"Qəhrəmannamə" yazılı dastan abidəsi kitab halında çap olundu

"Qəhrəmannamə" yazılı dastan abidəsi kitab halında çap olundu
22 fevral 2023
# 18:00

"Qəhrəmannamə" yazılı dastan abidəsi kitab halında çap olundu.

Kulis.az xəbər verir ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Aybəniz Rəhimovanın ““Qəhrəmannamə” yazılı dastan abidəsi (elmi-paleoqrafik, filoloji araşdırma və mətnin transfoneliterasiyası)” adlı kitabı işıq üzü görüb. Yaxın Şərqdə geniş yayılmış, mövzusu islam dinindən daha öncəki minilliklərə gedib çıxan mifoloji-tarixi qəhrəmanlıq yazılı dastan abidəsi əsasında hazırlanan bu kitab Əlyazmalar İnstitutunun Elmi Şurasının müvafiq qərarı ilə çap olunub.

Aybəniz Rəhimova “Qəhrəmannamə”nin mətnini dastanın Əlyazmalar İnstitutunun xəzinəsində qorunan əlyazma və əski çap kitabları olmaqla səkkiz nüsxəsi əsasında nəşrə hazırlayıb. O, mövcud nüsxələrin içərisindən seçilmiş B-1506 şifri altında mühafizə olunan, XVII əsrə aid yazılı dastan abidəsi üzərində elmi-paleoqrafik müqayisələr aparıb. Müəllif “Qəhrəmannamə”ni elmi mənbələr əsasında digər dini-qəhrəmanlıq dastanlarıyla tipoloji müqayisəli təhlilə cəlb edib, onun mətnini müasir Azərbaycan əlifbasına transfoneliterasiya edərək ilk dəfə Azərbaycan oxucularına təqdim edibdir.

Kitaba “Giriş”, “Qəhrəmannamə” dastan və onun əlyazması”, “Qəhrəmannamə” dastanının nüsxələri və onların fərqli cəhətləri”, “Dastanın elmi mənbələr əsasında məzmunun şərhi”, “Ədəbiyyat siyahsı” kimi hissələrlə bərabər, “Dastanın tarnsfoneliterasiyası”, “Dastanın fotofaksimilesi” də daxil edilib.

Ömrünü “Kitabi-Dədə Qorqud” dastanının tədqiqinə həsr etmiş filologiya elmləri doktoru, Əməkdar elm xadimi, Şamil Cəmşidovun əziz xatirəsinə ithaf olunan bu yeni nəşrin elmi redaktoru fil.ü.f.d., dosent Əli Məmmədbağıroğlu, redaktoru Arif Ramazanov, rəyçiləri fil.ü.e.d., professor Azadə Musayeva və fil.ü.e.d., dosent Paşa Əlioğludur.

Bildirmək istərdik ki, “Qəhrəmannamə” kitabı mifik qəhrəmanlarla, möcüzəli, sehirli hadisələrlə zəngin olub, mifoloji-tarixi qəhrəmanlıq dastanıdır. Əsərin əsas surəti olan Qəhrəmanın adını daşıyır. İlk dəfə dastanın nüxsəsi ilə tanış olan prof. Şamil Cəmşidov dastan haqqında 1984-cü ildə “Bakı” qəzetində, “Qəhrəmannamə dastanı” adı altında məlumat xarakterli məqalə ilə çıxış edərək: “Qəhrəmannamə”nin Azərbaycan şifahi xalq ədəbiyyatında analoqu olmayan mifoloji-tarixi-qəhrəmanlıq dastanı olduğunu vurğulamışdır. İran-Turan əfsanələri əsasında yaranmış “Qəhrəmannamə” dastanının məzmunu İslamdan qabaqki dövrü əhatə edir, sujet və ideyasına görə, tarixi-mifoloji xarakter daşıyır. Əsərdə çox qədim dövr, Firdovsinin “Şahnamə”sindəki hökmdarlar və bu dövrə aid müharibələr təsvir edilir.

# 1675 dəfə oxunub

Müəllifin son yazıları

# # #