Sərdar Cəlaloğlu: "“O qadın məni 20 il sonra bağışladı və sevdi” - Müsahibə

Sərdar Cəlaloğlu:  "“O qadın məni 20 il sonra bağışladı və sevdi” - Müsahibə
12 iyun 2024
# 21:00

Kulis.az Azərbaycan Demokrat Partiyasının sədri, siyasətçi Sərdar Cəlaloğlunun Lent.az-a müsahibəsini təqdim edir.

- Sərdar bəy, sizinlə müsahibəyə hazırlaşarkən mənə dedilər çox davakar adamsınız və sizinlə yola getmək çətindir.

- İnsanlar hərdən mənim haqqımda o şəkildə fikirlər yayırlar. Əsla davakar deyiləm, heç uşaqlıqda da dava eləməmişəm.

- Uşaqlığınız internatda keçib. Halbuki 10 bacı-qardaş idiniz və digər uşaqlar ailənizin yanında böyümüşdülər. Buna səbəb nə idi?

- Mən uşaqlıq yaşamamışam. “Detdom uşağı” deyirdilər mənə, bir az da haqlıydılar. İnternata getməyimin isə kədərli tarixçəsi var. Bizim kənddə qonşuluğumuzda bir uşaq yaşayırdı. 5-6 yaşımız var idi onda. Möhkəm dostluq edirdik. O dərəcədə ki, gah mən onlarda yatıb qalırdım, gah o bizdə. Bizdə yemək hazırlananda onun da payını saxlayırdılar, onlarda bişəndə mənim. Əkiz kimi idik, ayrılmaz. Eyni gündə anadan olmuşduq. Mən nə qədər sakit idimsə, o, bir o qədər dəcəl idi. Bir gün küçədə oynayırdıq. Anası da küçədə oturub qonşu qadınlarla söhbət edirdi. Kənddə bir köhnə yük maşını var idi, gəlib yanımızdan keçəndə dostum qaçıb əlini onun təkərinə vurmaq istədi və maşının altına düşüb öldü. Bu hadisə onun anasını möhkəm sarsıtdı, qadın psixoloji sarsıntılar keçirdi. O gündən sonra mənə qarşı dəyişdi, kin, nifrət yaşadı, məni görəndə halı dəyişirdi. Hətta, ana-atama da demişdi ki, onu kənddən uzaq tutun, uşağınıza zərər verə bilərəm.

Anamgil öncə məni uzaq bir kənddəki qohumun evinə göndərmək istədilər, sonra düşündülər ki, onlar da imkansızdır. Qərara gəldilər ki, məni kəndimizdən 70 km uzaqda yerləşən Ordubadda yeni açılmış internat məktəbinə qoysunlar. O gündən də mən anamdan-atamdan ayrı düşüb özüm-özümü idarə eləməyi öyrəndim. Bu xarakterimin indiki kimi formalaşmasına da təsir elədi. Anam yazıq ağlayıb, özünü öldürürdü. 6 yaşında uşaq ana-atadan ayrı, uzaqda tək yaşayırdı, əlbəttə çətin idi. Anam ona görə dedi, uşaqlardan birini göndərək, tək qalmasın. Beləliklə qardaşım Qurban gəldi yanıma. Əslində döyən, incidən yox idi, internat uşaqları bir-birləri ilə çox mehriban olurlar.

- Həftə sonları evə gedib-gəlirdiniz?

- Yox. O vaxt indiki imkanlar nə gəzirdi? İldə bir-iki dəfə gələ bilirdim. 8-ci sinfi orada bitirəndən sonra atam dedi ki, sən həkim olmaq istəyirsən. Qoyaq Bakıda kimya-fizika təmayüllü internata. Təhsilimi orada davam elətdirməli oldum, oranı da bitirib Tibb Universitetinə daxil oldum.

- Birlikdə böyüdüyünüz uşaqlıq yoldaşları ilə dostluğunuz davam edir?

- Hamı ilə yox. Bir nəfərlə çox yaxınıq, ləzgi dostum Nizami, uşaqlıqdan birlikdə böyümüşük, ailəvi dostluq davam edir.

- Taleyinizdə bu qədər dərin iz buraxmış o qadınla sonralar heç görüşdünüz?

- Artıq işləyən vaxtlarımda bir iki dəfə qarşılaşdıq. Onu görəndə yolumu dəyişirdim, istəmirdim məni görüb halı xarab olsun. Bir dəfə xəstələndi, onu mən müalicə eləməli oldum, qayğı göstərdim. 29 yaşım var idi onda. Təxminən 25 il keçmişdi, o məni bağışladı və dedi ki, səni əvvəlki kimi sevməyə başlamışam. O da əzab çəkdi, mənim anam da, mən də... Anam başqa ana əzab çəkməsin deyə fədakarlıq etdi, öz balasından ayrıldı.

- Çox maraqlı peşə sahibi idiniz. Məhkəmə tibbi eksperti. Bu ixtisası seçmənizə səbəb nə oldu?

- Əslində seçmədim, bu işə təyinatım təsadüfi oldu. O vaxtlar bu işə təyinat almaq üçün 50-60 min manat verirdilər. Mən də kasıb, arxasız, dayaqsız oğlan idim. O vaxtlar tibbdə ən aşağı mərtəbə təcili yardım həkimləri sayılırdı, ən nüfuzlu iş də məhkəmə eksperti idi, o da bəlli sayda olurdu, müəyyən adamların övladları o ştata salınırdı. Təyinat verilən gün mən girdim içəri, xahiş elədim ki, məni öz rayonumuza təcili yardım həkimi kimi göndərsinlər, anamın atamın yanında qalmaq istəyirdim. Naxçıvana da bir nəfər üçün məhkəmə tibbi eksperti ştatı ayrılmışdı. Rektorumuz Zəhra xanım Quliyeva dedi səni göndərək ora. Səhiyyə nazirinin müavini də bölgüdə iştirak edirdi, o dedi, filankəs müəllimin oğlu üçün hazırlanıb, rektorumuz əsəbiləşdi, dedi, buranın rəhbəri mənəm ya kimdi? Ölkə üzrə bu sahədə işləyən cəmi 30 həkim var idi. Məni verdilər həmin ştata. Yatsam yuxuma girməzdi. Mən əslində kardioloq olmaq istəyirdim. Həkimlik istedadım var idi. Siyasətlə məşğul olan vaxtlarımda hansısa jurnalist müsahibə alanda deyirdim get filan yerini yoxlat.

- Qalıb indi o istedad?

- Daha yox.

- Patoloq anatom. Bu elə bir iş idi ki, kiminsə boğazını ipdən də ala bilərdi, ipə də asdıra bilərdi. 50 min rüşvətlə girilən işin yəqin qazancı da vardı...

- Mən bunu bilirdim, düşündüm ki, ya vicdanımla işləyib, bu işi dərindən öyrənməliyəm, ya da məni götürüb atacaqlar bayıra. Bu sənətin elmi tərəfi ilə məşğul olmağı qarşıma məqsəd qoydum. Meyit bərkiməsi deyilən bir anlayış var, ölüm baş verdikdən müəyyən müddət sonra meyit bərkiyir və onun artıq formasını dəyişmək olmur. Amma başının arxasından, uzunsov beynindən gülləylə vurulan meyit nə formadadırsa, elə o formada da bərkiyir, onu daha tərpətmək olmur. Buna kataleptik meyit bərkiməsi deyilir. Bunu heç bir nəzəriyyə ilə izah edə bilmirdilər. Bu sahə üzrə elmi referat hazırladım və bundan ötrü bir başa Moskvaya Baş idarəyə getdim. Təyinatımın ilk ili idi, 26 yaşım vardı. Mənə orada kömək eləmək istədilər, lakin Naxçıvandan, işimdən buraxmadılar. Bir il sonra SSRİ Müdafiə Nazirliyinin Baş laboratoriyasının rəhbəri, general-leytenant Tamilinə müraciət etdim, heç kimin qəbuluna düşə bilmədiyi adam məni qəbul elədi. Üstəlik kabinetdən çıxıb məni qapıda mehribanlıqla qarşıladı. İstəyirdim əsgərliyi Moskvada keçirim, həm də elmi iş yazım. Alınmadı, yenə də işdən buraxılmadım, sonralar anam da “getmə” deyincə bu işlər yarımçıq qaldı. Amma Naxçıvanda bu sahə üzrə ad çıxarmış mütəxəssis idim. Regional ekpsert kimi məşhurlaşmışdım, hərbiçilərin də tibbi ekpertiza işlərini mənə göndərməyə başladılar, müqavilə əsasında onlarla da işləyirdim və yaxşı da qazancım olurdu. İldə 30-40 ağır cinayət baş verirdi, bunların tibbi eksperti mən idim. Siyasətə gələndən sonra mən o qədər böyük pullar qazanmadım.

- Bu işdə heç iyrəndiyiniz, ürpərdiyiniz olub?

- Hər meyitin ekspertizasına elmi iş kimi baxırdım deyə elə duyğular yaşamırdım. İyrənmirdim. Siz bilirsinizmi, Tibb Universitetindən nə qədər gənc meyit yararkən qorxub qaçıb, peşəsini atıb. Orda formalinin içində saxlanmış meyitlər idi, amma məhkəmə tibb ekspertizasına gətirilən meyitlər əsasən dəhşətli formalarda olurdu. Dözülməz peşədir. Orda təkcə ölüm hadisəsi olmurdu. Zorlamalar, təcavüzlər, illər öncə öldürülmüş insanların cəsədləri və s.

- Qardaşınız Qurban Məmmədovla münasibətləriniz şəxsi zəmində pozulub, yoxsa siyasi baxışlarınıza görə?

- Bizim 8 ildir heç bir münasibətimiz yoxdur. Qurban bəyin elə bir xasiyyəti var ki, əvvəl hərəkəti eləyir, sözü sonra düşünür. Onun bir sözü var, gedək bu işin dalınca, nəticə necə olursa olsun. Mən isə deyirdim, nəticəni hesablayıb addım atmaq lazımdır. Fəaliyyət adamı idi, bu fəaliyyət də onun əleyhinə yönəlirdi.

- Digər bacı-qardaşlarınızla münasibətləriniz necədir?

- 5 bacımla münasibətlərim çox yaxşıdır. Biz qardaşların oxumasında bacılarımızın böyük əməyi olub, fəhlə işləyib bizim oxumağımıza dəstək olublar. Qardaşlar isə... Biz bir araya gələndə yola gedə bilmirik, hamımızda siyasi partiyalar kimi liderlik arzusu var. Hərə öz fikirni irəli sürməyə çalışır, uyğunluq tapa bilmirik

- Necə ata, necə babasınız?

- Övladlarımın, nəvələrimin tərbiyəsi məsələsində çox sərtəm, bu gün də eləyəm. 3 oğlum bir qızım var. Uşaqlardan üçü xaricdə yaşayır, biri yanımda. Çox mehriban babayam.

- Deyirlər yaxşı yemək bişirməyiniz də varmış.

- İnternatda böyümüş, tələbəlik keçirmiş adamam, əlbəttə bacarırdım. Mənim bişirdiyim kababın ləzzətindən doymaq olmur. Yeyən barmaqlarını yalayır. Dolma da bişirə bilərəm. Amma xanımım mənim mətbəxə girməyimə əsla razı deyil. Kişinin qadın işləri görməsini istəmir.

- Xanımınızla sevib ailə qurmuşdunuz?

- Bir var sevib evlənirsən, bir də var evlənib sevirsən. Bizimki ikincisindən oldu. Ömür keçdikcə bu bağlılıq, hörmət daha da artdı. Yoldaşımı həddən artıq çox istəyirəm, mən də onun üçün Tanrı kimiyəm. Bir birimizi düzgün dəyərləndirir, qədrini bilirik.

- Sizcə, üzr istəmək həmişə böyüklükdür?

- Elə yer var ki, sən günahkarsan, üzr istəyə bilərsən, amma elə bir vəziyyət yaranar ki, başqasının günahına görə üzr istəmək tələb olunur. Bu özünü alçatmaqdır.

- Heç qorxmusunuz? Və ya sualı belə verim, ölülərlə işləyən adam ölümdən qorxub?

- İndi yox. 15 il öncə ölümdən qorxmuşam. Onkoloji şiş tapıldığını, 2 ay ömrüm qaldığını demişdilər səhvən. Dostum baxdı, dedi bir həkimlə də məsləhətləşim. O məsləhətləşdiyi həkim də bilmirmiş biz dostuq, kağızlara baxıb dedi ki, səndə xərçəngin son mərhələsidir, ömrünün sonuna 2 ay qalıb. Çox qəribə olmuşdum heç nə ilə maraqlanmırdım, həyata küsmüşdüm, yatarkən stressdən o qədər tərləyirdim ki, yataq bədənimin formasında su olurdu Heç kimə də heç nə demirdim. Çox sonradan öyrəndim ki, həmin həkim məndən çox pul ala bilmək üçün elə deyibmiş.

- Allahdan qorxursunuz?

- Allahdan çox qorxuram. Allahdan qorxan heç nədən qorxmaz, Allahdan qorxmayan hər şeydən qorxar. Qorxu insanın təməl duyğusudur, qorxmayan insan yoxdur. Dində Allahdan qorxu həm də ümid aşılayır. Allahdan qorxu səni ona yaxınlaşdırır, ondan qaçmırsan. İslamın fəlsəfəsini dərindən anlayanda onun gözəl din olduğunu başa düşürsən. Din haqqında yanlış təsəvvürün səbəbi onu dərindən bilməməkdir. Alman filosofu Şellinq deyir ki, səthi yanaşanda Allahın varlığını sübut edəcək bir dənə dəlil tapa bilməzsən, amma dərin fəlsəfə ilə yanaşanda Allahın varlığını inkar edəcək bir dənə dəlil tapa bilməzsən.

İnsan maddiyyata nə qədər düşkün olursa mənəviyyatdan o qədər uzaq düşür. Höte deyir ki, mən öz əşyalarımdan azad olduğum qədər azadam. Biz öz əşyalarımızın əsiriyik.

- Heç əsir olmusunuz?

- Yox. Maddiyyatla, pulla işim olmaz. Mən heç vaxt bazara gedib alış-veriş də etmirəm. Yoldaşım məşğul olur. Pula o qədər meylim yoxdur.

- Amma pul özü gəlib sizi tapır. 2-3 dəfə eviniz, ofisiniz dövlət planına düşüb və böyük miqdarda kompensasiya almısınız...

- Oğlum da deyir ki, ata, sən haradan qazanırsan. Bakıya gələndə inqilab dövründən qalma köhnə bir ev almışdım, hamı deyirdi nə gündədir bu ev. Plana düşəndə mənə 450 min dollar verdilər. O pula ev aldım, indi sürdüyüm maşını aldım, səyahətə sərf etdim və s.

- Əlavə biznesiniz var?

- Yoxdur. Yaradıcı adamam. Kitablar, elmi məqalələr yazıram. Gözütox olmasaydım indikindən qat-qat yaxşı yaşayardım. İndi mən daha çox dinclik arzulayıram. İnsanlar iki formada yaşlanırlar. Ya kamilləşirlər, ya da qəddarlaşırlar. Cəhənnəmə gedən özünə yoldaş axtarar da. Qocaldıqca paxıllaşırlar, gənclərə qarşı onlarda paxıllıq, qəddarlıq yaranır. O qədər məni tanıyıb kömək təklif edən, yeməyə dəvət edən iş adamları, bankirlər var ki... Heç kim deyə bilməz Sərdar bəylə oturduq yedik, hesabını mən verdim. Ümumiyyətlə, belə dəvətlər olanda qaçıram, ya da hesabı özüm ödəyirəm.

- Həmin adamlar sizinlə ünsiyyətə niyə o qədər can atırlar?

- Yəqin düşünürlər ki, tanınmış adamdır, səhəri gün vəzifəyə qoyular və ya düşüncələrim maraqlı gəlmiş ola bilər.

- Əvvəllər bol-bol kitab oxumusunuz. İndi də oxuyursunuz?

- İndi gözlərim zəifləyib deyə əvvəlki qədər oxumağa hövsələm çatmır. İndi özüm kitablar yazıram. Bədii ədəbiyyat yox, elmi əsərlər oxuyuram. Mopassan, Drayzer, Balzak, Dostoyevski, Hüqo, Jorj Sand sevdiyim yazıçılar idi. Ədəbiyyat səni insan edir.

- Azərbaycan ədəbiyyatında ən sevdiyiniz yazıçı və ya əsər hansıdır?

- İsmayıl Şıxlının “Dəli Kür” romanını Azərbaycan ədəbiyyatının şah əsəri hesab edirəm.

# 3644 dəfə oxunub

Müəllifin son yazıları

# # #