Ət yeməyin qadın haqlarına təsiri – Təbrizli yazar feminizmdən yazır

Ət yeməyin qadın haqlarına təsiri – Təbrizli yazar feminizmdən yazır
23 aprel 2020
# 18:30

Kulis.az təbrizli yazar Məhdiyə Ahəninin “Ət yemək, ata-arxalıq, feminizm və epidemiya” essesini təqdim edir.

Normalara qarşı çıxmaq anarxizmin əsaslarından sayılsa da, demokratiya bütün mədəni siyasətlərə yol tapıb. Bu, o deməkdir ki, bərabərlik təbəqələşmənin yaranmağına qarşı durmaqla baş verər. Məsələn, qadın hüququna çalışanlar ata-arxalığı (patriarxallıq - red.), deməli cinsiyyətdən asılı bir güc olaraq, tənqid edib onu pozmağa çalışırlar. Bu üzdən bütün ayrı-seçkiliklərə qarşi durmağın əsası zorakılığa qarşı durmaqdan yaranır. Əsasında ayrı-seçkiliklərə YOX demək məntiqi dayanır.

Ekoloji mövzular bu gün həyatımızın ciddi məsələlərindəndir. Bunun lap başda duranı da yerin iqlim dəyişikliyidir.

Sallaqxanalardan buraxılan karbon qazı, bildiyimiz kimi, yer üzündəki fabriklərin buraxdığından yuxarıdır. İnternetdə atmosfer haqqında yazıları araşdırdıqda bunun səbəblərini rahatca öyrənə bilərik. Yer üzü çoxlu taxıl və soya ilə əkilir. Bunun səbəbi də mal-heyvanların yeməyini təmin etmək niyyəti ilə olur. Demək, söhbət həmin sallaqxanalarda kəsilib, əti insanların boşqabında gələn heyvanlardan gedir. Bu üzdən vegetarianların “Barış sənin boşqabından başlayır” sözü yersiz görünmür. Amma bu mövzunun qadın məsələsi ilə bağlılığı nədir ki? Yoxsa, bağlılığı yoxdur?

Vircinia Vulf “Özünə aid bir otaq” əsərində qonaqlıqlarındakı kəklik kabablarının ləzzətindən danışır. O, məşhur feminist olaraq nədən bu mövzuya diqqət etməyib, heyvan ətinin yeməyini ləzzətlə vəsf edir?

Piter Sinqer - tanınmış əxlaq və heyvansevər filosof 50 il qabaq “Heyvanların azadlığı” kitabını yazanda, ət yeməyinə qarşı çıxması qlobal bomba kimi səs saldı. O, bu kitabda heyvanların nə vəziyyətdə işgəncə altda olduqlarından yazıb süfrələrimizdə yer alan yeməkləri o cinayətin bir izi kimi üzümüzə çırpır.

The Genius Interview: Columnist Michael Brooks talks with Peter Singer

Sinqerə görə heyvanlar bizim canlı oyuncaqlarımızdır. Onları kəsib, qırxıb, sağıb, arabaya qoşub, başlarına yüz oyun gətiririk. İnsan mədəniyyət sahibi olduqca özünü təkcə üstün varlıq kimi bilmək düşüncəsinə malik olur.

Müasir insanın köləliyə qarşı durduğu zamandan bəri, onun aradan qaldırmasına qədər, qırx ilə yaxın zaman sürübdür. İnsan tarixi bütün heyvanlar və başqa növ insanlara qarşı cinayətlərlə doludur. İrqçilik hələ də beyinlərdə həyat sürən mövzudur. Bu tarix bizim “üstün” növ deyil, cani bir növ olduğumuzu üzə çəkir. Ona görə, Sinqer kimilər belə düşünürlər ki, yer üzündə çoxlu taxıl məhsulları əkib, heyvan becərmə atmosfer dəyişikliyinə səbəb olur. Nəticədə, misal üçün, su qıtlığı yaranır və insanlar su olan yerlərə köçmək məcburiyyətində qalırlar.

Statistikaya görə, yer üzündə qadınlarla uşaqlar orta hesabla günün 4 saatını su axtarmağa sərf edir. 500 minə yaxın uşaq çirkli su içməkdən dolayı ölür. Su problemi qadınlara və qız uşaqlarına daha çox təsir edir. UNİCEF-in hesablamasına görə, qadınlar və qız uşaqları gündə su daşımağa 200 milyon saat sərf edirlər.

İllərdir Güney Azərbaycanda kəndlərdən şəhərlərə sel kimi köçənlər var. Bu köç son iyirmi ildə daha da artıb. Bunun da səbəbi quraqlıqdır. Boşalmış kəndlərin hamısı quraqlıq üzündən əkinçilik imkanını əldən verib, sağ qalmaq naminə köçmək məcburiyyətində qalıblar.

Carol J. Adams - Wikipedia

Amerikalı heyvansevər və feminist Carol J. Adams “Ət pornoqrafiyası” kitabında ata-arxalıq dəyərləri ilə ət yeməyin əlaqəsini açıqlayıb. O, yazır ki, hər zaman ət yeyənin vicdanını heyvandan və heyvana olan zorakılıqdan uzaq saxlamağa çalışıblar. Bu, o deməkdir ki, insanı heyvandan, heyvanı ətdən ayırıb, aralarında sərhəd qoyublar. Ət yeyən unudub ki, boşqabındaki ət heyvan zorakılığı ilə ələ gəlib. Bunu bilsə də, adını zorakılıq qoymayıb.

Ata-arxalıq qadınlarla heyvanları rəsmiyyətdə tanımayıb. Qadınların sistemli ayrı-seçkiliyə qarşı olmaları həmin məntiqlə heyvanların aşağılanma düşüncəsini də qarşı durub. Bu üzdən, vegetarianlıq ya veganlıq görünməz şəkildə ata-arxalığın kökünü oyur. Demək, qadın ata-arxa sistemə tarix boyu cinsi obyekt olursa, heyvan ilə onun əti hələ də ata-arxalığa obyektdir.

Zalım, hər kəsi əşya-obyekt kimi görüb, onu məsrəf etməyi düşünər. Bu obyektin-heyvanın bir zamanlar diriliyi, ondan diqqətə çatdırılır. Bir yandan ət sənayesi vegan həyatını zəhmətli, çətin və sevincsiz bir yaşayış kimi göstərməyə çalışır. “Bəlkə, bitkinin də canı var” kimi bəhanələri buraxmalıyıq; bitkilərdə sinir sistemi, ağrı duyğusu yoxdur.

Nəhayət Adams feministlərlə vegetarianların həyat tərzini eyniləşdirmək üçün, onların diqqətini əşya olmaq prosəsinə cəlb edir. Yəni, ən azı, məsrəf etmək və əşya kimi baxmaq məsələsinə diqqətlə yanaşmağı istəyir.

İnsan, tarix boyu bugünkü qədər vəhşi həyata yaxın olmayıb. Yeri, göyü, çölü, suyu alt-üst etməyib. Bu gün okeanları açıqca “plast-okean” adlandırırlar. Özünü üstün bilən insanın acgözlüyü, sərhəd tanımamaqla təcavüzlərə səbəb olub.

Ata-arxalığın ən bəlli xüsusiyyətlərindən, hörmət tanımamaq ilə intruziya etməkdir. O, heç nəyə rəhm etməyib, özünü üstün bilərək, özündən gücsüz olan canlı varlığa sahib çıxmağı haqq bilir. Buna görə, bəzən insanlar, heyvanların alışmış mərəzlərinə məruz qalıb xəstələnirlər.

Dediyimiz fantaziya və ya etika mövzuları deyil, başımıza gələn fərqli-fərqli və elə bugünkü epidemiya mərəzləridir.

Koronavirusun yayılma səbəbi, böyük ehtimalla, vəhşi heyvanların ət bazarında ümumi satışından, ya da laboratoriyalarda heyvanların üstündə işlənən bioloji testlərdən qaynaqlandığı zənn edilir. Yaxın keçmişdə fərqli anfulanzalar kimi çoxlu insanları qıran xəstəliklər heyvanlardan, əslində onların ətini yemək həvəsindən yoluxmuşdu.

“Güclü haqlıdır” fəlsəfəsini hər zaman təzədən düşünməliyik. Bu fəlsəfənin iyrəncliyi, cinsiyyət və ya müstəvilərə gələndə, nə qədər qınansa da, ət sənayesində də bir o qədər qınanmalıdır.

Ata-arxalığın vəhşi acgözlüyünə, hörmətsiz yanaşmasına, digər canlılara obyekt kimi baxmasına və öz həzzi üçün uydurduğu etik-əxlaqi dəyərlərə son qoymalıyıq.

# 3057 dəfə oxunub

Müəllifin son yazıları

# # #