Səhv düşəndə yerimiz - Qabil

Səhv düşəndə yerimiz - Qabil
14 noyabr 2023
# 16:10

Kulis.az Qabilin "Səhv düşəndə yerimiz" şeirini təqdim edir.

Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda
Oturar, üzməz!
Çay gəmisi, dağ boyda
Dalğaya dözməz!
Dözümsüz oluruq biz,
Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,
Buludlar xəsis…
Yağış tökür talışa
Hey-hey gərəksiz…
Gərəksiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb
Xırçıltı salıb.
Qılınc qında pas atıb
Qında korşalıb…
Heyf… korşalırıq biz,
Səhv düşəndə yerimiz.

Ağ biləklər gül əllər
Tarlada qabar.
Bir qeyrətsiz yekəpər
Qızıl gül satar.
Qeyrətsiz oluruq biz,
Səhv düşəndə yerimiz.

Tarın pərdələrini
Düzənə qurban!
Yerdəyiş et birini,
Xaric vurarsan.
Xaric səslənirik biz,
Səhv düşəndə yerimiz.

# 933 dəfə oxunub

Müəllifin son yazıları

# # #