruhuna işləyir! Tam da Araz çayının üzərindəki tarixi Xudafərin körpüsü kimi!

Qız Qalası

Qız Körpüsündən 2 km aralıda, dağın üstündə inşa edilmiş Qız Qalası strateji hərbi qala kimi kərpicdən tikilib. Bu qala üç hissədən ibarətdir, komanda qərargahı üçüncü mərtəbədə yerləşir. Çox güman ki, Qız qalası da Qız Körpüsü kimi 13-cü əsrdə tikilib. Bəzilərinə görə, qalanın bünövrəsi islamdan qabaq qoyulub. Bu qalanın hündür və keçilməz divarının ucalığı 3 metr olan iki girişi var və girişlərdən birinin üstündə daş kitabə quraşdırılıb. Lakin təbii hadisələr nəticəsində yaranan aşınmaya görə sözügedən yazı oxunmur.

(Qız Qalasının qorunması üçün heç bir tədbir görülməyib)

Qala elə tikilib ki, az qala üç tərəfdən təbii qayalarla əhatə olunub. Qalanın içində su anbarları, eləcə su quyuları var. Bu qala Şah Abbas Səfəvinin dövründə dağıdılıb ki, bunun səbəbi həmin dövrdə Azərbaycan türklərinin Səfəvilərin siyasətinə qarşı çıxması hesab olunur. Qeyd etmək lazımdır ki, Şah Abbas Səfəvinin başkəndi Azərbaycandan İsfahana köçürməsi, erməniləri, gürcüləri və farsları sarayda işə alaraq qızılbaş türkləri saraydan uzaqlaşdırması azərbaycanlıları çox acıqlandırmışdı.

Daş Qala

Zaman-zaman düşmənlərin hücumuna məruz qalan Azərbaycanımız qalalar yurdu sayılır. Şəhərlərimiz strateji yerləşmə baxımından daha çox əhəmiyyət kəsb etdiyi zaman qalaların sayı o ərazidə daha çox olub. Yuxarıda qeyd etdiyimiz kimi, Miyana şəhərinin yerləşdiyi bölgə keçilməz dağlarına və çaylarına görə Azərbaycanın strateji ərazilərindən biri hesab olunur. Məhz buna görə bu bölgədə tarixi qalaların da sayı çoxdur.

(Daş Qala)

Daş Qala da Qız Qalası kimi Qızıl Özən çayının vadisindən bir qədər aralıda yerləşir. Dərin dərələr və ətrafdakı iri qayalar bu tikilini alınmaz qalaya çevirib. Qalanın bütün ərazisi möhkəm qaya üzərində yerləşir və ona çatmağın yeganə yolu divarın kənarında qayalı bir hissəsinin oyulması ilə yaradılmış pilləkəndir.

Azərbaycanı öz bağrında yaşadan Miyana

Qeyd etdiyimiz kimi bu şəhər tarixən Azərbaycan şəhəri olub və şəhərin ətrafındakı yerlər, dağlar, çaylar, tikintilər, kəndlər və qəsəbələrin təxminən hamısının adı türkcə olub. Şəhərdə yaşayanlar məzhəb baxımından şiə və sünni olsalar da, onları birləşdirən amil Azərbaycan türkü olmalarıdır.

Bu gün Miyana xalqının bəlli bir kəsimi, özəlliklə də gəncləri azərbaycanlı bir türk olduqlarını unutmurlar. Bu gün Miyana gəncləri Güney Azərbaycan gəncliyinin bir parçası olaraq öz dilini, tarixini və mədəniyyətini qorumaq və yaşatmaq üçün çalışırlar. Əminliklə demək olar ki, Güney Azərbaycanın gənc nəsli bu torpağın son əsrlərdə ən oyaq və ən şüurlu nəslidir.

Miyanada Azərbaycan və türk ruhunu yaşadan sadəcə dil və kimlik məsələsi deyil, Azərbaycan türklərinə aid dəblərin və ənənələrin qorunub saxlanılmasıdır. Bu insanlar hələ də toylarında, yaslarında, xoş günlərində, kədərli günlərində, bayram dəblərində Azərbaycan türkü olduqlarını aydın şəkildə göstərirlər.

# 1126 dəfə oxunub

Müəllifin son yazıları

# # #