Pəncərə - Natiq Rəsulzadənin yeni hekayəsi

Pəncərə - Natiq Rəsulzadənin yeni hekayəsi
29 sentyabr 2023
# 12:00

Kulis.az Xalq yazıçısı Natiq Rəsulzadənin “Pəncərə” adlı yeni hekayəsini təqdim edir.

Tanrının nəzəri üstündə olan şəhərimizdə belə həyətlərin sayı get-gedə azalırdı. Bu da təbi idi. Əvvəla, şəhər keçən əsrin ortasında ona xas olan öz qədim görünüşünü itirirdi. O zaman insanlar ən adi yaşayış şəraitindən məhrum (bir qayda olaraq ümumi ayaqyolu, su borusu, köhnəlmiş kran həyətdə yerləşirdi, çimməyə isə həftədə bir dəfə şəhər hamamına gedirdilər) kommunal mənzillərdə və kiçik evlərdə sıxlaşırdılar. lakin buna baxmayaraq müxtəlif millətlərin nümayəndələri bir ailə kimi, dostcasına yaşayır və bir-biri ilə çox yaxşı münasibətdə olurdular.

Özləri haqda lətifələr danışır, gülür, biri o birinə kömək edir, bir-biri ilə problemlərini bölüşürdülər, kasıb, lakin şən yaşayırdılar. Bütün ailələrdə olduğu kimi, bəzən fikir ayrılığı olar, hətta dava da düşərdi qonşular arasında. lakin bütün bunlar müvəqqəti olardı. Bir qədər keçdikdən sonra sözləri çəp gələnlər, adətən gündə on dəfə həyətdə görüşən qonşular, tədricən heç nədən yaranmış münaqişəni unudur və gündəlik həyata davam edirdilər.

Bax belə. Lakin günümüzün reallığından baxanda bütün bunlar Yura dövrünün anoxranizmi kimi dəyərləndirilir. Son 15 ildə bizim şanlı şəhərimiz aydın səbəblərdən (müharibə, qaçqınlar) çoxmillətli şəhər olaraq qala bilməyib və bir növ cazibədarlığını itirib. Təbii ki, keçən əsrin müxtəlif millətlərinin nümayəndələri yaşadıqları (onlar hamısı özünü bakılı hesab edirdilər) köhnə kiçik həyətlər tədricən yox olurdu. Digər tərəfdən, təkrarsız, xüsusi auralı kiçik həyətləri olan bu yaşayış yerlərinin kütləvi qırğını ona görə baş verirdi ki, onların yerində, şəhərin mərkəzində memarlığın və şəhərsalmanın adi qanunlarına zidd olaraq həmin o bədbəxt mərkəzi sıxışdıraraq iyirmimərtəbəli nəhəng binalar ucalırdı.

Yaxşı, onları Allaha tapşıraq, zamanla mübarizə etmək olmaz, zaman dəyişir, onunla bərabər hər şey xeyirxahlıq, insanlıq, qonşuya məhəbbət də dəyişir, qütbləşir və öz əksinə - hərisliyə, pulgirliyə, paxıllığa çevrilir.

Lakin şəhərin köhnə küçələrində bəzi həyətlər hələ də qalır. Onlara hələ yeni yaranmış zənginlərin uzun əlləri çatmayıb, halbuki onların məqsədi məhz ora çatmaq, sökmək, dağıtmaq, yerlə yeksan etmək, tikmək, satmaq, varlanmaq, ölüm haqda düşünmədən varlanmaq üçün bünövrə qazmaqdır.

Sökülməyib qalan həyətlərin arasında bax bu damı çatlaq qırla örtülmüş (yeri gəlmişkən, dama fikir verin... Hə? Antenalar a baxın! Əladır eləmi? Sonra danışacağam bu haqda...) kasıb teatrın səhnəsindəki mənzərəni xatırladan kiçik bir həyəti, hər biri üçün gec-tez buradan köçürülmək bir ailənin dağılmasını xatırladan və şəxsi faciə kimi qəbul edilən köhnə qonşuları olan birmərtəbəli ev də qalıb.

Burada kiçik, havasız otaqlarda üç ailə və 72 yaşlı bir qoca kişi yaşayır. O, az tanınan və pis təminatlı rəssamdır. Kiçik təqaüdlə yaşayır, bəzən boya almağa pul tapmır və hərdən ona baş çəkən işləmək həvəsi gəldiyi kimi də birdən-birə yox olub gedirdi. Qocalığın tənbəlliyi də ona getdikcə daha çox qalib gəlirdi. Qoca özünü inandırırdı ki, onun paltara (əlbəttə ki, təzə paltara) ehtiyacı yoxdur və bir kostyumu iyirmi il geyinmək olar, baxmayaraq ki, onun sənətkar ruhu üsyan edir, belə bir qeyri-bərabər və sərt qərara etiraz edirdi.

Bir çox rəssam kimi ruhən o bir qədər pijon idi. Əvvəllər yuyulmaqdan rəngi solmuş al rəngli şərf də taxardı. Pencəyin döş cibindən də həmin rəngdə daha cazibədar və nisbətən təzə kiçik dəsmal görünürdü.

Rəssamdır! Neyləmək olar! Deyilənə görə onun otağı əvvəllər anbar kimi boya, rəngləmə ləvazimatları, qurutma yağı, skipidar və saxlamaq üçün istifadə edilib. Bir sözlə burada pəncərə tələb edilməyən bir məkan olub. Pəncərəsiz, darısqal otağının divarlarının birində kişi pəncərə çəkmişdi. Pəncərə əla alınmışdı. Sanki həqiqi idi.

Pəncərədən tədricən mavi səmaya çevrilən dənizin bir hissəsi görünürdü. Pəncərədən çöldə həmişə əla hava var idi. Giriş qapısında içəridən tunel çəkmişdi və belə təəssürat yaranırdı ki, qapıya yaxınlaşan insan sonunda kiçik açıq rəngli nöqtəsi olan tunelin qarasına addımlayacaq. Beləliklə, qocanın dünyaya baxışları və dünyagörüşü sirr olaraq qalırdı.

Bir tərəfdən açıq, mavi gözqamaşdıran Günəşin altındakı sonsuz dünya (Divarda sadəcə o dünyanın bir fraqmenti olsa da, yaradıcı fantaziyadan tamamilə məhrum olan qonşular da bu hüdudsuzluğu təyin edə bilirdilər), digər tərəfdən, hara aparacağı məlum olmayan və harasa gətirib çıxaracağı da sual altında olan kiçik, dağınıq işıqlı dar, qara tunel...İnsanın addım atacağını gözləyən, onu udmağa hazırlaşan tunelin qarası. Qoca rəssamın xasiyyəti də belə təzadlı idi. Gah özünü hələ bütün imkanlarını açıb göstərməyən fenomenal istedad hesab edirdi, gah da şübhələrə qapılırdı. Sənətini əvvəldən doğrumu seçib? - deyə acizanə qəzəblənib dəlisovluq edir, sıx qonşuluq ailəsində təlxək rolu oynayır, və bu zarafatcıl, ətrafdakıları güldürən təlxək roluna alışaraq, ailədən kənarda da bu roldan çıxmırdı. Özünün dediyinə görə, bu səbəbdən heç vecinə almadığı xoşagəlməz bir reputasiya qazanmışdı.

Ancaq hər şeyə tüpürmək də olmur. Onun həmyaşıdlarının çoxu vaxtında düz istiqamət seçərək fəxri adlar, qiymətli sifarişlər, yüksək təqaüdlər, evlər alırdılar (İlahi! Onlar necə evlər alırdılar! Mənzil yox e, saraylar alırdılar. Elə evlər ki, orada kiçik həyətin bütün sakinləri yerləşə bilərdi. Hələ rəssamın emalatxanasına da yer çatardı), mətbuat səhifələrində və müxtəlif televiziya kanallarında görünürdülər. Hər dəfə də qoca öz acizliyinə və bacarıqsızlığına haqq qazandırmaq üçün nəsə fikirləşməli olurdu.

