Rəşid Behbudovun məzarı ziyarət olundu

Rəşid Behbudovun məzarı ziyarət olundu
11 iyun 2024
# 16:30

Xalq artisti Rəşid Behbudovun vəfatının 35-ci ildönümündə Fəxri xiyabanda xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Kulis.az xəbər verir ki, anım mərasimində görkəmli sənətkarın yaratdığı və adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrının kollektivi, müğənninin ailə üzvləri iştirak edib.

Sənətkarın ruhuna dualar oxunub, xatirəsi dərin ehtiramla yad edilib.

Qeyd edək ki, dünyaşöhrətli müğənninin özündən sonra iz qoyduğu Mahnı Teatrı hər il anım günündə sənətkarı yad edir, Rəşid sənətini sevənlər onun məzarı önünə toplaşırlar.

Doğma vətənini hədsiz dərəcədə çox sevən müğənni 1966-cı ildə musiqi və estrada sənətinin balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Mahnı Teatrını təşkil edib, bu teatrın solisti və bədii rəhbəri olub. Səhnədə olduğu 55 il ərzində Rəşid Behbudov dünyanın 100-dən çox ölkəsinə səfər edib. O, həm də milli kinomuzda bənzərsiz obrazlar yaradıb.

Məlahətli səsi ilə könülləri fəth edən Rəşid Behbudov 1915-ci ildə Tiflisdə, xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Unudulmaz ifaçı 1989-cu il iyunun 9-da Moskvada vəfat edib.

# 616 dəfə oxunub

Müəllifin son yazıları

# # #