18 sentyabr – Milli Musiqi Günü görkəmli bəstəkar, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim, Azərbaycan opera sənətinin banisi Üzeyir Hacıbəylinin doğum günü münasibətilə Şuşada qeyd edilib.
APA-nın Qarabağ bürosu xəbər verir ki, əvvəlcə Üzeyir Hacıbəylinin Şuşadakı güllələnmiş büstünün və Tut bağında yerləşən heykəlinin önünə gül dəstələri və çələnglər qoyulub, bəstəkarın xatirəsi yad edilib.
Daha sonra Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin ev-muzeyində tədbir keçirilib.
Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Milli Məclisin deputatı Polad Bülbüloğlu, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov, şəhərdə fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, Qarabağ Universitetinin nümayəndələri, Xüsusi Nümayəndəliyin və Qoruq İdarəsinin əməkdaşları, həmçinin şəhər sakinləri iştirak ediblər.
Tədbir çərçivəsində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub. Şuşanın istedadlı gəncləri Ləman Təhməzzadə, Emin Məmmədli, Sədaqət Məmmədova və Məcid Məmmədovun ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.