Rəşid Behbudov onu səhnəyə həsrət qoydu, anası ölənəcən yolunu gözlədi – Qürbətdə can verən müğənnimiz

Rəşid Behbudov onu səhnəyə həsrət qoydu, anası ölənəcən yolunu gözlədi – Qürbətdə can verən müğənnimiz
5 noyabr 2022
# 12:15

Kulis.az müğənni Cəfər Behbudov haqqında on maraqlı faktı təqdim edir.

Cəfər Ağaəli oğlu Behbudov 17 avqust 1951-ci ildı Bakı şəhərində teatr rejissoru Ağaəli Məstanov və aktrisa Nəcibə Behbudovanın ailəsində anadan olub. Onlar ailədə iki uşaq olublar. Bacısı Firuzə və Cəfər.

***

Lakin sonralar onun valideynləri ayrılır. Onların ailəsinin dağılmasına səbəb isə Cəfərin atasının Nəcibə xanıma etdiyi saysız-hesabsız xəyanətlər olub. Onlar rəsmən boşandıqdan sonra Nəcibə xanım Cəfəri atasının soyadından çıxararaq öz soyadına keçirir.

Cəfər Behbudov Asəf Zeynallı adına Musiqi Məktəbində təhsil alıb. O, 70-ci illərin sonlarında Tofiq Babayevin rəhbərlik etdiyi "Hicaz" qrupunun, ardınca Azərbaycan Dövlət Mahnı Teatrının solisti, daha sonra isə Brilliant Dadaşova, Mübariz Tağıyev, Firəngiz Rəhimbəyova ilə birlikdə Azərbaycan Televiziyasının ştatlı solisti olub.

***

Onun ifasında "Bağçadan gələn səs", "Sevdim", "Neyləyim" və başqa mahnıları da həmin dövrlərdə populyarlıq qazanır.
Konsertlərdə isə Flora Kərimova ilə bir yerdə çıxış edib, onunla "Sevgi mahnısı" adlı kompozisiyanı ifa edərək, klip çəkdirib.

***

Cəfər Behbudova ən böyük uğuru 1980-ci ildə ifa etdiyi Tofiq Quliyevin "Zibeydə" mahnısı gətirir. Bundan başqa "Bəyin oğurlanması" filmində kino işçilərinin axşam vaxtı istirahət etdikləri zaman səsləndirilən mahnını da o ifa edir.

Cəfər Behbudov iki dəfə evli olub. Onun Viktoriya və Səidə adlı qızları var. Cəfər bəyin ikinci evliliyi özündən yaşca çox böyük xanımla olub.

***

Cəfər Behbudov Xalq artisti Rəşid Behbudovun bacısı oğlu olub. Nəcibə xanımın Rəşid Behbudovdan bir neçə dəfə xahiş etməsinə baxmayaraq xanəndə bacısı oğluna heç bir köməklik göstərmir. Bunu isə onun Cəfəri qısqanması ilə əlaqələndirirlər. Bu barədə müğənni Sərxan Sərxan da müsahibəsində deyir:

“Cəfər Behbudov çox istedadlı adam idi, qəşəng səsi vardı. Amma dayısı Rəşid müəllim nə isə ona kömək etmirdi. Bilmirəm niyə. Cəfər həm də yaxşı insan, fağır oğlan idi. Biz onunla bir-iki dəfə Azərbyacanın rayonlarına, Qarabağa qastrollara getmişdik. Rəşid müəllim onu bir az qısqanırdı. Dayday idi də, gərək kömək edəydi”.


Məşhurluğunun ən yuxarı pilləsində olarkən gənc müğənni ölkəni birdəfəlik tərk edərək taleyini Ukrayna ilə bağlayır. Onun Bakıdan getməsinə isə bəzi adamlar səbəb olur. Müğənni müsahibələrinin birində bu haqda deyir:

“Nə deyim, necə danışım... İndi mənə qalan ancaq şəkillərdir. Baxıram və təəssüflənirəm ki, hər şey keçmişdə qaldı. Əslində mən Bakıdan yox, bəzi-bəzi adamlardan küsüb getmişəm. Çoxları elə bilir fəxr ad vermədilər, ona görə çıxıb getdim, amma elə deyil. Əslində, o vaxt mənə fəxri ad vermək istəyirdilər. Adım siyahıda var idi. Sonra Mübariz Tağıyevin adını ora saldılar. Bakıda yaşayanda Azərbaycan Televiziyasının solisti idim. Bir dəfə işə gələndə adımı ixtisara düşənlərin siyahısında gördüm. Getdim kadrlar idarəsinə, dedilər, təzə sədr gəlib, onunla danış. Təzə sədri də tanımırdım, gedib nə danışacaqdım? Adımı da işdən çıxarılanların siyahısına salmışdılar, sağ olsunlar, çox sağ olsunlar, vəssalam. Polad Bülbüloğlu o vaxt mədəniyyət naziri idi, getdim onun yanına. Dedim, Polad, vəziyyətim belədir, işsiz qalmışam. Dedi, bir az gözlə. Bir il gözlədim. Həmin ərəfələrdə tez-tez Ukraynaya gəlirdim, yaxşı dostlarım var idi. Gözlədim, gözlədim, gördüm, heç nə çıxmır. Ondan qabaq da dayım Rəşid Behbudovun Mahnı Teatrında oxuyurdum. Birdən-birə hər şey dağıldı. Konsert olmalı idi, dayım oxuyacaqdı. Rəhmətə gedəndən sonra dedilər, onun yerinə oxuya bilərsən? Dedim, əlbəttə, oxuyaram. Açılış oldu, oxudum. Sonra başa düşdüm ki, heç kimə lazım deyiləm, çıxıb getdim. Buna baxmayaraq mən heç kimi özümə düşmən bilmirəm. Rəşidin düşmənləri var idi, onunla bacarmadılar, mənim üstümə düşdülər. Qoy hamının yadında necə qalmışamsa, elə də xatırlanım. Təəssüf ki, mən imkanlarımın 50 faizini reallaşdıra bilmədim. Bacarığımın cəmi yarısını qoya bildim sənətə. Çətinliklər, maneələr çox oldu mənə”.

Kiyev kənarında şəxsi mənzilində yaşayan müğənni uzun illər Ukraynada fəaliyyət göstərən restoranlarda oxuyub pul qazanır. Ömrünün son illərində isə özünə qapanır, mətbuata müsahibələr verməkdən imtina edir, yaxın qohumları ilə belə əlaqələrini minimuma endirir.

***

Azərbaycanı tərk edəndən sonra anası həmişə onun geri qayıtmasını istəsə də, buna nail ola bilməyib. O, hər gün oğlunun divardakı şəklinə baxaraq onun nə zamansa geri qayıdacağına ümid edib. Və ömrünün sonuna kimi, ölənə qədər oğlunun yolunu gözləyib.


***

Müğənni sonuncu dəfə Bakıya 1999-cu ildə anasını itirən zaman gəlib. Bundan sonra yaxınlarının və doğmalarının heç biri ilə görüşməyib. Anasının məzarını isə internet vasitəsi ilə ziyarət edir. Cəfər Behbudov ömrünün sonlarına yaxın xərçəng xəstəliyinə tutulur. O, 26 sentyabr 2019-cu ildə Kiyevdə vəfat edir. Özünün xahişi ilə Kiyevdə dəfn olunur.


# 19373 dəfə oxunub

Müəllifin son yazıları

# # #