Qızın qohumları onu öldürmək istəyirdilər – Məşhur şairdən maraqlı faktlar

Ağa Laçınlı, şair

Ağa Laçınlı, şair

25 noyabr 2021
# 21:00

Bu gün mərhum şair Ağa Laçınlının anım günüdür. Kulis.az bu münasibətlə şair haqqında maraqlı faktları təqdim edir.

Ağa Laçınlı 1940-cı il may ayının 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub.

***

Gallery

Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun poeziya fakültəsində təhsil alıb.

***

1970-80-ci illərdə şeirlərində olduqca sərt, açıq dildə antisovet mətnlər yazıb. Yazılarını dostlarının köməyilə senzuradan keçirdirdi, ancaq bu şeirləri reklam etdirmirdi.


***

Gallery

Ağdam rayonundan qız sevib. Şairin ailəsi ilə qızın ailəsinin dostluğu ulu babalara qədər gedib çıxırmış. Ancaq qızı sevmədiyi adama nişanlayıblar. Bir-birini sevən cütlük birbaşa təyyarə ilə Moskvaya qaçıblar. Qız tərəfin adamları Ağa Laçınlını öldürmək istəyiblər. Ancaq aradan keçən zaman iki ailə arasında buzları əridib.

***

Ağa Laçınlının 5 övladı olub. Üç oğlan, iki qız. Oğlanlarından biri bu gün tanınmış yazıçı Fəxri Uğurlu, digəri isə tanınmış jurnalist Azər Qaraçənlidir.

***

Gallery

Şairin ilk oxucusu böyük oğlu Fəxri olub. Yazıçı - Ağa Laçınlı, oğluna belə müraciət edərmiş. Daha sonra deyərmiş: “Biz ata-bala deyilik ki, qardaşıq”. Onun Fəxriyə həsr etdiyi “Eylə” rədifli qoşması atanın oğula müraciətlə yazdığı ən məşhur və ən yaxşı şeirlərdən sayılır.

***

Ağa Laçınlı Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib. Tələbələrini dərsdən kəsməz, rüşvət almazdı. Hətta tanımadığı tələbələri yaxşı tanıdığı zalım müəllimlərə tapşırıb qiymət yazdırardı.

***

Gallery

Laçın rayonu 1992-ci ildə işğal olunduqdan sonra Ağa Laçınlı bərk sarsılır və Moskvada ciddi əməliyyata məruz qalır. Əməliyyat uğurla keçir və şairi evə buraxırlar. Dostları şairi xəstəxanadan çıxartmağa gəlirlər. Şəhərdə gəzərkən birdən Ağanın gözü at sürən rus qızına sataşır. Dostundan xahiş edir ki, atı minmək istəyir. Rus qız da gülə-gülə atı Ağa Laçınlıya verir. Şair parkın o başına - bu başına atı sürür, əhvalı xeyli yaxşılaşır.

***

Ağa Laçınlı Şəkər Aslana şair kimi böyük dəyər verib. Şəkər Aslanın adına küçə olmadığından, Ağa Laçınlı ona “Şəkər Aslan küçəsi” adlı şeir yazıb.

Gallery

***

Günlərin bir günü İsa İsmayılzadə, Ağa Laçınlı və Seyran Səxavət qatarda gedirmişlər. Kupedə darıxan dostlar istedadsız Azərbaycanın yazıçılarının siyahısını tutmağa başlayırlar. Bir də baxırlar ki, kupedə olan üç nəfərdən başqa hamının adı burdadır. Bu arada İsa İsmayılzadə nəyə görəsə kupedən çıxır. O çıxan kimi Ağa Laçınlı deyir:

- Seyran, o siyahıya bunun da adını yaz! Bundan şair olmaz!

***

Gallery

Zəlimxan Yaqub, Şəkər Aslan, Musa Ələkbərli, Hüseyn Arif, Musa Yaqub, Məmməd Aslan, Aşıq Şəşmirlə dost olub. Şair dostları haqqında belə deyib: “İmam kimi adamlardır.”

***

Müəllim olduğu dövrlərdə aşıq şeirinin köhnəldiyinə qarşı fikirlər yürüdülürdü. Ağa Laçınlı bu barədə çox narahat olub. Ədəbiyyat haqda belə demişdi: “Ədəbiyyatın kökündə xalq yaradıcılığı, folklor durmursa, o, məhvə məhkumdur.”

***

Related image

1980-ci ildə “Azərbaycan bayatılarının bədii xüsusiyyətləri” adlı namizədlik dissertasiyası müdafiə edərək alimlik dərəcəsi alıb.

***

Şair antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olub. Qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, Vyetnam, slovak, yapon, Koreya, Argentina və başqa xalqların klassik poeziyasından seçmələri dilimizə tərcümə edib.

***

Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.

# 16870 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #