Türkiyədə qalib gələn romanımız nədən bəhs edir?

Türkiyədə qalib gələn romanımız  nədən bəhs edir?
26 yanvar 2022
# 13:20

Kulis.az Əminə İbrahimlinin “Melisa” (Sevinc Nuruqızı) haqqında düşüncələr...” yazısını təqdim edir.

Uşaq ədəbiyyatı yaradıcısı olmaq, uşaqlar üçün əsərlər yazmaq bütün zamanların ən aktual və ən məsuliyyətli məsələlərindən biridir. Qarşısına uşaq ədəbiyyatı yaratmaq məqsədi qoyan hər bir yazıçı ilk növbədə yazacağı əsərin yetişməkdə olan gənc nəslin düşüncəsinə, mənəviyyatına, dünyagörüşünün formalaşmasına böyük təsiri olacağını bilərək bu çətin, məsuliyyətli və şərəfli yola çıxmalıdır, çünki dünya uşaq ədəbiyyatı yaradıcıları uşaqlara yaşadığımız dünya, bizi əhatə edən ətraf aləm, həyat məsələləri, insan mənəviyyatı, xalqların tarixi, görkəmli şəxsiyyətlər və digər zəruri məlumatları verməklə yanaşı, onlara nəciblik, vicdanlılıq, xeyirxahlıq, ədalətlilik, qayğıkeşlik, məsuliyyətlilik və s. insani keyfiyyətləri məhz müxtəlif həyati, nağılvari, əfsanəvi, fantastik əhvalatlar və təbiət hadisələri fonunda aşılamağa çalışırlar. Həm də müasir uşaq yazıçısı müasir uşaqlara, onların arzu və istəklərinə, zövqlərinə, daxili tələbatına olduqca bələd olmalı və uşaqların zövqünə oxşayacaq, onların mənəvi aləmlərinə toxunmağa və uşaq mənəviyyatını aydınlatmağa, cilalamağa qadir olan əsərlər yaratmalıdır.

Sevindirici haldır ki, vaxtilə S. Ə. Şirvani, F. Köçərli, S. M. Qənizadə, M. Ə. Sabir, A. Səhhət, A. Şaiq, R. Əfəndiyev, S. S. Axundov və b. Azərbaycan uşaq ədəbiyyatının əsasını qoyan klassik sənətkarlarımızın başladıqları bu gözəl yaradıcılıq prosesinə öz layiqli töhfələrini verən gözəl yazarlarımız yetişməkdədir. Sovet dövründə ədəbiyyatımızın müqtədir yaradıcıları tərəfindən təmsil olunan bu qolunu müstəqillik illərində müəyyən zaman fasiləsindəki durğunluqdan sonra istedadlı yazıçılarımız davam və inkişaf etdirmək yoluna ciddiyyətlə qədəm qoymuşlar. Bu ciddi və məsuliyyətli yazıçılarımızdan biri də artıq imzası hər kəsə tanış olan Sevinc Nuruqızıdır. Azərbaycan uşaq ədəbiyyatına “Çərpələng”, “İpəkcənin macəraları”, “Bozqulaq və fəsillər”, “Paltar dolabında gizlənqaç”, “Tap tapmaca”, “Ağca və Cuppulu”, “Sürəyyanın izində”, “Melisa” və s. kimi bir çox məşhur uşaq əsərlərinin müəllifi olan istedadlı yazıçımız dəfələrlə respublikamızın və qardaş ölkələrin uşaq ədəbiyyatı müsabiqəsindəki fərqli ədəbi janrlar üzrə nominasiyalarda birinci yerlərə layiq görülmüş, əsərləri rus, ingilis, türk və koreya dillərinə tərcümə olunaraq həmin ölkələrdə çap olunmuşdur.

Sevinc Nuruqızının ölkəmizdə ilk dəfə işıq üzü görən “Melisa” kitabı Türkiyənin İLESAM-Akçağ Uşaq ədəbiyyatı roman, hekayə və nağıl – 2018 müsabiqəsində roman janrı üzrə birinci yerin qalibi olmuşdur. Çəhrayı saçlı sevimli gəlinciyin – Melisanın başına gələn müxtəlif macəralar vasitəsilə yazıçı uşaqları daha çox həyatın onların bilmədikləri tərəfləri, insanların yaxşı və pis cəhətləri ilə tanış edərək, onları gah kədərlənməyə, gah sevinməyə, gah kövrəlməyə, gah gülməyə vadar edir. Öz kiçik emalatxanasında nəğmə oxuya-oxuya Melisaya həyat verən qoca kuklaçı-qadının onun sinəsinə yerləşdirdiyi kiçik, “sərçə ürəyi boyda bir ürək” bu gəlinciyi digər bütün kuklalardan fərqləndirir. Dəcəl və rəhmsiz bir oğlan tərəfindən öz ilk sahibəsi Zöhrədən ayrı salınıb yağışda islanan, çəhrayı saçları palçığa bulaşan Melisanın yolu haralardan keçmir? Əvvəlcə Xal adlı balaca bir itin təkidlə ondan əl çəkməməsi üzündən onun təkəbbürlü, lovğa və qəddar xanımının evində yaşayır, sonra ondan heç cür ayrılmaq istəməyən Xaldan hiylə ilə Melisanı alıb zibil yeşiklərinə tolazlasalar da, gəlincik uçub daha uzağa düşür. O, bu dəfə ilk baxışda əsəbi, sərt xasiyyətli çəkməçi qocanın emalatxanasında üzərinə iynələri sancmaq üçün divara mıxladığı kuklaya dönür... Melisa burada əvvəlcə huşunu itirsə də, qocanın tütününün iyindən əziyyət çəksə də, özünü Xalın xanımının sarayındakı kimi bədbəxt hiss etmir, çünki o, qocanın çox gözəl ürəyə malik olduğunu başa düşür. Sonra Melisanı balaca bir oğlan “oğurlamalı” olur, bu oğlan oğurluğun çox pis şey olduğunu bilir, amma onun anası ağır xəstədir, xəstəlik üzündən itirdiyi, evini satsa belə xilas edə bilmədiyi kiçik qızının həsrətini çəkir və heç bir şey yemədiyi üçün gün-gündən zəifləyir. Mika Melisanın onun vəfat etmiş bacısına oxşadığı üçün anasını xoşbəxt edəcəyini düşünür və belə də olur. Mika və anasının vəfat etmiş qızlarının adı ilə “Aida” adlandırdıqları Melisa bir neçə ay burda – onların yaşadığı zirzəmidə qalır. Tez-tez Melisaya Qozbeldən danışan, ondan qorxduğunu etiraf edən Mika bir gün məhz Qozbel üzündən evə qayıtmır və onun baxımsız qalan anası ölür. Melisa bu qaranlıq və dəhşətli zirzəmidə tək qalıb bütün həyatını xatırlayır, sonra Mika Qozbellə birlikdə gəlib onu daha dəhşətli bir yerə - Qozbelin şəhər kənarındakı daxmasına aparır... Burda da Qozbelin əziyyət verib şikəst etdiyi uşaqların acı taleyi, Qozbelin özünün ölümü və s. hadisələrlə rastlaşan Melisa sanki uşaqlara həyatın hər üzünü, yaxşı və pis insanları göstərərək, onlara həyatda düzgün yol tutmağı öyrədir... Sonra tale Melisanı yenə sadə və xeyirxah bir ailəyə aparıb çıxarır, burada onu sevirlər, Melisa da Qozbelin köməkçisinin onun qoynunda saxladığı qızıllarla ailənin xəstələnmiş atasına yardımçı olur. Bu qədər macəralar yaşayan Melisanın evi bu dəfə Leyləyin yuvası olur, o burada hətta yaşamaq üçün yuvası belə olmayan Mikanı və onun dostlarını düşünür. Bir gün elektrik naqillərinin altında olan yuvasına uçan ata Leylək naqilə toxunub yerə düşür, ona kömək edən oğlanın ata-anası yuvanı təhlükəsiz yerə köçürmək üçün qaldırıcı kran gətirirlər və krandakı işçi yuvada olan Melisanı götürüb aşağıya endirir. Və roman gözəl bir sonluqla bitir: Melisanı xilas edən xanım artıq iki uşaq anası olan dostu Zöhrədir... Beləliklə də, əsər boyu Melisanın bir-birindən həyəcanlı macəralarını izləyən oxucunun fikrindən heç çıxmayan: “Görəsən, Melisa ilə Zöhrə bir də rastlaşacaqlarmı?” sualına yazıçının verdiyi gözəl cavabla balaca oxucular kitabı nikbin bir əhvalla başa vurmuş olurlar...

9 yaş və yuxarı yaşlar üçün nəzərdə tutulmuş bu kitabın dili olduqca şirin, süjeti mükəmməl, hadisələrin işıqlandırılması, bəzən dramatizmi, bəzən incə yumoru, müsbət və mənfi, hətta epizodik obrazların belə özünəməxsus detallarla əks etdirilərək tamamlanması, unudulmazlığı əsəri balacaların həvəslə oxumasına və sevməsinə səbəb olur. Bir oxucu və filoloq kimi mənim illərdən bəri gəldiyim qənaət budur ki, əsl mükəmməl uşaq əsəri o əsərdir ki, onu böyüklər də sevə-sevə oxuyur və daim təbəssümlə xatırlayırlar. İnanıram ki, Sevinc Nuruqızının “Melisa” nağıl-povesti də həm böyüklərin, həm də balacaların sevimli əsəri olmağa layiq bir kitabdır. Üstəlik “Təhsil” nəşriyyatı tərəfindən yüksək səviyyəli nəşrinə göstərilən böyük diqqət, gözəl dizayn və bir-birindən gözəl illüstrasiyalar da kitabın müasir sevilən uğurlu uşaq ədəbiyyatı nümunələrindən biri olmasını təmin edən əsas amillərdən biridir.

# 2531 dəfə oxunub

Müəllifin son yazıları

# # #