Prezident oğlunun evlilik təklifini rədd etdi, efirdən uzaqlaşdı, parkinson xəstəliyinə tutuldu - Doğum günündən zəhləsi gedən Xalq artisti

Elmira Rəhimova, Xalq artisti

Elmira Rəhimova, Xalq artisti

13 avqust 2022
# 21:00

Bu gün Xalq artisti Elmira Rəhimovanın doğum günüdür. Kulis.az bu münasibətlə müğənni haqqında maraqlı faktları təqdim edir.

Elmira Rəhimova 13 avqust 1941-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Musiqi Texnikumunu, 1970-ci ildə isə Azərbaycan Dövlət Dillər İnstitutunu bitirib.

***

50-ci illərin sonunda hind mahnılarının məşhur ifaçısı kimi tanınıb, Hindistanın Baş Naziri C. Nehrunun dəvəti ilə iki dəfə Hindistanda olub, hind mahnı və rəqslərini öyrənib və bir müddət Hindistanda yaşayıb. Müğənninin açıq səma altında oxuduğu Qənbər Hüseynlinin "Cücələrim" mahnısı sürəkli alqışlarla qarşılanıb. Ən maraqlısı o idi ki, 30 minlik hind tamaşaçısı mahnını xorla oxuyaraq müğənnidən həmin mahnını təkrar etməsini xahiş etmişdi.

Elmira xanımın repertuarına xalq mahnıları, təsniflər, bəstəkar nəğmələri daxildir. Müxtəlif musiqi ansamblları ilə uğurla çıxış edən Elmira xanımın ifasında dəfələrlə eşitdiyimiz "Ana laylası", "Mən anayam", "Küsüb məndən", "Sənin gülüşlərin", "Odlar yurdu", "Tələbəlik illəri", "Xoşbəxtlik", "Sən yadıma düşəndə" və başqa mahnıları çox fərqli və qeyri-adi bir ahəngdə olub.

***

Müğənniyə ən populyarlıq gətirən və bu gün də insanların dilindən düşməyən mahnılar isə əsasən "Tələbə”, "Səadət, "Yenə sənsiz bu axşam", "Sən yadıma düşəndə" olmuşdur.

Elmira Rəhimova dünyanın 60-dan çox ölkəsində konsert proqramları ilə çıxış edib. Hətta onun Hindistan prezidentinin oğlu ilə ailə qurub Hindistanda yaşamaq şansı da olub. Bu barədə isə müğənni müsahibələrinin birində deyir: “Hindistanın prezidentinin oğlu mənə evlilik təklif etmişdi, lakin razı olmadım. Elə bilirdim ki, məni sınayırlar. Onlara dedim ki, buraya dərs oxumağa gəlmişəm, ərə getməyə yox”.

***

Daim səhnədə, göz önündə, şənliklərdə olan müğənni qəribədir ki, heç zaman özünə məxsus günləri təmtəraqla keçirməyib. Eləcə də o, heç zaman doğum gününü qeyd etməyib. Bu barədə ondan soruşanda isə müğənni fikirlərini bu cür ifadə edib:
“Mənim doğum günlərindən zəhləm gedir. Bilirsiniz, ömür boyu yollarda olmuşam, müxtəlif ölkələri gəzmişəm. Kollektivimizdə də çox adam olub. Bir insana da doğum günümü bildirməmişəm və bu günü də qeyd etməmişəm. Ona görə də öz payıma danışıram, bu gündən zəhləm gedir”.

Hal-hazırda 79 yaşı olan müğənni artıq uzun illərdir ki, efirlərdə görünmür. Deyiənlərə görə o, şəkər və parkinson xəstəliyindən əziyyət çəkir. Səhhəti ilə bağlı tez-tez xəstəxanaya yerləşdirilən müğənni haqqında bu yaxınlarda ölüm xəbəri yayılmışdı.

***

İfaçı 2012-ci ildə ailəsində olan xoşagəlməz hadisələrə görə musiqi sənətindən ayrıldığını açıqlamışdı:

“Böyük bacım keçən ilin dekabr ayında dünyasını dəyişdi. Bu mənə böyük bir zərbə oldu. Kiçik bacım isə yataq xəstəsidir. Demək olar ki, bütün günümü ona həsr edirəm. Mən bacılarım arasında ortancılam, ortancıl olmaq çətindir, bütün yük mənim boynumdadır. Buna görə də efirə çıxmaq, müsahibə vermək əhval-ruhiyyəsində deyiləm”.

Müğənninin sənət dostu Xalq artisti Flora Kərimovanın sözlərinə görə isə Elmira xanımın nitq ilə bağlı ciddi problemləri yaranıb: "Elmira Rəhimovanın səhhəti yaxşı deyil, danışa bilmir. Özümü güclə saxlayıram, hönkür-hönkür ağlamaq dərəcəsindəyəm. Mən necə gedim onun yanına? Mən danışım, o danışa bilməsin. Ürəyimi parçalayım? Mən neyləyim axı, nə deyim. Onu necə sakitləşdirim? Hansı söz tapıb deyim, bir adam ki mənə cavab verə bilməyəcək? Mən o insana xəstə kimi şəfa diləmək istəmirəm. O insan çox güclüdür və səsi ilə hamının rəğbətini qazanıb. O, bir dəfə də olsun əyilməyib!".

***


Xalq artisti Elmira Rəhimovanın həm də gözəl ailəsi – Anand adlı bir oğlu və iki nəvəsi var. Onun evində adını daşıyan nəvəsi yaşayır.

# 13173 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #