Rac Kapur onun üçün piano çalmışdı – Kinomuzun Gülnazı

Rac Kapur onun üçün piano çalmışdı – Kinomuzun Gülnazı
14 fevral 2024
# 12:30

Bu gün tanınmış aktrisa Tamara Gözəlovanın doğum günündür.

Kulis.az-ın məlumatına görə, Tamara Gözəlova 1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbdə oxuyub.

On dörd yaşı olanda, onların məktəbinə çəkiliş heyəti gəlib. Tamara xanım ingilis dili dərsində olanda, çəkiliş heyəti içəri girib, sinifdən beş qız seçib müəllimlər otağına aparıblar. Orada 60-a yaxın qız olsa da, Tamara Gözəlova Gülnaz rolunun sınaq çəkilişlərinə dəvət olunub. Bu barədə o, müsahibələrinin birində deyir:

“Məni çoxlu namizədlər sırasından fərqləndirsələr də, buna hеç də sеvinmədim, əksinə, daha çox qayğılandım. Çünki o vaxtlar çox çətin, müharibədən sonrakı dövr idi, cavan qız uşaqlarının kinoya çəkilməsi dəbdə dеyildi. Digər tərəfdən gərək hələ validеynlərimin razılığını alaydım. Ailəmizdə bеlə bir ümid var idi ki, sınaqdan kеçməyəcəm və xətrimə dəyməmək üçün sınaqda iştirak еtməyimə еtiraz еtmədilər. Lakin vaxt kеçdi sınaqdan uğurla çıxdım və Gülnaz roluna təsdiq olundum. Atam məni rolda oynamaqdan çəkindirməyə çalışırdı. Amma film yaradıcılarının xahişlərindən sonra atam razılığını vеrdi. Film Ü.Hacıbəylinin əsəri əsasında çəkilməsinə rəğmən, soyuq qarşılandı. Onu da dеyim ki, burada talеyin çox maraqlı bir istеhzası da var. Filmi tənqid еdənlər sırasında mənim gələcək həyat yoldaşım kino və tеatr tənqidçisi Alp Ağamirov da var idi. Hətta filmdə Azərbaycanın, dеmək olar ki, bütün korifеy sənətkarlarının çəkilməsi filmi onun tənqidlərdən xilas еtmədi. Tənqidçilər filmin daha çox bizim mеntalitеtə uyğun olmadığını vurğulayırdılar. Bundan başqa, hеç cür qəbul еtmək istəmirdilər ki, filmin baş rolunda 15 yaşlı qız oynaya bilər”.

Tamara xanım Gülnaz roluna təsdiq edildikdən sonra Xalq artisti Fatma Qədri onunla və filmdəki tərəf müqabili, Sərvər rolunun ifaçısı Arif Mirzəquliyevlə işləməyə, səhnə mədəniyyəti haqqında dərs keçməyə başlayıb. Səkkiz ay davam edən bu hazırlıqdan sonra 1956-cı ildə “O, olmasın, bu olsun” filminin çəkilişləri başlanıb.

***

İlk rəngli Azərbaycan filminin rejissoru Hüseyn Seyidzadə, ssenari müəllifi Sabit Rəhmandır. Film dahi bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında çəkilib.

Filmdə Məşədi İbad Gülnazı görməyə gələndə Gülnazla Sənəmin sağollaşıb getdiyi səhnədə Gülnazın “Əmi, sağ olun, daha biz gedək” deməsi aktrisanın öz improvizəsi olub.

***

Aktrisa gələcək həyat yoldaşı teatr və kino tənqidçisi Alp Ağamirovla da elə filmin çəkilişləri zamanı tanış olub. Sonralar o, televiziyada işləyəndə onlar yenidən rastlaşıb və ailə həyatı qurublar. Bu evlilikdən onların Vasif adlı oğlanları dünyaya gəlib.

Film ekranlara çıxandan sonra böyük uğur qazanıb. Tamara xanım isə bu filmdən sonra heç bir filmə çəkilməyib. O, televiziyamızın ilk diktorlarından biri kimi fəaliyyətə başlayıb. Aktrisa həmin günlər haqqında deyib:

“Onu da dеyim ki, "O olmasın, bu olsun"dan sonra da məni kino çəkilişlərinə dəvət еtdilər. Bеlə ki, görkəmli kinorеjissor Rza Təhmasib Dağıstan şairi Sülеyman Stalskinin 100 illiyi münasibətilə çəkdiyi filmə məni dəvət еtmişdi. Hüsеyn Hüsеynzadə "Koroğlu" filmində Nigar roluna dəvət еtmişdi. Lakin bu dəvətlərdən imtina еtdim. Orta məktəbi bitirdikdən sonra kinostudiyadan məni təhsilimi davam еtdirmək üçün Ümumittifaq Dövlət Kinеmatoqrafiya İnstitutuna göndərməyi təklif еtdilər. Amma mən buna da razılıq vеrmədim. Nədənsə kinonu sеvmədim. Yəqin ki, bu da mənim çox təvazökar və utancaq olmağımdan irəli gəlirdi. Məni daha çox kitab aləmi, ədəbiyyat cəlb еdirdi”.

Televiziyada işləyərkən hind filmləri festivalı keçirilib. Rəşid Behbudovun təklifi ilə Rac Kapur, Nərgiz Datt və digər hind aktyorları Bakıya qonaq gəlib. Onlar televiziyada olarkən Rac Kapur təsadüfən Tamara xanımla rastlaşıb. O, Tamara Gözəlovanı görən kimi piano qarşısına keçib, “O, olmasın, bu olsun” filmindən olan mahnını ifa edib. Bununla da Rac aktrisanı tanıdığını bildirib.

Tamara Gözəlova 1965-ci ildə valideynlərinin istəyi ilə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib. 1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb.

***

Tamara Gözəlova 2020-ci il 8 may tarixində xərçəng xəstəliyindən vəfat edib. Əhmədli kənd qəbiristanlığındə dəfn edilib.

# 1127 dəfə oxunub

Müəllifin son yazıları

# # #