Sağ qalan varmı?! - Emin Piri

Sağ qalan varmı?! - Emin Piri
8 noyabr 2023
# 13:30

Kulis.az Emin Pirinin "Sağ qalan varmı?!" şeirini təqdim edir.

əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər...
əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.
soba yanında
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinir:
“üşüyürəm, ana,
odun atıram sobaya” ...
daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu...
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir
tağım komandirinin:
“kimsə sağdı?!”

# 932 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #