Sərvətinə görə qayınatasını öldürən azərbaycanlı – Sevda Sultanova yazır...

Sərvətinə görə qayınatasını öldürən azərbaycanlı – Sevda Sultanova yazır...
13 sentyabr 2022
# 15:00

Kulis.az kinotənqidçi Sevda Sultanovanın “Sevgi romanı” filmi haqqında yazısını təqdim edir.

“Sevgi romanı” kommersiya kinosunda çox az müraciət olunan janrlardan birində, melodram janrında çəkilib. Rejissor Vüsal Hacı Qədirin 2019-cu ildə lentə aldığı film pandemiyanın başladığı ərəfədə prokata çıxmışdı. Bu səbəbdən film kassa uğuru qazana bilmədi. Düzdür, bunun özü də sualdır ki, pandemiyaya dəng gəlməyəcəyi təqdirdə sözügedən melodram yüksək gəlir əldə edərdimi? Çünki kommersiya kinosundakı proseslər komediyaların daha çox tamaşaçı topladığını göstərir. Hərçənd, bu faktın özü belə, çəkilən hər komediyanın kassa uğuru əldə etməsi anlamına gəlmir.

Melodram janrında çəkilən filmər isə, ümumiyyətlə, (“Mələyin öpüşü”, “Yarımdünya” və s.) bəzi komedyaların (“My name is İntiqam”, “Xoxan” ) kommersiya uğurunu təkrarlaya bilməyib. Yazımda bunun səbəbləri haqda detallı danışmaq istəmirəm. “Fokus” kinojurnalında çap olunan mövzu üzrə geniş araşdırmamı yəqin ki, Kulis-də tezliklə yayımlayacağıq.

Qayıdaq filmə. Süjetə əsasən varlı iş adamının (Kazım Abdullayev) yeganə övladı Cəmilə (Oksana Rəsulova) atasının iş ortağının oğlu Xanlarla (Azər Aydəmir) ailə qurub. Xanların niyyəti Cəmilənin var dövlətini ələ keçirməkdir. O, məqsədinə çatmaqdan ötrü qaynatasını qətlə yetirir, Cəmilədən zorakılıqla mirasını almaq istəyir. Cəmilə evdən qaçır və yolda xilaskarı Eldarla (Şəhriyar Əbilovla) tanış olur...

Süjetdən göründüyü kimi “Sevgi romanı” romantika, kriminal, ekşn, macəra janrlarının elementlərindən istifadə olunan melodramatik əhvalatdır. Film kinematoqrafik, təsvir özəllikləri cəhətdən o qədər kasaddır ki, haqqında yazmağa nəsə tapa bilmirəm. Lakin bir halda ki ortada əmək, zəhmət var, bəzi məqamlar haqda fikirlərimi bölüşüm.

Film dünya kinosunda dəfələrlə işlənmiş təhkiyə strukturuna, dramaturji gedişlərə və dönüşlərə istinad eləyir: Cəmilənin yolda xilaskarı Eldara rastlaması, təbiət təsvirləri fonunda idilliya, romantik birlikdəlik, rəfiqəsi Lalənin (Zümrüd Bədəlova) xəyanəti, Eldarın Xanların qurduğu oyunda iştirakı, finalda isə hekayənin yazıçı təxəyyülünün məhsulu olması və s. Sadəcə, bu klişe fəndlər zamanla müasir kommersiya kinosunun (söhbət əcnəbi filmlərdən gedir) məhsullarında yenilənsə də, təəssüf ki, “Sevgi romanı”nda onlar sxematik, formal işlənir. Ssenari (Azər Aydəmir) müəyyən mənada qarışıq yazılıb, hadisələrin inkişafında təbii axar yox, quramalıq hiss olunur. Yəni hadisələrin personajların fəaliyyəti nəticəsində yox, rejissorun kənardan duyulan müdaxiləsi nəticəsində irəli getməsi təəssüratı yaranır...

Qarışıqlıq deyəndə nəyi nəzərdə tuturam. Məsələn, Xanların təbiətindəki qəddarlıq imkan verirdi ki, o, işgəncə yoluyla arvadına sənədləri imzalatdırsın və istədiyi həqiqətləri öyrənsin. Lakin o, niyəsə uzun yolla gedir, Cəmiləni tələyə salmaq məqsədilə film kimi oyun qurması, arvadının rəfiqəsi və özünün məşuqəsi Laləni hadisələrə alət etməsi, vaxt itkisi məntiqi görünmür, ya da belə deyək, bu xəttlər əsaslandırılmır. Yaxud, Cəmilənin atasının dostunun (Əbdülqəni Əliyev) qardaşı oğlu Eldarın Lalə ilə nə birləşdirməsi, prosesə necə qoşulması qeyri müəyyəndir.

Hadisələr gərginləşmə, zəruri ləng temp olmadan, həyəcansız, sürətlə baş verir. Kafedə Eldarla Xanların adamlarının əlbəyaxa döyüşü hind filmlərinin zövqsüz emalıdır və reallıq hissini heçə endirir. Əhvalatın ortalarına doğru Eldarın telefonla kimlərləsə şübhəli, narahat danışmasına vurğular onun baş verənlərdə iştirakını yəqinləşdirir ki, bu da gözlənilməzlik effektini azaldır.

Tanqo rəqsi, rəqsdə obrazlaşan erotizm heç cürə süjetə təbii şəkildə daxil ola bilmir. Öncəki epizodda rəqsə hazırlıq mərhələsini əsaslandıran detallar - Cəmilənin qırmızı donda görünməsi, maşında tanqo zümzüməsi, Eldarın maşında bunu gözləyirmiş kimi dərhal tanqonu qoşması da həmçinin.

Dialoqlar ümumən pis işlənməyib, amma kinoda dilin təbiiliyinə nail olmaqdan, gündəlik həyatda istifadə etdiyimiz danışıq dilini gətirməkdən ötrü, illah da ki, rus kəlmələrini cümlələrə soxmağa ehtiyac yoxdur. Əksinə, kino orqanik şəkildə dilimizi yabançı ifadələrdən təmizləməlidir.

Aktyor oyunları ortababdır, müəyyən qədər Azər Aydəmirin oyunu yaxşı mənada fərqlənir. Rejissor sanki aktyorlarla işləməyi gözardı edib.

Fleşbek-şərhlərin, personajların olduğu kafelərin, dükanın filmdə yerləşdirilməsi pinti həll olunub. Kafelərin reklam məqsədiylə göstərilməsi dərhal duyulur.

Başa düşürəm ki, kommersiyaya hesabalanan filmlər, geniş auditoriya tərəfindən rahat qavranılması üçün sadə çəkilir. Amma bütün hallarda sadəlik zövqsüzlük, qeyri peşəkarlıq demək deyil.

# 2121 dəfə oxunub

Müəllifin son yazıları

# # #