Salam! Rəsul övladı! Günün şeiri

<b>Salam! Rəsul övladı!</b> –  <span style="color:red;">Günün şeiri
31 yanvar 2023
# 11:40

Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür, 139 yaşı tamam olur. Bu münasibətlə Kulis.az Xalq şairi Zəlimxan Yaqubun Məhəmməd Əmin Rəsulzadəyə həsr etdiyi “Kişi” şeirini təqdim edir.

(Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələr)

Yetmiş illik ayrılıq axır ki çatdı sona,

Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!

Yordun uzaq yolları, səsinlə, sorağınla,

Qırdın axır belini həsrətin, qəmin, kişi!

Məzarına baxanın kirpiyində nəm gördüm,

Ağ mərmərin üzündə qara donlu qəm gördüm,

Sənin kimi yarımaz bir qisməti kəm gördüm,

Acıdım taleyinə min bəxti kəmin, kişi!

Sağ olsun məzarını ağ mərmərə tutanlar,

Dilindəki sözləri seçib zərə tutanlar.

Qoy tarixdən utansın səni şərə tutanlar,

Yaman getdi əlindən fürsətin, çəmin, kişi!

Tanrı səni yaratdı, bir də çətin yarada,

Sən qurtuluş istədin, qanlar axdı arada.

Beşiyin Bakıdadır, məzarın Ankarada,

Sənin Vətəndən özgə kimin var, kimin, kişi!

Nələr çəkib başımız, dərdimizdən halıydın,

Yaralı bir nəğmənin unudulmaz xalıydın.

Sən də bizim torpağın Mustafa Kamalıydın,

Heyf! Sünbül tutmamış biçildi zəmin, kişi!

Səndən sonra gələnlər qara yeltək əsdilər,

Bizi bizdən almağa coşdular, tələsdilər.

Məğrur saraylar yapan düz əlləri kəsdilər,

Daşı düz qoyulmadı özülün, himin, kişi!

Ana öz övladını qoymaz gözündən yana,

Vətənin ölməz oğlu, gedək Azərbaycana.

Millət "İstiqlal!"-deyə yenidən gəlir cana,

Özün çal havasını köklənən simin, kişi!

Əzilməz xalqın kökü, dərindədir, dərində,

Zaman çəkib oturdar hər kəsi öz yerində,

İllər gəlib keçsə də sən xalqın nəzərində

Yenə həmin oğulsan, yenə də həmin kişi!

Bu böyük həqiqətə əmin ol, əmin, kişi!

# 6120 dəfə oxunub

Müəllifin son yazıları

# # #