Rus Dram Teatrının may repertuarı

Rus Dram Teatrının may repertuarı
14 may 2024
# 12:05

Kulis.az Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının mayın 16-dan 31-dək olan repertuarını təqdim edir.

17 may - “Üç gözəl”

Valentin Krasnoqorovun pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il yanvarın 13-də keçirilib, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Tamaşada maraqlı zarafatlarla və şən əhvalatlarla dolu adi bir günün sevgi axtarışı üçün dönüş nöqtəsinə çevrilməsindən bəhs edilir. Müxtəlif xasiyyətli, fərqli taleli və temperamentli üç rəfiqə bir an içərisində öz talelərini kökündən dəyişmək və həyat yoldaşı tapmaq qərarına gəlirlər. Burada internet onların köməyinə gəlir.

18 may - “Yekaterinanın yataq otağında gecə” tamaşasının premyerası

Tamaşa Vladimir Ovsyannikovun “Gecə irəlidədir” pyesi əsasında hazırlanıb, quruluşçu rejissor Emin Mirabdullayevdir.

Əsərin qəhrəmanı Daşa atasının ağır xəstəliyi ilə əlaqədar çətin vəziyyətlə qarşılaşıb. O, etik normalardan uzaq olan üsullardan istifadə etməklə bu vəziyyətdən çıxış yolu tapmaq məcburiyyətindədir. Vaxtilə onunla bir sinifdə oxuyan, varlı ailədən olan Artyom nə vaxtsa tapdalanmış mənliyinə görə Daşadan intiqam almaq istəyir, lakin bunun fəsadlarını düşünmür. Nə xoş ki, həyatda yaxşı insanlar çoxdur. Bəzən tale çıxılmaz görünən vəziyyətlərdə kömək olur.

Tamaşanın birinci aktı 70 dəqiqə, ikinci aktı 60 dəqiqə davam edir.

19 may - “Qürur və qərəz”

Ceyn Ostinin əsəri əsasında ikihissəli qadın romanı 2013-cü il aprelin 14-də tamaşaçılara təqdim olunub. Quruluşçu rejissor İlqar Safat, quruluşun rəhbəri Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Süjet xətti mister Darsi ilə Elizabet arasında yaranan, qürur və qərəz sınaqlarından keçən sevgi tarixçəsini açır.

Tamaşanın birinci aktı 80 dəqiqə, ikinci aktı 70 dəqiqə davam edir.

24 may - “Mən, sən, o və telefon”

Tamaşanın premyerası 2022-ci il oktyabrın 7-8-də olub.

Tamaşaya quruluş vermək üçün Sankt-Peterburqdan soydaşımız – istedadlı rejissor, Rusiya Dövlət Səhnə Sənəti İnstitutunun məzunu, artıq Azərbaycanda, Rusiyada, Qazaxıstanda tamaşalar qoymuş Ərşad Ələkbərov dəvət olunub. Bu tamaşanın quruluşçu rəssamı Kristina Danilinadır (Rusiya).

Yazıçı Anarın əsəri əsasında səhnələşdirilmiş tamaşa telefonun baş qəhrəmanlar arasında birləşdirici halqa olduğu hadisədən bəhs edir. Rüstəmlə Mədinənin sevgi hekayəsi bu telefonun ətrafında cərəyan edir. Ancaq sonradan başqa bir aşiq personaj - Seymur əlavə edildikdə, hər şey daha da qarışıq olur. Bu sevgi üçbucağı iştirakçılardan ikisinin eyni şəxs olması ilə diqqəti çəkir.

Tamaşa 65 dəqiqə davam edir.

25 may - “Səkkiz sevən qadın”

Ünsiyyət, ailə və nəsillərin münaqişəsi problemlərinin satirik tədqiqini təsvir edən təsirli detektiv pyesin quruluşçu rejissoru Raulya Turkkandır. Pyes 1958-ci ildə Rober Tom tərəfindən yazılıb və ilk dəfə Parisdə 1961-ci ildə “VII Eduard” teatrının səhnəsində tamaşaya qoyulub.

Hadisələr şəhərkənarı evdə səkkiz qadının Milad bayramını qeyd etməyə hazırlıqları səhnəsi ilə başlayır. Lakin birdən hər şey dəyişir, kabinetdə kürəyinə bıçaq sancılmış ev sahibinin meyiti tapılır. Müxtəlif səbəblərdən polisin gəlişi ləngiyir. Nəticədə səkkiz qadının hər biri şübhə altında olur.

Bir vaxtlar gözəl, xoşsifət qadınlar adətən çox çətin vəziyyətlərdə olduğu kimi bir-birini öldürməyə, mehriban və xoşbəxt ailə idilliyasını dağıtmağa hazırdırlar. Sirlər və gizli istəklər üzə çıxır, illərlə qalaqlanan ailə problemləri elə həvəslə müzakirə olunur ki, qətl mövzusu ikinci plana keçir.

26 may – “Kraliçanın sonuncu ehtirası”

Tamaşanın premyerası 2018-ci il fevralın 24-də baş tutub, quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Melodrama Yelena Poddubnayanın “Yağış özü üçün elə hey yağırdı...” pyesi əsasında hazırlanıb.

İngiltərə kraliçası Elizabetin qarşısında mürəkkəb dilemma durur: öz hisslərini və yaşadıqlarını maska altında gizlədərək dövlətin hökmdarı olmaq, yaxud sevmək və sevilmək arzularına tabe olmaq...

Tamaşanın birinci aktı 60 dəqiqə, ikinci aktı 50 dəqiqə davam edir.

28 may - “Hekayəti-Müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur”

M.F.Axundzadənin məşhur komediyasının motivləri əsasında hazırlanan tamaşanın premyerası 2011-ci il dekabrın 17-də görkəmli Azərbaycan dramaturqunun 200 illiyi şərəfinə keçirilib. Quruluş teatrın baş rejissoru, Azərbaycanın Xalq artisti Aleksandr Şarovskiyə məxsusdur.

Hadisələr 1848-ci ildə Qarabağda cərəyan edir. Yerli növ bitkiləri öyrənməyə gələn fransalı nəbatatçı Jordan Hatəmxan ağanın qardaşı oğlu Şahbazı elm öyrənmək üçün Parisə aparmaq istəyir. Şahbazın nişanlısı Şərəfnisə və onun anası Şəhrəbanu xanım bu işə mane olmaqdan ötrü İrandan köməyə dərviş Məstəlini çağırırlar. Komediya ovaxtkı cəmiyyətin mövhumatını və savadsızlığını göstərir, habelə orta əsrlər feodal ideologiyasına qarşı yönəlib.

Tamaşanın birinci aktı 55 dəqiqə, ikinci aktı 50 dəqiqə davam edir.

31 may – “Voytsek”

XIX əsr alman dramaturqu, alim və şairi Georq Büxnerin 1837-ci ildə yazılmış və 1879-cu ildə Karl Emil Frantsozun əhəmiyyətli dərəcədə adaptasiyası ilə nəşr edilmiş pyesi əsasında hazırlanan tamaşanın premyerası bu il aprelin 28-də keçirilib.

Quruluşçu rejissor Azərbaycanın Xalq artisti Aleksandr Şarovskidir.

Süjet arvadını qısqanclıq zəminində öldürən və edam cəzasına məhkum edilən Leypsiq sakini Voytsek adlı bərbərin hekayəsi üzərində qurulub.

Tamaşanın əsasını real hadisə - ixtisasca həkim olan Büxnerin atasının əməkdaşlıq etdiyi tibb qəzetində ətraflı təsvir edilən cinayət işi təşkil edir. Müəllif onun iştirakçılarının xarakterlərini və sosial statusunu dəyişdirərək, kəskin sosial problemlərin qabardıldığı dramını səhnəyə çıxarıb.

“Voytsek” pyesi alman dramaturgiyasının ən böyük əsərlərindən biri kimi tanınıb və opera, musiqi və kino da daxil olmaqla bir çox interpretasiyalarda hazırlanıb.

Tamaşa antrakta fasilə verilmədən 1 saat 25 dəqiqə davam edir.

Tamaşalar 19.00-da başlayır.

# 593 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #