Sərxoş halda sükan arxasına keçən Britni Spirs cəzalandırıldı - Məhkəmədən sərt qərar

Sərxoş halda sükan arxasına keçən Britni Spirs cəzalandırıldı - Məhkəmədən sərt qərar
5 may 2026
# 11:40

Dünyaca məşhur amerikalı pop ulduz Britni Spirs sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə məhkəməlik olub.

Kulis.az xəbər verir ki, sənətçi törətdiyi qayda pozuntusuna görə 12 aylıq şərti cəzaya məhkum edilib.

Müvafiq qərar bu gün Ventura dairəsinin Ali Məhkəməsi tərəfindən çıxarılıb. 44 yaşlı müğənni məhkəmə qarşısında günahını tam etiraf etdiyi üçün real həbs cəzasından, yəni dəmir barmaqlıqlar arxasına düşməkdən son anda xilas ola bilib.

Məhkəmənin hökmünə əsasən, ulduz cərimə kimi 571 dollar ödəməlidir. Ona kəsilən bir günlük həbs cəzası isə istintaq dövründə çəkilmiş hesab olunduğu üçün ləğv edilib.

Lakin məhkəmə bununla kifayətlənməyərək sənətçinin qarşısına bir sıra ciddi öhdəliklər qoyub. Belə ki, ifaçı mütləq şəkildə üç aylıq reabilitasiya kursu keçməli, hər həftə psixoloq qəbulunda olmalı və ayda ən azı iki dəfə psixiatrla görüşməlidir. Həmçinin, ehtiyac yaranacağı təqdirdə polis əməkdaşlarının onun avtomobilində axtarış aparmasına və nəqliyyat vasitəsini müsadirə etməsinə qabaqcadan etiraz etməyəcəyini bildirib. Bundan başqa, müğənniyə üzərində yalnız rəsmi reseptlə təsdiqlənmiş dərman preparatlarını gəzdirməyə icazə verilir.

Qeyd edək ki, qərarın elan olunduğu məhkəmə prosesində Britni Spirs özü iştirak etməyib. İclasda onun hüquqi maraqlarını vəkili Maykl Qoldşteyn müdafiə edib.

# 62 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər