Bu gün şair, publisist, alim, pedaqoq Ağa Laçınlının vəfatından 15 il ötür. Kulis.az bu münasibətlə şairin “Sıxın bizi” şeirini təqdim edir.
Dağ basdıqca belindən
su çavıdı – əlləşdi.
Su birdən süngüləşib,
daşı da deşdi-keçdi.
Su dağa güc göstərib,
qaya devlə güləşdi.
Su çıxıb qaranlıqdan
gümüşü bulaq oldu!
Yerin ağırlığını çiynindən atsın deyə
toxum torpağı dəldi,
baş qaldırdı, dikəldi.
Toxum boylanıb göyə,
kök atdı, budaq oldu!..
Sıxın bizi, bərk sıxın, –
bəlkə biz də dirçələk!
Bəlkə bir başa düşək,
sözləşək,
yola gələk.
Bəlkə bir təpərlənək,
tərpənək,
qurcalanaq.
Bəlkə bir acılanaq,
acıqlanaq,
calanaq!
Biz qapqara qullarıq – aclarıq, yoxsullarıq,
yığıb öz varımızı yağılara yollarıq.
Sıxın bizi, bərk sıxın!
Döyün bizi, bərk döyün!
Yıxın bizi, bərk yıxın!
Yeyin bizi, bərk yeyin!
Bəlkə bir mənliklənək,
qəlbilərə diklənək.
Toplayaq özümüzü,
göstərək gücümüzü!..
1981