Sağ ol, Ana dilim – Günün şeiri

Sabir Rüstəmxanlı

Sabir Rüstəmxanlı

21 fevral 2023
# 16:00

Kulis.az Xalq şairi Sabir Rüstəmxanlının "Sağ ol ,Ana dilim" şeirini təqdim edir.

Qollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol, ana dilim, məni heç yerdə
Köməksiz qoymadın, yalqız qoymadın.

Barmağım altında düymə fırlanır,
Londonla, Parislə yanaşı Bakı…
Doğma sözlər üçün darıxan hanı?
Deyin qoy dinləsin: "Danışır Bakı!"

Danışır, açılır ömrün baharı,
Dünyaya mən onun qoynundan uçdum.
Mənim ürəyimin antenaları
Gözəl Azərbaycan dilinə tuşdu.

Döyüşdə qılınc tək sıyrıldı qından,
Başımın üstündə bayrağım oldu.
Torpağım ikiyə bölünən zaman
Bu dil bölünməyən torpağım oldu.

Utansın tarixə dəllallıq edən,
Tarix qapısına açar sözlər var.
Pərdəni qaldırsan, beş-on kəlmədən
Qondarma cildlər tar-mar olar.

Bu dildə sevincim, qəmim, kədərim
Təzə ümidlərə açılan səhər.
Bu dilin reaktiv təyyarələri
Araz sərhəddini qıran kəlmələr.

İpək nəğmələrim gülləbatmazdı,
Qolunu qandalla bağlamaq olmaz.
Bu taydan o taya arxayın keçən,
O taydan bu taya arxayın keçən

Dilin sənədini yoxlamaq olmaz,
Sevginin yolunu saxlamaq olmaz!
Sağ ol, ana dilim, ana öyüdüm,
Füzuli eşqindən divanə dilim.

Ürəyim başına nəfəs dərmədən
Fırlanıb kül olan pərvanə dilim.
Hanı Xanım çaylar, hanı bəy göllər,
Dillərdə cücərən yurdun izidir.

Yüz yol yaralanmış doğma kəlmələr
Xalqımın döyüşlər xəritəsidir.
Ala dağ, Qara dağ…di seç, di ayır,
Dağları basılmaz ordum sanmışam.

Harda bircə kəlmə sözüm yaşayır,
Oranı halalca yurdum sanmışam.
Üstünə yüyürdü Quran dilləri,
Peyğəmbər dilləri, qanun dilləri…

Qapılar dalında qoydular səni,
Haqq dedin, dabandan soydular səni,
Ancaq məhv olmadın, anam, can dilim,
Ordular sarsıdan qəhrəman dilim!

Ömrüm qırılmazdı, yol qırılsa da,
Səninlə həmişə mən üzüağam.
Bədənim torpağa tapşırılsa da,
Ruhumu mən sənə tapşıracağam...

17.01.1982

# 1671 dəfə oxunub

Müəllifin son yazıları

# # #