Rəqəmsal əsrdə yeni “Novruzəli”nin çarəsiz sədası: “Poçt qutusu haradadır?”

Rəqəmsal əsrdə yeni “Novruzəli”nin çarəsiz sədası: “Poçt qutusu haradadır?”
27 noyabr 2026
# 10:00

Kulis.az Əməkdar müəllim İmran Verdiyevin “Poçt qutusu”nun son sədası: rəqəmsal əsrdə yeni “Novruzəli” sindromu" yazısını təqdim edir.

Kənd yollarının tozlu kənarında, köhnə inzibati binaların divarında illərlə sükutla dayanıb insan nəfəsinə, kağız xışıltısına və uzaqdan gələn xəbərlərə şahidlik etmiş o dəmir poçt qutuları indi bir-bir yerindən qoparılır, ardınca isə kənd poçt məntəqələrinin qapılarına paslı qıfıllar vurulur.

İlk baxışda bu, dövrün qaçılmaz tələbidir - rəqəmsal əsrin soyuq və rasional məntiqi köhnəlmiş kommunikasiya vasitələrini tarixin arxivinə göndərir. Lakin kənddə divardan sökülən hər poçt qutusunun yerində qalan o solğun ləkəyə, günəşdən yanmış düzbucaqlı izə baxanda, insanın yadına nə texnoloji tərəqqi düşür, nə də optimallaşdırma hesabatları. Yaddaşın dərin qatlarından bir əsrdən çox əvvəl - 1903-cü ildə yazılmış, lakin sosial ağrısı hələ də soyumayan bir əsər boylanır: Cəlil Məmmədquluzadənin məşhur “Poçt qutusu” hekayəsi.


Ədəbiyyatşünaslıqda “adi əhvalatlarda böyük həqiqətlər”in bədii təcəssümü kimi səciyyələndirilən bu hekayə zahirən sadə bir məişət anlaşılmazlığı üzərində qurulsa da, dərin qatlarında hakimiyyət, cəhalət, yadlaşma və kommunikasiya böhranı kimi universal problemləri ehtiva edir. Əsərdəki hər bir detal - məktubdan tutmuş dəmir qutuya və polis idarəsinə qədər rəmzi yükə malikdir. Aradan yüz iyirmi ildən artıq vaxt keçməsinə baxmayaraq, bu gün kəndlərdə poçt infrastrukturunun ləğvi fonunda həmin ədəbi simvollar yenidən canlanır və müasir sosio-mədəni məna qazanır.

İyirminci əsrin əvvəlində Novruzəli üçün dəmir poçt qutusu yad, anlaşılmaz və qorxulu bir mexanizm idisə, bu gün mənzərə sanki tərsinə çevrilib, lakin mahiyyət dəyişməyib. Müasir dövrdə fiziki poçt qutularının yerini rəqəmsal portallar, mobil tətbiqlər, SMS təsdiqləri və bank terminalları tutur. Lakin xidmətlər sürətlə rəqəmsallaşdırılarkən və ənənəvi məntəqələr qapadılarkən çox vaxt Vəli xan yanaşması təkrarlanır: insanlara sadəcə “artıq hər şey onlayndır, tətbiqdən istifadə edin” deyilir, lakin ucqar kənddə yaşayan yaşlı sakinin, rəqəmsal savadlılığı zəif olan və ya dayanıqlı internet bağlantısından məhrum qalan vətəndaşın buna texniki və psixoloji cəhətdən hazır olub-olmadığı nəzərə alınmır. Vaxtilə Novruzəliyə qutunun işləmə mexanizmi izah edilmədiyi kimi, bu gün də insanın real imkanları hesaba qatılmır. Vasitə dəyişib, amma “sistemi anlamaq” və onun qarşısında aciz qalmaq problemi qalıb.

Digər tərəfdən, bu proses təkcə texnoloji uyğunlaşma məsələsi deyil, həm də mərkəzlə ucqarlar arasındakı sosial məsafənin böyüməsidir. Şəhər mühitində kuryer xidmətləri və onlayn ödənişlər fonunda klassik poçtun sıradan çıxması gündəlik həyatda o qədər də kəskin hiss olunmur. Kənddə isə poçt məntəqəsi heç vaxt sadəcə məktub qəbul edən texniki obyekt olmayıb; o, kəndin ictimai yaddaşında dövlətlə vətəndaş arasındakı canlı təmas nöqtəsi, yaşlılar üçün təqaüd və rəsmi sənəd ünvanı, ucqar məkanlar üçün etibarlı əlaqə mərkəzi idi.

Poçtalyon da sadəcə məktub daşıyan şəxs deyil, savadı olmayan kəndliyə gələn rəsmi kağızı oxuyan, onun əvəzinə ərizə yazan, sənədlərini rəsmiləşdirməyə kömək edən, məktub və qəzet-jurnalları çatdıran canlı bir vasitəçi, etibarlı bir ünsiyyət körpüsü idi.

İndi bu canlı insan amili sıradan çıxır və kəndli soyuq alqoritmlərlə, cavabsız avtomatlaşdırılmış sistemlərlə təkbətək qalır. Ekranlardakı xəta bildirişləri, şifrə tələbləri və səsli menyular isə müasir dövrün “qorodovoy”larına çevrilir - insan nə qədər izah etməyə çalşsa da, sistem onu eşitmir. Vaxtilə Novruzəli bir məktubu çatdırmaq üçün yad şəhərin küçələrində sərgərdan qalıb sonda zindana düşmüşdüsə, bu gün də bir çox kənd sakini adi bir arayış, kommunal ödəniş və ya bağlama üçün kilometrlərlə yol qət edərək rayon mərkəzinə üz tutmaq məcburiyyətində qalır. Bu, fiziki məkanın daralması və xidmətlərə əlçatanlığın məhdudlaşması və insanın öz doğma kəndində belə özünü sistemdən təcrid olunmuş hiss etməsi deməkdir.

Cəlil Məmmədquluzadə “Poçt qutusu”nda heç vaxt yeniliyin və tərəqqinin əleyhinə çıxmırdı, böyük mütəfəkkir yeniliyin sadə insanı əzən, onu sistemdən kənarda və köməksiz buraxan formada tətbiqinə etiraz edirdi. Texnoloji tərəqqi qaçılmazdır və köhnəlmiş xidmət modellərinin yenilənməsi təbii tarixi prosesdir.

Lakin ədibin bir əsr əvvəl verdiyi sosio-fəlsəfi xəbərdarlıq bu gün də öz aktuallığını qoruyur: cəmiyyətin ən həssas və ən ucqar nöqtəsində yaşayan insanın imkanlarını nəzərə almayan hər bir modernləşmə özündə yeni bir “Novruzəli faciəsi” riski daşıyır.

Nəticə etibarilə, kəndlərdə poçt məntəqələrinin bağlanmasının məhz “Poçt qutusu” hekayəsini yada salması nə nostalji duyğudur, nə də ədəbi təsadüf. Bu, zamanın dəyişən dekorasiyası fonunda təkrarlanan tarixi-sosial paralellikdir. Hər iki dövrdə ortaq bir ağrı var: insan ilə sistem arasındakı dərinləşən məsafə və kommunikasiya böhranı. Əlbəttə, Novruzəli obrazını müasir dövrün hər hansı insanı ilə eyniləşdirmək olmaz. Müqayisə insanları deyil, müxtəlif tarixi dövrlərdə üzə çıxan iştimai problemləri ehtiva edir.

Köhnə binaların divarında qalan o solğun, düzbucaqlı izlər təkcə paslanmış dəmir qutunun söküldüyünü deyil, həm də bir dövrün səmimi, canlı insan ünsiyyətinin, etibar və doğmalıq körpüsünün səssizcə vida etdiyini göstərir. Rəqəmsal əsr bizə sonsuz sürət və rahatlıq vəd etsə də, bu sürətin içində kimsəni geridə qoymamaq məsuliyyətini də unutdurmamalıdır. Çünki texnologiya nə qədər mükəmməl olursa-olsun, onu anlayan bir bələdçi, əl uzadan bir insan olmadıqda sadəcə soyuq bir divara çevrilir.

Bəlkə də, elə buna görə, kənddə boş qalmış hər poçt qutusu yerinə baxanda, zamanın o üzündən qulağımızda hələ də Novruzəlinin çarəsiz, sual dolu səsi əks-səda verir: “Poçt qutusu haradadır?”


# 502 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər