Qədim Şumer və yunan mifologiyasından yazan gürcü romançı

Qədim Şumer və yunan mifologiyasından yazan  gürcü romançı
1 oktyabr 2025
# 15:30

Bu gün tanınmış gürcü yazıçı Otar Çiladzenin anım günüdür.

Kulis.az bu münasibətlə ədibin həyatı və yaradıcılığı ilə bağlı maraqlı faktları təqdim edir.

Otar Çiladze XX əsrin ikinci yarısında gürcü ədəbiyyatında dərin iz qoymuş, poetik və fəlsəfi baxışları ilə seçilən yazıçı və şairdir.

O, 20 mart 1933-cü ildə Gürcüstanın şərqində, Kaxeti bölgəsində yerləşən tarixi Siğnaği şəhərində anadan olub.

Otar Çiladze Tbilisi Dövlət Universitetində təhsil aldıqdan sonra 1956-cı ildə jurnalist kimi çalışmağa başlayıb. Ədəbiyyata ilə 1950-ci illərdə şeirlə gəlib. Tbilisidə bir neçə nüfuzlu ədəbiyyat jurnalında çalışıb və bu jurnallara rəhbərlik edib.

Otar Çiladzenin yaradıcılığı Stalindən sonrakı dövrdə gürcü ədəbiyyatının dirçəlişində mühüm rol oynadı. Onun romanlarında qədim Şumer və yunan mifologiyası elementləri ustalıqla işlənib, bu isə yazıçıya universal ədəbi dəyər qazandırıb.

Çiladzenin məşhurluğunu daha da artıran əsərlərindən biri, 1972–1973-cü illərdə uzun seriyalarla dərc edilən "Yolda bir adam gedirdi" romanıdır.

Bu əsər sadəcə bir şəxsin deyil, bütöv bir cəmiyyətin və dövrün simvolik portretini təqdim edir. Yazıçının "Məni tapan hər kəs", "Avelum", "Mart xoruzu", "Dəmir teatr" romanları da mövzu və bədii sənətkarlıq baxımından seçilir.

Otar Çiladze bir çox nüfuzlu mükafatlara layiq görülüb. Yalnız romanları ilə deyil, həm də şeirləri və pyesləri ilə yadda qalan Çiladze, gürcü ədəbiyyatının poeziya və dramaturgiya sahələrində də güclü iz qoyub.

Onun əsərləri bir çox dillərə tərcümə olunaraq beynəlxalq oxucu auditoriyasına çatdırılıb.

Otar Çiladze 1 oktyabr 2009-cu ildə, Tbilisidə dünyasını dəyişib.

# 97 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər