Qadının qəbrinə sürünərək gedən kişi – Elnarə Qaragözova yazır...

Qadının qəbrinə sürünərək gedən kişi – Elnarə Qaragözova yazır...
23 fevral 2023
# 14:00

Kulis.az Elnarə Qaragözovanın “Kamran Nəzirli nəsri: bədii detalların gücü” adlı yazısını təqdim edir.

Kamran Nəzirli imzası ədəbiyyatımızda realist nəsri təmsil edən əsas imzalardandır. Yazıçının ilk kitabı olan "Sevgi nağılı"nda toplanmış əsərləri, xüsusilə "Bazar günü", "Həsrət" hekayələri həm mövzu, həm də üslub baxımından 70-80-ci illər nəsrinin təzahürü kimi çıxış edir. Yazıçının daha sonralar qələmə aldığı əsərlərdə bu üslub və mövzular arxa plana keçir, solğunlaşır, əvəzində isə müstəqillik dövrü nəsrinə xas keyfiyyətlər meydana çıxır.

Kamran Nəzirlinin "Müharibə" hekayəsi 1941-45-ci illər müharibəsi ilə bağlı hadisələrin uşaq aləmində əks-sədasını əyaniləşdirir. Bu fonda müəllif əsl məhəbbətin sadə, gündəlik həyatın qayğıları, carilik içində görünməyən izlərini, naxışlarını müharibədə itkin xəbəri gələn, uzun illər sonra vətənə qayıdan kişinin qadınının qəbrinədək dizin-dizin sürünərək, ağlayaraq getməsi kimi emosional yükü yüksək olan səhnə ilə əyaniləşdirir:

"Atam bircə anın içində büküldü; mənə elə gəldi ki, o, inildədi, Abbas dayımın göz yaşlarını görüb astaca:

- Qəbristanlıq bu yandadı? - deyə əli ilə üzü qibləni göstərdi. Abbas dayım göz yaşlarını silə-silə başını tərpətdi. Aman Allah, nə dəhşətli səhnə baş verdi! Atam qəflətən dizi üstə yerə çökdü; hamı elə bildi ki, o, müvazinətini itirdi. Amma yox, o, üzü qibləyə - qəbiristanlığa doğru inildəyə-inildəyə iməkləməyə başladı. Dayım və mən nə qədər çalışdıqsa onu durğuza bilmədik. Camaat da bizim dalımızca düşmüşdü; ağlaşma, hönkürtü, uğultudan başqa qulağım heç nə eşitmirdi. Atam düz anamın qəbrinə kimi beləcə iməklədi".

Kamran Nəzirlinin "Qoca uşaq" hekayəsi isə yaxın tariximizə aid olan başqa bir müharibənin - I Qarabağ savaşının ağrılı nəticələrinin bədii inikasıdır. Çadırda qaçqın həyatı yaşayaraq, işğal altında olan doğma kəndinə həsrətlə boylanaraq ömür sürən el-obanın yeknəsək, ümidi sozalan həyatına yeni insanın - illərlə övlad həsrəti çəkən ailənin körpəsinin dünyaya gəliş prosesindən doğan həyəcanların qarışması ilk baxışda müharibə və müharibədən sonrakı həyatla bağlı qələmə alınmış çoxsaylı hekayələrdən birinin anonsunu verir. Lakin süjetin hekayənin sonunda verilən kulminasiya nöqtəsi gözlənilməz olur. İllərlə yolu gözlənən körpə hamını heyrətə salır, onun ağ saçları, alnındakı qocalara məxsus qırışları el-obaya apokalipsis əhvalı yaşadır. Bu körpə vətən həsrətinin, yurdsuzluğun uzun illər soydaşlarımıza yaşatdığı mənəvi ağrıların - ruhən qocalmanın simvoludur. Bütün hekayə boyunca da müəllif obrazların vaxtından tez qocaldıqlarını, yaşından böyük göründüklərini vurğulayır:

"Mənzərlə əri yaşdan asılı olmayaraq, qocaldıqca onların ətrafında olan doğmalar, yaxınlar, qohum-əqrəba da elə bil onlardan güc alıb yaşlaşırdı. Və bu çadırın ətrafına yığışan adamların hamısı, demək olar ki, yaşından qat-qat qoca görünürdü".

Kamran Nəzirli bu hekayəsi ilə Qarabağ ağrısını yeni, fərqli rakursdan işıqlandırmış, vətən həsrətini, dərdini "qocalıq sindromu" kimi təqdim edərək analoji mövzulu çoxsaylı əsərlərin mövcudluğu faktına qarşı tam orijinal auralı mətn yaratmağa nail olmuşdur.

Kamran Nəzirlinin "Komada olan adam" povestində də əsas süjet xətti Qarabağ müharibəsi ilə bağlıdır:

"Əsgər bu kənddə doğulmuşdu və elə bu kənddə də böyümüşdü. Amma indi o, öz kəndinə gedə bilmirdi; ermənilər kəndi dağıtmışdılar; qırılan qırılmış, qaçan qaçmış, itkin düşənlərdən isə neçə illər idi ki, xəbər-ətər yox idi. Kənddə ins-cins gözə dəyməsə də, əsgər bilirdi ki, oraya getmək olmaz. Kəndin girəcəyi, təpəliyin aşağı tərəfləri, sentyabrdan bəri yandırılmış taxıl zəmilərinin göyərməkdə olan böyür-başı, qıjıltısını səhər-axşam eşitdiyi arxın hər iki yanı minalanıb." Kamran Nəzirli "Müharibə" hekayəsində öz yaşından böyük müharibənin acılarını və ağrılarını effektli şəkildə əks etdirməyə nail olsa da bu mətnlərin əsasında dayanan hadisələr və duyğular ondan zaman və məkan baxımından çox uzaq idi. "Qoca uşaq" və "Komada olan adam" povestində isə Kamran Nəzirli bir vətəndaş kimi ömrünə yazılan, real olaraq yaşadığı müharibənin nəticələrini və "məhəbbət-müharibə" təzadının bədii inikasını təqdim edir. Bu kontekstdə baxdıqda "Komada olan adam" povestinin "Müharibə" hekayəsinin zamanla dolğunlaşmış, reinterpretasiya olunmuş variasiyası olduğunu qeyd etməklə bədii hipermətnin Kamran Nəzirli yaradıcılığında varlığını irəli sürə bilərik.

"Komada olan adam" povestində əsas aparıcı mövzu vətən həsrəti, yurd ağrısı olsa da əsl məhəbbətin tərənnümü motivləri də güclüdür. Nurcan və İntiqamın son zəng mərasimi ərəfəsindən başlayaraq tərənnüm olunan sevgi hekayəti ağır sınaqlardan keçməli olur. İntiqam dörd oğlunu vətən yolunda qurban verib tək balasına sığınan anasının göz yaşlarına baxmayaraq Nurcanla evlənməyə layiq olduğunu sübut etmək üçün əsgərliyə gedir. Yaralanan traktorçunu xilas edərkən minaya düşən İntiqam ağır koma vəziyyətində həyat uğrunda mübarizə edir. Əməliyyatlara və güclü dərmanlara baxmayaraq ayılmayan İntiqamı Nurcanın inadlı sevgisi xilas edir. Kamran Nəzirlinin mənəvi təmizliyin, saf məhəbbətin gücünə inamın təsvir olunduğu "Komada olan adam" və "Tokay və Manana" əsərlərindən fərqli olaraq "Şeytan işığı" povesti antiməhəbbəti, cismani sevginin mənəvi aləm üzərində qələbəsini tərənnüm edir. Əsərdəki Con və Fira xətti vasitəsilə yalnız bu qəhrəmanların deyil, müasir cəmiyyətin də dəyərləri sorğulanır. Universitet rektoru Xanların timsalında cəhalətin elm qiyafəsində zühuru, şeytan işığının cəhaləti bəzəyərək insan oğlunu aldatması simvollaşdırılmışdır. Bütün bu çirkabın qurbanının yeniyetmə İlkin olması cəmiyyətə və insanlara gələcəyin təməlinin düzgün qoyulması kimi vacib bir mesajı ünvanlayır.

Kamran Nəzirli hekayələrində olduğu kimi povestlərində də əsl mətləbi detal, element şəklində təqdim edən nasir kimi qarşımıza çıxır. "Doğmalar arasında" adlı ilk povestində mərkəzi mövzu insan və onun əhliləşdirdiyi dostu - it arasında duyğusal, emosional münasibətlərin təzahürlərinin bədii mətnə gətirilməsindən ibarətdir. Lakin bu oxucunun ilk növbədə gördüyü, bütün əsər boyu izlənən süjetdir. Əsl mövzu isə povestin əvvəlində bir neçə cümlə ilə qeyd olunub:

"Əslində o taylı bu taylı evlər, həyət-bacalar, kəndlər eyni ruhluydu, eyni həvəsliydi. Amma bütöv kənd ikiyə bölünmüşdü və ortadakı sərhəd dirəkləri üstündə girdə-girdə siqnal xətləri də ondan ötrüydü ki, bu yandan o yana, ya da o yandan bu yana keçsinlər." Cənubi və Şimali Azərbaycan anlamlarının ağrısı, tarixin ədalətsiz qərarının bir xalqın taleyində oynadığı faciəvi rol detal şəklində təqdim olunsa da əsərin əsas mövzusu, vurğulanan məqam məhz bu ayrılıqdır.

Kamran Nəzirli nəsri müstəqillik dövrü Azərbaycan ədəbiyyatında realizmin parlaq şəkildə təzahürünün faktoloji əsasını təmin edir.

# 2017 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #