Şəhid evləri məni kövrəldə bilməz – Yeni şeirlər

Şəhid evləri məni kövrəldə bilməz – Yeni şeirlər
3 fevral 2022
# 18:20

Kulis.az Allahşükür Ağanın yeni şeirlərini təqdim edir.

Alasan dünyanı qol arasına

Yarından küsəndə deyirəm bir gün
Qoşulub gedəsən bal arısına.
Dilini bildiyin başa düşmədi,
Can söylə, dünyanın lal arısına.

Düz oldum, düzümü bilən olmadı,
Üz tutdum, üzümə gülən olmadı.
Gözüm yolda bitdi, gələn olmadı,
Saldım öz başımı qal arasına.

Yaxandan qopmaya dünyanın əli,
Qoşma, müxəmməsi, təcnis, qəzəli.
Dünya Leyli ola, sən də ki dəli
Alasan dünyanı qol arasına.


İsmin 7-ci halı

Gəlin belə düşünək,
Nizələrin qan daman ucu
Əslində, bir parça torpaq deyilmi?

Güllələrin özü də,
Lap qırma düyməciklər -
Başlarında torpaq yaddaşı daşıyırlar.

Ekskavatorla başladı ayrılıqlar,
Zülmlə ayırdılar torpaqdan filizi...
Hələ də ağlayır anası torpaq üçün dəmir.
Torpağı axtarır deyə özünü hər yerə çırpır,
Hər yerə dəyir.

Bəlkə də insan bədəni də tanışdı ona,
Tanışdı yox, yaddaşdı ona.
Torpaqda bir yaşayırdılar,
Elə ki ayrıldılar,
Hərəsi bir adda
Çağrıldılar.

Biz yaratdıq ayrılıqları,
Torpaqdan dəmir ayırdıq,
Can ayırdıq,
İndi həsrətlilər qovuşanda ölürük,
Dönürük ismin 7-ci halına.

Şəkil

Mən səni yadımda belə saxladım,
Danışıb-eləmə, şəkil kimi qal.
Əlini tərpətmə, gəl keç yanımdan,
Gördün darıxırsan, xəyallara dal.

Şəklin xəyalları çox dərin olur,
Nəyi düşünürsən, götür özünə.
Guya ki, bu səhər gəlin köçürsən,
Şəklini örtüktək dur çək üzünə.

Gözündə qəribə kədər varıydı,
Güldürmə, qoy elə, eləcə qalsın.
Xalqın gəlinləri böyüyüb getsin,
Qoy mənim sevdiyim balaca qalsın.

Bir axşam üzündə qəmi sındırıb,
Anan söyləməsin Allaha şükür.
Bax onda gözündə şəklini cırıb,
Verər küləklərə bu Allahşükür...


Yenə bu qışda

Güllə qızdırıbdı ayaqlarını,
Tutub ayağını dimdiyində quş.
Xəyaltək çırpınır qalxır göylərə,
Cüt qanad sevincdi, cüt qanad alqış.

İndi yuvasına çatan kimi o,
Yığacaq altına ayaqlarını.
Bəlkə ayağına qurban deyəcək,
Əl kimi çırpınan qanadlarını.

Batacaq al-qana yumurtaları,
Balalar ilk dəfə qan görəcəkdir.
Yaralı ayağa yerdi günahkar,
O yerə ah kimi hönkürəcəkdir.

Göylər qanadını yaxşı saxladı,
Yerlər ayağını qırdı bu quşun.
Çöllərin şaxtası, sazağı kimi,
Ovçusu qəddardı yenə bu qışın.


Qar dənəciyi teoremi...

Qar dənəciyinin içində günəş zərrəsi
Milyon il əvvəl
Yazı kimi qoyulanda...
O qar dənəciyi milyon ildi
Bizə tərəf uçanda,
Uça-uça əlimizə
Və ya
Kipriyimizə qonanda,
Ağlımıza gəlmədi ki, həmin qar dənəciyini
Yarıb içindəki günəş zərrəsindən xəbərdar olaq.
Bir dəfə bunu mən etdimsə də
Bacarmadım.
Çünki milyon il bundan qabaqkı
əlifbanı bilmədiyimdən,
Hərfləri tanımadığımdan
Eləcə qar dənəciyini atdım yerə.
Atan kimi
Qar dənəciyindən çıxan
Bir sarı çiçəyin təşəkkürü
Sevda kimi açıldı ürəyimdə.


Balıqlar, quşlar, uşaqlar

Tilov atıb balıqların yuxusunu qaçıran oğlan,
Sənin də başından tilov sallanır.
Xəbərin varmı,
Göyə baxsana?
Balıqların üzməyi nizamıdır dünyanın,
Bu nizamı sədəf boyda tilovla uçurmağı,
Qurdla balıqları aldatmağı bacardınsa,
Sonra küçədə dilənən uşağa bir parça
çörək versən,
quşa dən səpsən,
zülüm-zülüm ağlayaram mən.
Üç şey məni həmişə ağladar,
Göydə quşlar,
Çayda balıqlar,
Yerdə uşaqlar.
Onlar yeməyə aldanırlar.


Məni kövrəldə bilməz

Məni kövrəldə bilməz
daha güllər,
Güllərin üstündə şehlər,
Ayrılıq dolu şeirlər,
Şeir dolu ayrılıqlar..

Məni kövrəldə bilməz
şəhid evləri,
İslanmış yaylıqlar,
Enmiş bayraqlar,
Rənglənmiş divarlar,
Şəhidin üçünə gətirilən
Düyülər,
Qəndlər, çaylar,
Ağlayan əmilər və dayılar...

Zəncirində dartınan itlər,
İtə yal bişirməyi unudan qadınlar.
Ailədə şəhidin tək oğul olmağı belə
Məni kövrəldə bilməz.

Məni kövrəldə bilməz
qolumun kəsilməyi belə,
Ayağımın itkin düşməyi
Məni düşündürməz,
Mən nədən belə
Yox oldum, ilahi?...


# 1899 dəfə oxunub

Müəllifin son yazıları

# # #