Rus Dram Teatrının oktyabr repertuarı

Rus Dram Teatrının oktyabr repertuarı
16 oktyabr 2024
# 13:26

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının oktyabrın 18-dən 31-dək repertuarı açıqlanıb.

Kulis.az xəbər verir ki, xəbər verir ki, Rus Dram Teatrı oktyabrın 18-də “Üç gözəl” tamaşasını təqdim edəcək.

Valentin Krasnoqorovun pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, onun quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir. Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.

Oktyabrın 19-da teatrın səhnəsində “Albalı bağı” tamaşası göstəriləcək. A.P.Çexovun eyniadlı pyesi əsasında səhnələşdirilmiş tamaşanın premyerası 2023-cü il oktyabrın 20-21-də baş tutub. Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Pyes Çexov tərəfindən 1903-cü ilin payızında, ölümündən az əvvəl yazılıb. O, yazıçı tərəfindən o dövrün Rusiyasının dönüş mərhələsindəki obrazını əks etdirən komediya kimi düşünülüb, albalı bağı isə keçən zamanın simvolu kimi çıxış edir. Faciə çalarları olan bu komediyada torpaq sahiblərinin diqqətsizliyindən, onların nəyisə və özlərini dəyişmək istəməməsindən, sonda dağılmaya – albalı bağının məhvinə səbəb olmasından bəhs edilir. Ərazinin yeni sahibi Lopaxinin bağa ehtiyacı yoxdur, o, onun gözəlliyini və mənəviyyatını dərk etmir və kommersiya məqsədləri üçün amansızcasına məhv edir. O, XIX əsrin sonlarında Ranevskaya, Qayev və digər zadəgan nümayəndələrini əvəz edən yeni dövrün prototipidir.

Oktyabrın 20-də tamaşaçılara “Qürur və qərəz” tamaşası təqdim ediləcək. Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanının motivləri əsasında hazırlanan bu səhnə quruluşunun premyerası 2013-cü il aprelin 14-də olub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır. Tamaşanın birinci aktı 80 dəqiqə, ikinci aktı 70 dəqiqə davam edir.

Oktyabrın 25-də teatrın səhnəsində “Yekaterinanın yataq otağında gecə” tamaşası oynanılacaq. O, Vladimir Ovsyannikovun “Gecə irəlidədir” pyesi əsasında hazırlanıb, quruluşçu rejissor Emin Mirabdullayevdir. Əsərin qəhrəmanı Daşa atasının ağır xəstəliyi ilə əlaqədar çətin vəziyyətlə qarşılaşıb. O, etik normalardan uzaq olan üsullardan istifadə etməklə bu vəziyyətdən çıxış yolu tapmaq məcburiyyətindədir. Vaxtilə onunla bir sinifdə oxuyan, varlı ailədən olan Artyom nə vaxtsa tapdalanmış mənliyinə görə Daşadan intiqam almaq istəyir, lakin bunun fəsadlarını düşünmür. Nə xoş ki, həyatda yaxşı insanlar çoxdur. Bəzən tale çıxılmaz görünən vəziyyətlərdə kömək olur.

Rus Dram Teatrı bu ayın ikinci yarısında tamaşaçılara premyera da təqdim edir. Belə ki, oktyabrın 26-da “Çexov silahı” tamaşası bu mədəniyyət ocağının səhnəsində ilk dəfə göstəriləcək. Tamaşa qorxu elementləri ilə eyniadlı psixoloji dram əsasında qurulub. Onun müəllifi, quruluşçu rejissoru və quruluşçu rəssamı İlqar Safatdır. Geyim üzrə rəssam – Səmra Axundova, rejissor köməkçisi Yuliya Limarevadır.

Tamaşa psixoloji mürəkkəbliyi və insan təbiətinin incə təhlili ilə tamaşaçını heyran edən dərin və çoxşaxəli əsərdir. Məharətlə yaradılmış gərginlik ab-havasında əsərdəki personajların daxili münaqişələri və sirləri tədricən açılır.

Tamaşa sadəcə hekayədən bəhs etmir, o, tamaşaçını insan ehtiraslarının mürəkkəb dünyasına qərq edir, keçmişin bu günümüzə və gələcəyə labüd şəkildə necə təsir etdiyini göstərir. Bu əsər tamaşaçıya daxili çəkişmələrini anlamağa, onu ağırlaşdıran xatirələrdən azad olmağa çalışan bir insanın dərin psixoloji portretini təqdim edir.

Baş rolu Azərbaycanın Əməkdar artisti Firdovsi Atakişiyev ifa edir.

Nəhayət, bu ayın son tamaşası – “Voytsek” oktyabrın 27-də təqdim ediləcək. XIX əsr alman dramaturqu, alim və şairi Georq Büxnerin 1837-ci ildə yazdığı və 1879-cu ildə Karl Emil Frantsozun əhəmiyyətli dərəcədə adaptasiyası ilə nəşr edilmiş pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il aprelin 28-də keçirilib.

Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Süjet arvadını qısqanclıq zəminində öldürən və edam cəzasına məhkum edilən Leypsiq sakini Voytsek adlı bərbərin hekayəsi üzərində qurulub.

Tamaşanın əsasını real hadisə - ixtisasca həkim olan Büxnerin atasının əməkdaşlıq etdiyi tibb qəzetində ətraflı təsvir edilən cinayət işi təşkil edir. Müəllif onun iştirakçılarının xarakterlərini və sosial statusunu dəyişdirərək, kəskin sosial problemlərin qabardıldığı dramını səhnəyə çıxarıb.

“Voytsek” pyesi alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınıb və opera, musiqi və kino da daxil olmaqla bir çox interpretasiyalarda hazırlanıb.

Tamaşa antrakta fasilə verilmədən 1 saat 25 dəqiqə davam edir.

Tamaşalar 19.00-da başlayır.

Repertuarla bağlı müfəssəl məlumatı 493 00 63, 493 76 54 nömrəli telefonlar vasitəsilə almaq olar.

# 769 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #