Qəmlo ilə dost oldu, Nərimanov ona medal verdi, ermənilər tərəfindən öldürüldü – “Axırıncı Aşırım”ın Abbasqulu bəyinin faciəvi həyatı

Qəmlo ilə dost oldu, Nərimanov ona medal verdi, ermənilər tərəfindən öldürüldü – “Axırıncı Aşırım”ın Abbasqulu bəyinin faciəvi həyatı
25 fevral 2022
# 12:20

Kulis.az el qəhrəmanı Abbasqulu bəy Şadlinski haqqında maraqlı faktları təqdim edir.

Abbasqulu bəy Xanbaba oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olub. O, çox erkən yaşda atasını itirir.

***

İki sinifli rus-tatar məktəbini bitirəndən sonra bir müddət mirab (əkin sahələri üzrə suvarmaçı) işləyir, atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olur.

***

Çar dövründə Peterburqda mühəndislik sahəsi üzrə təhsil alır. Rusiyada və İranda baş verən inqilablar onun ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərir.

***

Abbasqulu bəy iki dəfə ailə qurub. Onun ilk birinci arvadı Nazlı xanım Calalı kürdüymüş, ondan uşağı olmayıb. İkinci dəfə Maçan adlı qadınla evlənən bəyin üç oğlu, bir qızı dünyaya gəlir. İskəndər, Məmməd, İsfəndiyar və Tacı xanım. İskəndər müharibəyə gedib, qayıtmır. Məmmədi o vaxtkı adamların dililə desək “vurğun vurub”. Onlardan heç bir nişanə qalmayıb. Çavankən, heç evlənməmiş dünyadan köçüblər. İsfəndiyar bəy isə bir gözünün üstündə böyük xal olduğundan onu müharibəyə aparmayıblar. Son günlərə qədər İmişlidə yaşayıb. Uzun illər müəllim işləyib. İndi övladları, nəvələri yaşayır orda. Nəvələrindən biri Abbasqulu bəyin adını daşıyır.

Abbasqulu bəy xasiyyətcə bir az sərt və ciddi adam olub. Amma Vedi camaatı üçün ata olub, qardaş olub, bir sözlə hər işlərinə yarayan, böyüklük eləyən, hər çətinlikdə köməklərinə çatan bir insan olub. O vaxt çox cavanların Peterburqda təhsil almasına səbəbkarlıq eləyib və həmişə onlardan maddi köməyini əsirgəməyib.

***

1907-ci il fevral inqilabından sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr edir, kommunistlərə rəğbət bəsləyir.

***

1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi olan gələcək "Qırmızı tabor"u təşkil edir.

O, 1918-ci ildən 1921-ci ilə qədər daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olur. "Qırmızı tabor"çuların daşnaklara qarşı döyüşlərdə göstərdikləri igidlik və şücaətlərinin qarşılığında, onlardan 19 nəfər "Qırmızı bayraq" ordeni ilə təltif olunur.

***

1918-1919-cu illərin yay aylarında daşnak hərbi hissələrinin Vediyə hücumlarının qarşısının alınmasında böyük şücaət göstərən "Qırmızı tabor"çular, sonradan Şadlinskinin əmri ilə nizami daşnak ordusunun üstün qüvvələri qarşısında kəndi döyüşlə tərk edir, Vedibasar və Zəngibasar əhalisinin əksər hissəsi ilə İran ərazisinə keçərək, əvvəlcə Xoy şəhəri yaxınlığında, sonra isə Mərənd şəhəri ətrafında mövqe tuturlar.

***

28 iyul 1920-ci ildə Naxçıvanda sovet hakimiyyəti elan olunduqdan sonra Hərbi İnqilab Komitəsinin və Nəriman Nərimanovun dəvətini qəbul edərək, sentyabrın 17-də 200 nəfərlik "Qırmızı tabor" dəstəsi ilə Naxçıvana gəlir. Buradakı qırmızı qvardiya döyüşçüləri də onun dəstəsi ilə birləşir.

***

Şadlinski ilk vaxtlar Naxçıvan sərhədlərinin qorunmasına, sonra Zəngəzur istiqamətində öz dəstəsinin daşnak hissələri ilə fəal döyüş əməliyyatlarına başçılıq edir. Onlar cəllad Dronun daşnak qüvvələrini darmadağın edərək, Naxçıvanda Sovet Hakimiyyətini qurmuş, burada ingilis-daşnak işğalına son qoymuşdur. O, bu xidmətləri müqabilində Nəriman Nərimanov tərəfindən "Qızıl Ulduz" medalı ilə təltif edilir.

Şadlinski 1921-ci ilin fevralından aprelin əvvəllərinə kimi İrəvanda daşnak qiyamının yatırılmasında qəhrəmanlıq göstərir. Daşnaklarla döyüşlərdə göstərdikləri şücaətə görə, Şadlinski başda olmaqla "Qırmızı tabor"un 19 nəfər üzvü Ermənistan SSR-nin "Qırmız bayraq" ordeni ilə təltif olunur.

***

Ermənistanda və Zəngəzurda daşnak fitnəkarlıqlarına son qoyulduqdan sonra, Şadlinski 1922-ci ilin sonunadək Naxçıvanda qalmış və buranın sərhədlərinin qorunmasına rəhbərlik etmişdi.

***

Sonradan Vediyə qayıdan Şadlinski 1922-1928-ci illərdə Ermənistanda bir sıra məsul təsərrüfat vəzifələrində çalışır, sonra isə burada yaradılan Dəvəli sement zavodu tikintisinin rəhbəri təyin olunur.

***

Abbasqulu bəy Şadlinskinin nəticəsi sayılan, 1966-cı ildən Tərtər rayonunun Borsunlu kəndində yaşayan Xırdaxanım Əliyeva müsahibəsində deyir:

Kərbalayi İsmayılın oğlanlarından biri, dəqiq yadımda qalmayıb Məhərrəmmi, yoxsa Yadullamı, Abbasqulu bəyin nəslindən olan Ceyran bibimin 16 yaşı olanda, onu götürüb qaçırır. Hadisəni görənlər olur. Bəyin adamlarından da bir neçə atlı düşür bunların ardınca. Var gücləri ilə atları qovurlar ki, Kərbalayının hasarını keçməmiş qızı aparanlara çatsınlar. O vaxlar belə bir adət varmış ki, əgər qız qaçırılıb aparıldığı evin hasarını keçibsə, onu əldən alıb geri - atası evinə qaytarmaq qız evi üçün çox böyük namussuzluq sayılırmış. Nə isə, Kərbalayinin həyətinə adlamamış Ağamirzə bəyin atlıları Ceyran bibini qaçıranlara çatıb qızı alırlar və elə səhərisi gün qızın «hə»sini verirlər. Kərbalayi İsmayılın oğlu öldürüləndə, Abbasqulu bəydən bilmişdilər. Amma sonra ağsaqqallar Quran aparıb and içiblər ki, bu ölüm bizlik deyil. Məsələ bununla da bitib. Sonradansa məlum olub ki, oğlanı ermənilər doğrayıblar. Abbasqulu bəy Qaratorpaq deyilən yerdə öldürülüb. Abbasqulu bəy başının dəstəsilə gəlirmiş. Deyilən yerə çatanda görüb ki, yolun bir tərəfində ermənilər pusqu qurub, o biri tərəfdə isə onun gəlişini ermənilərə xəbər verən satqınlar. Atışma olur, Abbasqulu bəy, Xəlil və başqa bir nəfər vurulandan sonra sıldırım qayadan uçuruma yuvarlanırlar. Nə qədər ki, müsəlmanlar orda yaşayırdı, həmin uçurumun yanından keçən bütün maşınlar dayanar, dağdan gələnlər də, dağa gedənlər də həmin yerə gül atarmışlar”.

Abbasqulu bəy haqqında tarixçi Aqil Kəngərli deyir:

“Babam Abbasqulu bəy Şadlinski ilə bağlı xatirələrini danışarkən, onun bolşeviklərin tərəfinə keçməsini belə əsaslandırırdı ki, daşnaklara qarşı mübarizə aparıb, onları torpaqlardan təmizləmək üçün bu addımı atmışdı. Çünki babamın atası "Qırmızı tabor"da onunla birgə savaşmışdı. Səhv etmirəmsə, 1920-ci ildə Şərur-Dərələyəzin insanları Maku vilayətinə keçmişdilər. Sonradan Abbasqulu bəy strategiyasını dəyişməyə məcbur oldu və bolşeviklərə yaxınlaşma xəttini tutdu. Onun həyatının bu hissəsi mərhum yazıçımız Fərman Kərimzadənin "Qarlı aşırım" əsərində əks olunur. Burda əsas məqsəd Abbasqulu bəyi aradan götürmək, həmçinin keçmiş dostları, onların tərəfdarlarını, qohum-əqrəbalarını üz-üzə qoymaq idi. Bu, erməni xislətidir. Əslində, Abbasqulu bəyin ölümündə nə Qəmlonun, nə Kərbəlayı İsmayılın günahı var. Bu, Ermənistanın o vaxtkı xüsusi xidmət orqanlarının əli ilə törədilib. Bu haqda bizim tədqiqatçılarımız kifayət qədər yazıblar. Mənim babamdan eşitdiyim isə odur ki, Abbasqulu bəy və Xəlillə (o, kolxoz sədri olub ) birlikdə olan 3-cü şəxs - yəni Talıbov Ermənistan xüsusi xidmət orqanlarının əmakdaşı olub. Vaxtilə Abbasqulu bəy də, Qəmlo da, Kərbəlayı İsmayıl da daşnaklara qarşı birgə vuruşublar. Əslində, Qəmlo filmdə göstərildiyi kimi qəddar adam olmayıb, amma vuran-tutan, igid adam olub. Abbasqulu bəydən sonra Qəmlonu da aradan götürürlər. Onu bir məclisə dəvət edib, sonra isə xaincəsinə güllələyirlər. Mən ağsaqqallardan eşitdiyimə görə, ona gizlindən güllə atan adamın adı Şirəli olub. Kərbəlayı İsmayıl isə Türkiyəyə keçir və 1948-ci ildə İqdırın Daşburun kəndində 78 yaşında vəfat edir”.

Abbasqulu bəyin həyatı yazıçı Fərman Kərimzadənin "Qarlı aşırım" romanında öz əksini tapıb. Roman əsasında 1971-ci ildə “Axırıncı aşırım” filmi çəkilir.

***

Filmdə “Qəmlo” “Abbasqulu bəy”i öldürdüyünə görə, Adil İsgəndərovun canlandırdığı “Kərbəlayi” tərəfindən həyatına son qoyulur. Amma bu səhnə senzuradan keçmir. “Kərbəlayi” qəhrəman kimi qələmə verilmiş hesab olunur və bu, qadağan edilir.

Rejissor Kamil Rüstəmbəyov bu səhnəni yenidən çəkir. Bu dəfə “Qəmlo”nu “Kərbəlayi” deyil, “Xudayar”ın qardaşı öldürür. Yeni versiyada “Kərbəlayi”nin adamlarının birinin dilindən “Kərbəlayi Qəmlonu gəbərtdi” cümləsi də ilk çəkilişdən qalıb.

***

1972-ci ildə Tbilisidə V Ümumittifaq kinofestivalında Kərbalayi obrazına görə Adil İsgəndərov, Abbasqulu bəy roluna görə isə Həsən Məmmədov "ən yaxşı kişi obrazı" mükafatına layiq görülürlər.

***

Abbasqulu bəy Şadlınskinin isə 1930-cu ildə Sovet “KQB”si tərəfindən öldürüldüyü ehtimal edilir.

# 9356 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #