Sosial işçi psixoloqdurmu?! - İlahə Ümidli

Sosial işçi psixoloqdurmu?! - İlahə Ümidli
26 avqust 2024
# 13:16

Kulis.az İlahə Ümidlinin "Sosial işçi psixoloqdurmu?!" adlı yazısını təqdim edir.

Allan Edvard Barski “Sosial işdə etik prinsiplər və dəyərlər”

Allan Edvard Barski Florida Atlantik Universitetində “Sandler Sosial İş Məktəbi”nin professordur. O, Milli Sosial İşçilər Assosiasiyasının Milli Etika Komitəsinin keçmiş sədri və Ontario Ailə Vasitəçiliyi Assosiasiyasının keçmiş prezidentidir.

Dr. Barski 2015-ci ildə NASW-nin "Etikada Mükəmməllik Mükafatı"na layiq görülüb və sosial iş təcrübəsi nəzəriyyəsi sahəsində bir neçə kitabın müəllifidir. O, həm də əla və innovativ bir müəllimdir, çünki kitabın minnətdarlıq hissəsində zəkalı və enerjili tələbləri haqqında belə qeyd edir: “onlar bu, kitabın yazılması üçün öyrətdiyim qədər öyrənməyə yardım etdilər”.

Barski, "Sosial işdə etik prinsiplər və dəyərlər" kitabını sosial iş peşəsinin təməl etik prinsiplərini və dəyərlərini anlamaq, sosial iş sahəsində çalışanların etik qərar vermə proseslərini daha yaxşı başa düşmələrinə və peşəkar etika standartlarına uyğun hərəkət etmələrinə kömək etmək məqsədi ilə yazıb. Kitab həmçinin peşəkar etikaya bələdçilik etmək, sosial işdə etik standartların təbliği və etik düşüncənin təşviqi, etik qərarvermə bacarıqlarını inkişaf etdirmək və peşəkar etikanın təkmilləşdirilməsi məqsədi daşıyır.

Barski, kitabda sosial işçilərin qarşılaşdığı kompleks və çoxşaxəli etik dilemmlərin həllinə dair yanaşmalar və təlimatlar verir. O, həmçinin sosial iş sahəsindəki etik standartların və peşə dəyərlərinin əhəmiyyətini vurğulamaq istəyir. Sosial ədalət, insan haqları, dürüstlük, məxfilik və hörmət kimi əsas dəyərlərin sosial işdə necə tətbiq olunmasını izah edir.

Kitabın əsas missiyası sosial işçilər arasında etik düşüncəni təşviq etməkdir. Barski, sosial işçilərin etik prinsiplərə uyğun hərəkət etmələrinin həm xidmət etdikləri fərdlər, həm də cəmiyyət üçün nə qədər vacib olduğunu vurğulayır. Bu, həm peşəkar inkişaf, həm də sosial ədalət üçün vacibdir, – deyə o, qeyd edir.

Sosial işçilərin etik qərarvermə bacarıqlarını inkişaf etdirmələri üçün kitabda müxtəlif case study-lər, nümunələr və qərarvermə modelləri təqdim edilir ki, bu da sosial işçilərin real həyatda qarşılaşa biləcəkləri etik dilemmləri daha uğurlu şəkildə həll etmələrinə yardımçı olur.

Kitab II hissədən – “Dəyər və etik prinsiplərin əsasları” və “Əsas dəyərlər və etik prinsiplər” – ibarətdir. Hər hissə özündə bir neçə yarımbölmələri ehtiva edir. Barskinin bu dərsliyinin dili aydın və anlaşıqlıdır, bu üstünlük isə kitabı müxtəlif səviyyələrə malik oxucular üçün əlçatan edir. Əhatəli və sistemli yanaşma, real həyat nümunələri və case study-lər, praktik tətbiq, müxtəlif perspektivlər və yanaşmalar, aktual və müasir mövzular, aydın və anlaşıqlı dil kitabın faydasını artırır və oxuculara etik məsələləri daha yaxşı başa düşməyə və tətbiq etməyə kömək edir.

Bu kitabın dərslik kimi, güclü tərəfləri çox olsa da, bəzi zəif cəhətləri də mövcuddur ki, bu da fərqli coğrafiyaların oxucuları üçün daha az effektiv ola bilər. Mədəni kontekstin azlığı fərqli coğrafi bölgələrdəki sosial iş təcrübələri barədə az məlumat verə bilər. Müəllif özü də qeyd edir ki, kitab yalnız ABŞ kontekstindən yazılıb, bu da beynəlxalq oxucular üçün məhdud bir perspektivdir.

Hərtərəfəli tədris planına kompleks yanaşma sərgiləyən Barskinin kitabdakı müəllif mövqeyini obyektiv hesab edirəm, çünki o, sosial işdəki etik prinsiplərə və dəyərlərə balanslı bir yanaşma təqdim edir. Ümumilikdə, müəllif obyektivliyini qorumağa və oxuculara etik məsələlərə hərtərəfli bir baxış təqdim etməyə çalışıb ki, bu da müəllifi dəyərli hesab etməyə imkan verə bilər.

Kitab, xüsusilə sosial işçilər, tələbələr, təlimatçılar, tədqiqatçılar, qeyri-hökumət təşkilatlarının işçiləri və digər peşəkarlar üçün nəzərdə tutulub. Kitab, etik məsələlərin daha yaxşı anlaşılması və müxtəlif peşə sahələrində etik qərarların effektiv şəkildə qəbul edilməsi üçün faydalıdır. Kitabın təqdim etdiyi nəzəri biliklər, praktiki nümunələr və etik problemlərin təhlili sosial işçilərin və tələbələrin etik məsələləri daha yaxşı anlamalarına, tədqiqatlarını inkişaf etdirmələrinə və peşəkar inkişaflarını davam etdirmələrinə kömək edir.

Mənim fikrimcə isə bu kitabı hər kəs oxumalıdır ən azı ona görə ki, öyrənək görək peşəkar və şəxsi etika bizdən nələri tələb edir?

İlk dəfə 2019-cu ildə “Oxford University Press” nəşriyyatı tərəfindən “Ethics and Values in Social Work” adı ilə nəşr olunan bu, kitabın orijinaldan tərcüməsi Azərbaycan oxucusu üçün BP-nin ölkədə təhsilin inkişafına verdiyi dəstəyin bir hissəsi, eyni zamanda TEAS Press Nəşriyyat evinin böyük zəhmətinin nəticəsidir.

Və kitab Azərbaycan konteksti üçün böyük bir sualı yaradır: sosial işçi psixoloqdurmu?!

Sosial işçi psixoloq deyil, lakin sosial işçilər də psixoloji və emosional dəstək göstərə bilərlər. Onlar sosial problemləri həll edir və fərdlərə sosial xidmətlər vasitəsilə dəstək olur, psixoloqlar isə daha çox zehni və emosional müalicəyə fokuslanırlar. Hər iki peşə sahəsi də fərdlərin rifahını artırmağa yönəlikdir, amma müxtəlif təhsil və peşəkar yanaşmalarına görə onlar tamamilə fərqli sahələrdir. Və unutmamaq lazımdır ki, psixologiyanın “Ədalət” anlayışı sosial işin “Sosial ədalət” anlayışından əhəmiyyətli dərəcədə fərqlənir.

Bir neçə sətirlər olduğu kimi:


– Dəyərlər insanın uyğun olmağa çalışdığı, üstün tutduğu möhkəmlənmiş yönümlər və ya idelallardır.

– Dəyərlər şəxsin “Nə yaxşıdır?” sualına cavabını müəyyən etdiyi halda, etik prinsiplər “Nə düzgündür?” sualının cavabını müəyyən edir.

– Əxlaq hansı davranış növlərinin doğru və yanlış olduğu haqda birinci dərəcəli mühakimədir.

– İnanc konkret hadisənin dərk olunmasıdır.

– Əqidə ciddi riayət olunan inancdır.

– Hisslər reaksiyadır, o, dəyərlər və inanclarla qarşılıqlı təsirdədir.

# 526 dəfə oxunub

Müəllifin son yazıları

# # #