Polşada Qarabağ xanlığı haqqında kitab təqdim edildi

Polşada Qarabağ xanlığı haqqında  kitab təqdim edildi
21 noyabr 2023
# 18:00

Varşava Etnoqrafik Muzeyində Azərbaycan Respublikası Polşa səfirliyi, Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyası (ABİA), Varşava Etnoqrafik Muzeyi və Gürcüstan Milli Muzeyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəstəyi ilə çap edilmiş “Qarabağ xanlığı: tarixi və mədəni kimlik” adlı albom-kitabın təqdimat mərasimi və konfrans keçirilib.

Kulis.az APA-ya istinadən xəbər verir ki, öncə kitabxananın foyesində “Qarabağ xanlığı: Qarabağın mədəni irsinin inciləri” adlı sərgi keçirilib.

Sərgidə Gürcüstan Milli Muzeyinin kolleksiyalarında qorunan, paytaxtı Şuşa şəhəri olan muxtar Azərbaycan dövlətinin Qarabağ xanlığına (1747-1822) aid artefaktların rəsmləri nümayiş etdirilib. Sərgi 4 gün ərzində fəaliyyət göstərəcək.

Konfransda açılış nitqi ilə çıxış edən sözügedən kitabxananın direktoru Maqdalena Vroblevska və Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ingilis, fransız və ispan dillərində dərc edilmiş nəşrin həm Polşa, həm də Avropa ictimaiyyəti arasında Qafqazın mədəni mərkəzlərindən biri olan Şuşa və bütün Qarabağ bölgəsində qədim tarixi olan Azərbaycanın mədəni irsi haqqında geniş məlumatın və təsəvvürlərin formalaşmasında mühüm rol oynayacağını nəzərə çatdırıb.

Roma Sapienza Universitetinin araşdırmaçısı Daniel Pommier Vinçellinin moderatorluğu ilə keçirilən müzakirələrdə Gürcüstan Milli Muzeyinin şef kuratorun müavini Tebrone Nadiradze və Vitold Pileçski Həmrəylik İnstitutunun əməkdaşlı, antropoloq Jerji Rahoçinski öz çıxışlarında alban mədəniyyətinə aid olan mədəni artefaktların süni şəkildə erməniləşdirilməsindən, Rusiya imperiyası dövründə toplanmış və bu gün Gürcüstanda qorunan etnoqrafik materialların Qarabağın Azərbaycan milli mədəniyyətinin mühüm mərkəzlərindən biri olmasını sübut etdiyini xüsusi vurğulayıblar.

Müzakirələrə yekun vuran və əsas çıxışçı qismində məruzə edən ABİA-nın sədri Elçin Əsgərov 19-cu əsrdə Azərbaycanın Rusiya və İran arasında bölünməsindən sonra Qarabağ ərazisinə ermənilərin kütləvi şəkildə köçürülməsindən bəhs edib. O, öz çıxışında bunları nəzərə çatdırıb: “Kitaba arxivlərdən tapılmış minlərlə yeni material və artefaktlardan yalnız 300-ə yaxını, mövzunu hərtərəfli təsvir edə biləcək materiallar haqda məlumatlar daxil edilmişdir. Bu materiallar Qarabağ regionunun tarixinin dövlət, silah, məişət, inanc, mədəniyyəti haqda məlumatları əks etdirir”. O, 30 ilə yaxın davam edən erməni işğalı dövründə Qarabağ ərazisində Ermənistan tərəfindən Azərbaycan mədəni və dini irsinin məhv edildiyini, gürcü alimləri tərəfindən Qarabağ xanlığı irsinin dərindən tədqiq olunmasının bu bölgənin Azərbaycan milli kimliyindəki rolu haqqında tarixi həqiqətlərin üzə çıxması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. E.Əsgərov təqdim olunan albom-kitabda əks olunan rəsmlərdən misal gətirərək, faktlara söykənərək Qarabağda tarix boyu aparıcı mədəni və siyasi kimliyin məhz Azərbaycan mədəniyyətinə və milli kimliyinə aid olduğu haqda konfrans iştirakçılarını məlumatlandırıb.

Tədbirin sonunda “Qarabağ xanlığı tarixi və mədəni kimlik” kitabı tədbir iştirakçılarına hədiyyə edilib.

# 843 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #