“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi

“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
12 may 2023
# 17:20

Mayın 12-də Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar “Qarabağ” otelinin qarşısında təşkil olunmuş “Kulinariya və sənətkarlıq” guşəsi ilə tanış olublar.

Tədbirdə mədəniyyət naziri Adil Kərimli çıxış edərək bu il Azərbaycan və Türk dünyası üçün mühüm tarixi hadisələrlə zəngin olduğunu bildirib. Nazir söyləyib ki, müstəqil Azərbaycanın qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri, Türk dünyasının əvəzsiz liderlərindən biri olan Heydər Əliyevin 100 illik yubileyi geniş təntənə ilə qeyd olunur və bununla əlaqədar 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilmiş, Türkiyə Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un yaradılmasının 30 illik yubileyi Türk dünyasında böyük təntənə ilə qeyd olunur.

Nazir vurğulayıb ki, bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.

Adil Kərimli qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir, mədəni irsimizin bərpası istiqamətində geniş işlər həyata keçirilir.

Onun sözlərinə görə, oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur: “Şuşa ötən əsrlərdə mədəniyyətimizdə, klassik musiqimizdə bir sıra yenilikləri ilə tarixə düşdü. Əminəm ki, Şuşada baş tutacaq Birinci Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq, bizim ən güclü ortaq platformalarımızdan birinə çevriləcək”.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qala-şəhərdə hər kəsi görməkdən məmnun olduğunu söyləyib: “Türk dünyasının mədəniyyət paytaxtı” ilində hər birinizi salamlayıram. Bu il Azərbaycan və Türk dünyası üçün əlamətdar hadisələrlə zəngin olub. Ölkəmizdə bu il Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi təntənəli şəkildə qeyd olunur. 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan olunub. Bu çərçivədə ölkəmizin hər yerində olduğu kimi Şuşa şəhərində də çoxsaylı tədbirlər keçirilib”.

Aydın Kərimov deyib ki, Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması Türk dünyası tərəfindən bu şəhərə olan böyük ehtiramın ifadəsidir: “Şuşa azərbaycanlılar üçün olduğu kimi, Türk dünyası üçün də böyük əhəmiyyət daşıyır. Bu tədbir də bir daha bunu sübut edir. Şuşamız bundan sonra da möhtəşəm və yaddaqalan neçə-neçə tədbirə ev sahibliyi edəcək.

Tədbirdə çıxış edən TÜRKSOY-un Baş katibi Sultan Raev deyib ki, bu torpaqlar bizim üçün sənətin, musiqinin beşiyidir. Şuşa Xurşidbanu Natəvan, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli və neçə-neçə söz, sənət xiridarının vətənidir: Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunduğuna görə Zəfərin, rifahın və şənliyin çox yaraşdığı bu şəhərdə bir-birindən zəngin, yaddaqalan və rezonans doğuracaq proqramlarımız olacaq. Şuşa şəhəri 2023-cü il üçün TÜRKSOY Daimi Şurasının qərarı ilə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edildikdən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, Nazirlər Kabinetinin Tədbirlər Planına uyğun olaraq Azərbaycan Mədəniyyət Nazirliyi ilə birgə fəaliyyət planı hazırlanıb”.

Sultan Raev TÜRKSOY-un “Qorqud Ata” Türk dünyası III film festivalının da açılışının Şuşada olacağını bildirib. O, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin bağlanış mərasiminin isə noyabr ayına planlandığını deyib: “Bağlanış tədbirində 2024-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” estafeti Türkmənistanın Anev şəhərinə veriləcək”.

Baş katib əlavə edib ki, Şuşada keçirilməsi nəzərdə tutulan proqram “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi üzrə indiyədək keçirilmiş tədbirlərdən daha yaddaqalan olacaq: “Çünki bu əzəmətli şəhər təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının mənəviyyat mərkəzi, qürur yeridir. Fikrimcə, Şuşa Azərbaycanın ürəyidir. Bu il həm də TÜRKSOY-un 30 illiyidir. TÜRKSOY-un yaşı qədər işğal altında qalan, barbarlıqla dağıdılan, hazırda azadlığına qovuşan bu tarixi şəhəri biz fürsətdən istifadə edib həm Türk dünyasına, həm də bütün dünyaya mədəniyyətin, incəsənətin, musiqinin beşiyi kimi tanıtmaq niyyətindəyik”.

Şuşa “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətilə bütün iştirakçıları təbrik edən Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev bildirib ki, son illər həyata keçirilən müstəqil, ardıcıl və qətiyyətli siyasət nəticəsində Azərbaycan Respublikası dünya ölkələri arasında nüfuzunu daha da möhkəmlənib və regionun aparıcı dövlətlərindən birinə çevrilib.

Xüsusilə vurğulayıb ki, 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsi nəinki Azərbaycan, bütövlükdə Türk dövlətləri və xalqları üçün qürur mənbəyinə çevrilib, eyni zamanda, Türk birliyinin daha da güclənməsinə təkan verib.

O, “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşada bir-birindən maraqlı tədbirlərin keçiriləcəyinə əminliyini ifadə edib və bütün türkdilli xalların yaradıcı simalarını bu tədbirlərdə yaxından iştiraka çağırıb.

Şuşanın Azərbaycanın tacı olduğunu söyləyən Xalq artisti Polad Bülbüloğlu qala-şəhəri həm də Azərbaycanın nəğmə deyən ürəyi adlandırıb. Bu günlərdə Şuşada təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının əhəmiyyətindən danışan Xalq artisti deyib ki, bu musiqi bayramı qardaş türk xalqlarını bir araya gətirib, onları bir-birinə daha da yaxınlaşdırıb.

Ötən 30 ildə TÜRKSOY-un keçdiyi tarixi yola nəzər salan Polad Bülbüloğlu Ulu Öndər Heydər Əliyevin bu təşkilatın inkişafına verdiyi dəstəyi xüsusi qeyd edib. TÜRKSOY-un türk xalqlarının mədəni irsinin yaşadılması və təbliği istiqamətində gördüyü işləri yüksək qiymətləndirən Azərbaycanın Xalq artisti “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin açılış münasibətilə hər kəsi təbrik edib.

Tədbirdə TÜRSOY-un Baş katibi Sultan Raev Adil Kərimliyə, Aydın Kərimova, Polad Bülbüloğluna və Kubanıçbek Ömüralıyevə təşkilat adından xatirə hədiyyələri təqdim edib.

Azərbaycan Yazıçılar Birliyinin sərdi, Xalq yazıçısı Anar deyib ki, bu gün çox şadıq ki, azad olunmuş Şuşada qardaş türk xalqlarının nümayəndələri iştirak edirlər. Türk xalalarının yaxınlaşmasında, mədəni birliyində ən böyük rol oynayan təşkilatlardan biri- TÜRKSO-dur. Azərbaycan Yazıçılar Birliyi görkəmli şairimiz Bəxtiyar Vahabzadə adına diplom təsis edib. Bu diplom türk xalqları arasında qardaşlılığı, əlaqələri genişləndirən şəxslərə verilir. Bu il birliyin qərarı ilə bu mükafat TÜRKSOY-un Baş katibi Sultan Raevə veriləcək.

Xalq yazıçısı Anar mükafatı Sultan Raevə təqdim edib.

Sonra qonaqlar Türk dünyası ölkələrindən gəlmiş musiqi və folklor kollektivlərinin təqdim etdiyi konsert proqramını izləyiblər.

Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində TÜRKSOY üzv ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə qədim muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.

Xatırladaq ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olublar. Şuşa Türk dünyasından bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.

# 1095 dəfə oxunub

Müəllifin son yazıları

# # #