Son şans - Anar Şamilin hekayəsi

Son şans - Anar Şamilin hekayəsi
8 iyun 2023
# 16:00

Kulis.az Anar Şamilin "Son şans" hekayəsini təqdim edir.

Hər addımda qatı duman geri çəkilir və qarşımdakı yol daha da aydın görünürdü. Bir müddət sonra dayanmalı oldum. Yolun bu hissəsində nə mən irəli gedirdim, nə də ki duman geri çəkilirdi.Torpağın üzərinə qoyulmuş baş daşında yazılanları oxumağa çalışdım. Oxuduqlarım təəccübümə və bir az da qorxuma səbəb olmuşdu. Qəbirdə yatanın özünü görməsəm də, adını çox eşitmişdim. Anam mənə hamilə ikən işləmək üçün xaricə gedən və geri qayıtmayan atamın qəbri idi. İtkin düşmüşdü, deyilənə görə. Birdən qəbrin içindən başı qırxılmış, orta yaşlı, üzü saqqalsız, lakin bığlı üç kişi çıxdı. Hər üçünün əlində vedrə vardı. İki vedrədə ağ rəngli maye, digərində su vardı. Onlar mənə yaxınlaşandan sonra əlindəkiləri mənə uzatdılar. Mən isə onlardan birini götürdüm və geri qayıtmağa başladım. Arxamca vedrədəki suyun atıldığını eşitdim. Bax belə, o anda isə artıq yuxudan oyanmışdım.

Güzgünün qarşısında dayanıb yuxusuzluqdan qızarmış gözlərinə baxaraq krantdan axan suya yuxusunu danışırdı. Yuxunun nə məna daşıdığını anlamırdı, lakin suya danışdıqda baş verə biləcək pis hadisələrin Xəzərin dibinə çökəcəyinə inanırdı. Dağınıq saçları, üzündə isə qarışqa ayağı tük var idi. Əlləri ilə saçını daradı. Daraqdan istifadə etməyi xoşlamazdı. Tütünün tüstüsündən saralmış dırnaqlar ağlı-qaralı tüklərin arasından süzülürdü. Alnındakı çapıq yenə qanamışdı. Bu gecə də onun üçün çox ağır keçmişdi. Əvvəllər bu hal ayda bir dəfə olurdusa, indi artıq həftə ərzində bir neçə dəfə baş verirdi. Bu üzdən çarpayının tinindən qalan iz sağalmaq bilmirdi. Əl-üzünü yuyub yemək masasına əyləşdi. Masa arxasında yoldaşı Elin əyləşərək onun üçün çayı qarışdırırdı.

— Balacalar oyanmayıb hələ ?

— Neynirsən sən?

— Necə yəni?! Oyansalar, onlarla biraz oynayıb sonra işə gedərdim.

— Guya onları elə çox istəyirsən? Məncə, sən onları heç düşünmürsən.

— Nə danışırsan? İkisi də mənim ürəyimdi. Səhər tezdən əhvalımı korlama. Nə olub sənə? Bəlkə Zərdüştlə Səhranı oyadasan

— Sən həkimə nə vaxt gedəsisən. Nə qədər başını çarpayının tininə sıxıb yuxuya gedəcəksən? Nə qədər ağzını əlinlə tutacaqsan ki, ağrıdan iniltilərini kimsə eşitməsin? Nə qədər davam edəcək (qaşıq artıq şirin suyu tərk edərək masanın bir kənarından onları izləyirdi)

Ürəkdən birbaşa dilin ucuna gələn sonrakı cümlələr artıq düşünmədən deyilirdi. O üzdən acı, həqiqət və göz yaşları ilə müşayiət olunurdu.

— Sən ancaq özünü düşünürsən. Zərrə qədər də bizi düşünmürsən. Zərdüştü və Səhranı sevən hər şeydən əvvəl öz sağlığını düşünər . Çünki onlara da mənə də sən lazımsan, qazancın yox.

Səryar şirinçayla yeməyə çalışdığı yavan çörəyi masaya qoyaraq Elinə yaxınlaşdı. Əlini ovucunun içinə götürərək: (Sanki səhər jaləsi otun üzərindən çatlamış torpağa düşürdü.)

— Siz mənə məndən dəyərlisiniz. Bunu bilirsən. Mən sizinlə yaşayıram. Uşaqların gülüşü, sənin xoşbəxtliyin məni ayaq üstə saxlayır. Həyatımın tək qayəsi ailəmi xoşbəxt yaşada bilməkdir.

— Onda bu gün həkimə get. Xahiş eləyirəm, yoxlat özünü. Bu gün özümü xoşbəxt hiss etməyimə səbəb ol. Mən bilim ki, sən öz sağlamlığının qeydinə qalırsan.

— Yaxşı, onda dur gözlərini sil, pencəyimi gətir.

— Yemək yemədin axı. Həm də uşaqları oyadım.

— Demədin həkimə get, bəs analizlər? Uşaqları axşam görərəm.

— Hə, yaxşı.

Elinin üzündə təbəssüm və sevinc vardı. ( Sanki dumanlı və yağışlı payız havasında Günəş çıxaraq soyuqda üşüyən sarı yarpaqları isidirdi)

Pillələri düşərkən əli ilə pencəyinin cibini yoxladı. Oradakı məbləğin üstünə iş yerindən nə qədər avans alacağını düşündü. Olsun, bu ay belə idarə edərəm,- dedi. Elin haqlıdı, başımdakı ağrı və yuxusuzluq mənim axırıma çıxacaq. Nə qədər inanmasaq da, həkimə görünmək lazımdı. İş yerinə gəldikdən sonra geyimini dəyişmədən müdirin gəlişini gözlədi. İş yoldaşı nə qədər deyinsə də, bu gün işə nahardan sonra başlayacağını dedi:

— Nahara qədər məni yola ver. Vaxtın olsa, mənim yarmçıq işim var, onun üzərinə açarları taxarsan.

Həkim növbəsində dayanmışdı. Bir neçə növbə, bir sıra analizlər və yoxlamalardan sonra nəticələrlə qapısının önündə dayandığı otağa daxil oldu.

Həkim ciddi üz cizgiləri ilə analizlərə baxdı. Geyimi ilə saçlarının rəngi eyni idi. Əlindəki yaşıl bilərzikli saat ağ uniforma ilə heç uyuşmurdu.

— Nə işlə məşğulsuz?

— Seyf qapı ustasıyam

— Deyirsiz, axşamlar başınızdan kəskin ağrılar tutur. Başınızı bir yerə sıxıb saxlamasaz, dayanmır. Nə vaxtdan bunu hiss edirsiz özünüzdə?

— Əsgərlikdən sonra.

— Döyüşlərdə olmusuz?

— Xeyr.

— Aydındı, bəs niyə bu vaxta qədər həkimə gəlməmisiz?

— Kasıb adamam, həkim, öhdəsindən gələ bilmədiyim bir dərdin təfərrüatını eşitmək istəmirəm.

— Siz zarafat edirsiz, nə olduğunun fərqində deyilsiz. Sizinlə açıq danışacam. (Səryarda artıq ciddi sifət almışdı). Başınızda şiş var və kifayət qədər böyükdür. Böyüdükcə beyninizi sıxır. Sizə ağrı verən də məhz budur. Siz xərçəngsiniz.

Bu arada, həkimin danışmağına rəğmən, Səryara bir səssizlik çökmüşdü. Görmədən başqa bütün qəbul etmə hissləri qapanmışdı. Qulaqları sanki fikirlərini dinləyirdi. Həmin anda bütün düşüncələr və xatirələr üç nəfərin ətrafında dolanırdı.

— Bu, reseptdir. Bəzilərini dövlət verəcək, amma əksəriyyətini siz almalısınız.
Hisslərindən kənara çıxmağı bacaran Səryar:

— Bu dərmanları alsam, mən sağalacam?

— Yox, bu ikiüzlü xəstəliklərdən deyil. İmkanlıya da, imkansıza da eyni cür yanaşır. Dərmanlar sadəcə qalan ömrünü daha rahat, ağrısız yaşamağına yardımçı olacaq.

— Qalan nə qədər...

— Nə "nə qədər", anlamadım?!

— Ömrüm nə qədər qalıb?!

Səyyar sanki dalaşmağa adam axtarırdı.

— Bu müddəti mən deyə bilmərəm. Düzgün olmaz, həm də yanıla bilərəm.

— Burda düz olan nə varki?! Öləcəyimi xəbər verən həkimin qarşısında iki uşaq atası, həkimə ödəyəcəyi pulu maaşından avans götürən biri. Burda düz olan nəsə var, səncə?! Mənə müddət de, ən azından həmin ərəfədə xoşbəxt olmağa çalışım.

Həkim qarşısında çarəsizlik halının canlı formasının əyləşdiyini gördü. O, dərmanların fayda verməyəcəyini bilirdi. O üzdən əvvəldən xəstəliklə bağlı bütün məlumatları açıq şəkildə, əlavə cümlələrlə bəzəmədən xəstənin diqqətinə çatdırmışdı. Lakin ölüm tarixini deməyə tərəddüd edirdi.

— Həkim, sən deməsən, mən bu gün intihar edəcəm və sən öz səssizliyinə görə vicdan əzabı çəkəcəksən. Sən cəzası ölüm olan bir məhkumun arzusunu yerinə yetirdiyini fikirləş.

— iki ay, ondan çox, ya az 10 gün

Əlini pencəyinin cibinə ataraq son kağız əskinası stolun üstünə qoyub otağı tərk etdi. Bir müddət sonra dənizi işğal edərək ona yaxın olmağa çalışan insanların istirahət etdiyi sahildə idi. Torpağın dənizə yaxın olan ən uc hissəsində əyləşdi. Fikirlərini toparlamağa və gələcək həyatına dair bir qərar verməyə dənizin kömək edəcəyinə ümidi vardı. Bir anlıq dənizdə necə boğulduğunu təsəvvür etdi. Gülümsədi, onsuz bir aydan sonra öləcəksən, niyə boğulursan ki ? Birdən yadına avansa götürdüyü pul düşdü, görən, onu qaytarmağa vaxtı olacaqmı? Üç ay sonra Səhranın ad günü idi. Atası ona nə alacaqdı? Heç nə. İndi gördüyü, hiss etdiyi heç nə olmayacaq. Daha dəqiqi, təkcə o olmayacaq, qalan hər şey varlığını saxlayacaq. "Hər şey varlığını saxalayacaq". Son cümləni bir neçə dəfə təkrarladı və səssizcə “Elin işləmir, yardım edəcək qohumlarımız yox, Zərdüşt işləyəcək yaşda deyil. Mən onlara yaşadıqları evdən başqa miras olaraq heç nə verə bilmirəm. Hətta yas mərasimini keçirəcək pulum yoxdu. Üzünü göylərə tutdu:

— Mən necə ölə bilərəm?

Ətrafımdakı bütün şərtlər yaşamağımın vacibliyini göstərir. Sən bilən məsləhətdir, amma sən nəyə əsaslanırsan axı?! “Tanrıya çoxlu şikayəti vardı, lakin vaxtını onunla polemikaya xərcləmək istəmirdi: “İndi bir ay ərzində ailəm üçün necə fayda verə biləcəyimi düşünməliyəm .”

Dəniz dalğaları ilə sahili döyəcləyir, onun əhatəsindən azad olmağa çalışırdı. Sahildə oturan insanlar bu mənzərəyə quru ilə dənizin əyləncəli oyunu kimi baxırdılar. Dənizin xəsisliyindən qağayılar səmaya qalxır, yerdəki insanların dənizə atdıqları çörək qırıntılarını tamah aparırdılar. Ac qağayıların yer tanrıları… Göyərçinlər artıq uçmağı unutmuşdular, yerə atılan tumları təmizləyirdilər. Bütün bunların fərqinə varmayan orta yaşlı bir kişi dənizin kənarında əyləşərək, “Mən ailəm üçün hər şeyi edəcəm, itirəcəyim heç nə yoxdu, mən ailəmi ac qoya bilmərəm, tanrı mənə ölüm tariximi bildirib ondan fəydalı şəkildə istifadə etməliyəm” cümlərlərini təkrarlayır və bir filmdəki klounun gülüşünə bənzər formada gülümsəyirdi. (Hansı filmdəki obrazdı?) Sahildə əyləşdiyi andan onu müşahidə edən, əlində rəngli şarlarla dayanan cavan oğlan cibindən çıxartdığı yaşıl bilərzikli saatı qoluna taxdıqdan sonra ona yaxınlaşdı.

21. 08. 2023-cü il tarixi yazılan təqvimə baxaraq 10 gündən artıq 7 gününün keçdiyinin fərqinə vardı. İçindəki göz yaşlarını gülüşlə ifadə edərək ətrafdakılara baxdı. Qarşısında düzülən stul cərgəsinin önündə Elin və Zərdüş əyləşmişdi. O Səhranı da görmək istəyirdi, lakin onun yaşının bu mühit üçün uyğun olmadığını anlayırdı. Bir daha görməyəcəyini anladığı kimi. "Elinin onun xəstəliyi haqqında xəbəri olsaydı, mütləq Səhranı da bura gətirərdi" kimi cümlələrlə səssiz şəkildə özü ilə ünsiyyət qururdu.

— Məhkəmə başlayır. “Qalxın ayağa” - sözləri Səryarı kövrəltməkdə olan düşüncələrdən oyatdı. Səryar və yanında olan üç nəfər eyni anda ayağa qalxdılar.

Hakim içəri daxil olaraq məhkəməni açıq elan etdi. Sonra isə Səryarın işi üzrə məlumatları iştrakçıların diqqətinə çatdırdı.

“Səryar digər 3 nəfərlə əlbir olaraq qrup halında paytaxtın ən böyük özəl banklarının birini soyaraq mərkəzi seyfdə olan bütün pulları oğurlayıb banka külli miqdarda ziyan vurub. Bu da bankın müflis olmasına səbəb olub. Onlar, həmçinin, iki mühafizəçinin ölümünə səbəb olublar. Hadisəni törədib gizlənməyə nail olsalar da, iki gün sonra polisə təslim olublar. Lakin istintaq tədbirlərinə rəğmən, götürülən pulları tapmaq mümkün olmayıb. İfadələrində oğurladıqları pulları yandırdıqlarını deyiblər. İstintaqa yardım göstərməyiblər. Cinayətdə iştirak etdikləri kamera görüntüləri və ifadələrindəki etirafla sübut olunub. Müdafiə üçün məhkumlar dinlənilsin”.

Əvvəlcə Səryara söz verildi:
­

— Etdiyim əməldən peşman deyiləm. İki mühafizəçinin ölümündən başqa. Bu, istəmədən baş verib. Onların yaxınlarından üzr istəyirik, bağışlaya bilərlərsə, bağışlasınlar.

Elin Səryarın belə soyuqqanlı danışığına, həyata keçirdiyi cinayətə və onu belə etiraf etməsinə inanmırdı. Necə belə hissiyatsız birinə, cinayətkara çevrildi? Həyatı boyu maddi cəhətdən pis vəziyyətlərə düşmüşük, ehtiyac içində yaşamışıq, lakin o heç vaxt haram yollara əl atmayıb. Bəlkə, mən nəyisə düz eləməmişəm. Bəlkə, ehtiyaclarımı ona bir az kəskin formada bildirmişəm, o isə çıxış yolunu cinayətdə görüb. Bu cümlələri təhlil etdikcə gözlərindəki yaş yanağından süzülərək dodaqlarının üzərinə enirdi. Kasıb, lakin özünü xoşbəxt hiss edən bir ailə üçün hər şey sona çatırdı. Ailə başçısı həbsdə, ailənin dolanışığı yox... Elin necə iş tapacağını bilmirdi. Lakin göz yaşlarının səbəbi bu deyildi. Elin üçün əsl son Səryarın onların yanında olmaması idi. Bütün məhkəmə boyu onlar gözləri ilə səssiz ünsiyyət qururdular. Elinin çoxlu cavablara Səryarın isə çoxlu suallara ehtiyacı vardı.

Bu arada, hakim çəkici qaldıraraq stolun üzərinə vurdu. O artıq son qərarını elan etdi. Məhkumların hər birinə 18 il həbs cəzası verildi. Elandan sonra zaldakı qadınların ağlamalarına, iniltisinə cavab olaraq dörd kişinin kədərli gülüşü vardı.

Məhkəmədən üç gün sonra paytaxtın ən böyük cinayatini törədən üç məhkumun ölümü qəzetlərdə və sosial şəbəkələrdə gündəm olmuşdu. Bəziləri nəzarətçiləri günahlandırır, bəziləri də pis şəraiti. Lakin həmin günlərdə şəhərin dörd evində. heçnəsizlik höküm sürürdü. Gözlər ağlamaqdan, düşüncələr nəticəsizlikdən, xoşbəxtlik isə işsizlikdən bezmişdi. Elin iki uşağı sinəsinə sıxaraq Səryara qarşı mənfi düşündüyünə görə peşmançılıq çəkirdi. Bir də ən çox Səhranı son görüşə aparmadığına görə peşman idi. İndi qəbrin üstündə "bax, bu sənin qızındı, onu görmək istədiyini bilirdim", - deyə təsəlli tapmaq istəsə də, əhəmiyyətsiz olduğunu anlayırdı.

Hadisədən 60 gün keçmişdi. Səhər tezdən qapının səsinə yuxudan oyanan Elin heyrətlə stolun üzərindəki zərfə baxırdı. Zərf iki dəqiqə əvvəl qolunda yaşıl bilərzikli saatı olan bir cavan oğlan tərəfindən Elinə təqdim edilərək Səryar tərəfindən yazıldığı deyilmişdi. Elin zərfi açıb məktubu oxuduqdan sonra bu cümlələr yaddaşında həkk edildi.

“Hər şeyi sizin üçün etmişəm, əvvəlcə bunu bilməyini istəyirəm. Yadındadır, həkimə getməyimi xahiş etmişdin. Xəstəxanadan qayıtdıqdan sonra sənə sadəcə sinirlərimdə biraz problemin olduğunu demişdim. Lakin mən ölümcül xəstəliyə yoluxmuşdum. Beyin xərçənginin gecikmiş forması... Qısa müddət ərzində öləcəkdim. Məhkəmədə mənimlə əyləşən üç nəfər də eyni aqibətlə üzləşmişdilər. Həkimin dediklərini daha dərindən təhlil etmək və bir qərara gəlmək üçün sahildə əyləşdiyim vaxt mənə cavan oğlan yaxınlaşdı. Xəstəliyim haqqında məlumatlı olduğunu bildirdi, nə düşündüyümü anladığını dedi. Baş verəcək proseslər haqqında danışdı. Sonra razılığımla qərargaha gətirildim, əvvəlcə digər üç nəfərlə nə edəcəyimiz geniş şəkildə izah edildi və ən əsası, niyə edəcəyimiz bildirildi. Və sonda burda qalmaq və ya tərk etmək şansı verildi. İzah olunarkən səslənən bu cümlələr məni məhkəmədə dinlədiyin cinayəti törətməyə sövq etdi. “Hadisə baş verdikdən bir müddət sonra siz pulları bizə verib polisə könüllü təslim olacaqsınız. Baş verənlər gizli qaldığı müddətcə sizin ailənizə bizim tərəfimizdən tam maddi dəstək göstəriləcək, ta ki övladlarınızdan biri yetkinlik yaşına çatıb işə düzələnədək”

Bu andan sonra ölüm yaşamaq üçün ən böyük enerji mənbəyimizə çevrildi. Bizi hər cəhətdən, silah işlətməyə qədər təlimatlandırdılar. Hər gün iş adı ilə evdən çıxdıqdan sonra mən bu təlimlərdə olurdum. Onlar sonra səni tapıb həbsdə yazdığım bu məktubu sənə verəcəklər. Gizli qaldığı müddətcə sizə yardım edəcəklər. Sonda məktubu yandırmağını xahiş edirəm. Məni bağışlayacağını ümid edirəm. Mən Tanrının bəxş etdiyi ölümdən sizin üçün faydalanmağa çalışdım. Uşaqlara və özünə yaxşı bax. Səhranı öpərsən. Onlara de ki, atanız ölərkən sizin üçün yaşamağa çalışdı. ...

Elinin əlində yanan kağız Səryarla olan həyatının sonu, Səryarın ailəsinə bəxş etdiyi həyatın başlanğıcı idi.

# 1693 dəfə oxunub

Müəllifin son yazıları

# # #