"Yadımdadır, ona rəsm çəkməyi öyrətmişdim. Sözsüz ki, ümid verirdi, amma göydən ulduz qoparan da deyildi. Bununla belə, necə də göylərə ucaldı! Küçədə rastlaşsan, adama salam da verməz!” - deyə o, televizorda yeni bir laureatı gördükdə düşünürdü.

Onunla da danışırdılar, hər dəfə də danışan adamın üzündə tanış bir alçaldıcı təbəssüm yaranırdı. Düşünürdülər ki, bu da bizim qoca, indi dincəlib rahatlanmaq olar, gərginliyi, yorğunluğu unudub onunla zarafat etmək olar.

– Qoca, sənin Parisdə fərdi sərgin nə zaman olacaq?

– Mən hara, Paris kimi şəhərlər hara...O sizsiz, hər yerə gedirsiz. Məni Masazırdan oyana heç kim tanımır ki...- deyə qoca cavab verirdi.
Qoca xatırladı ki, deyəsən, həmin elə bu sual verən tanışı Parisdə hansısa mədəni proqram çərçivəsində öz əsərlərini sərgiləmişdi. Əlbəttə, mədəniyyətsiz qocanı o sərgiyə heç kim daxil etməmişdi. Həmkarının sualında olan uşaq sevinci və qüruru hiss edib düşünürdü: «İlahi! Gör insanlar nədən həzz alırlar! Gör ee!"

– Heç nə olmaz," – deyə həmkarı onu guya ruhlandırdı, - Əsas sağlamlıqdır, unutma.

– Həə, sizinlə adam sağlam olar, bəs necə....- deyə qoca deyindi.

– Paxıllıq etmə. Yaradıcı insanların bütün xəstəlikləri paxıllıqdan olur.... - deyə tanışı ona dərs verdi.

– Paxıllıq etmək?! Bu sözlər qocaya çox pis təsir etdi.

– Sizin sərginizə! – deyə qoca küçənin ortasında təsadüfi keçənlərin gözündə necə görünəcəyinə fikir vermədən ağzına gələni dedi.

– Bu da sübut! –deyə onun uğurlu həmsöhbəti öz hissiyatından qürur duyaraq, əvvəldən bu təlxəkdən buna bənzər nəsə gözləyirmiş kimi sevincək sözünü yekunlaşdırdı və buradan tez uzaqlaşmaq üçün bahalı xarici maşınına əyləşdi.

Qoca əlində qatıq və çörək olan paketlə evinə qayıdırdı. O, qanadları geniş açılmış, misli görünməmiş gözəlliyə malik nəhəng, parlaq kəpənəklərin yatdığı rəsm çəkilmiş divarları olan otağına qayıdırdı ...
Həyətin küncündə Asiya tualetinin taxta köşkü dayanmışdı. Uzun müddətdir xroniki qəbizlikdən əziyyət çəkən qocanın şıltaqlıqlarından biri də o idi ki, o, bu tualetə girdikdən dərhal sonra ucadan deyirdi:

– Bozbaş, çıx! Kabab, çıx!

Qonşular da, əsasən qadınlar, dərhal bu kədərli monoloqa qoşulurdular.

– Tualetdən reportaj. Hələ çıxmır.

– Yalan deyir! Nə bozbaş, nə kabab! Göz bir nələr keçir könlündən!

– Onun təqaüdünə yaman yaşayarsan e. Ayda bir dəfə ət yesə yaxşıdı.

– Yox, yox. Yalan demir. Dünən Rövşənə nəhayət son 3 ayın maaşını veriblər. Mən bozbaş bişirib ona da bir boşqab vermişdim...
– Kompot, çıx!- yenə tualetdən səs eşidilirdi

– A! Desertə çatıb artıq, Demək tualetdən tezliklə çıxacaq.

Qoca sanki ağır bir işdən sonra əlində yuyunmaq üçün apardığı avtafa tualetdən tər içində çıxdı. Təmizkardır da it oğlu.

– Rahatlandın! – deyə qonşular qışqırdılar, - bu dəfə elə bildik ki, orada qalacaqsan.

– Gülün, gülün. Əgər çıxmırsa, mən nə etməliyəm?

– Yemə - tualetə də getmə.

– Çox hazırcavabsan!

Sadə adamlar yaşayan bu evdə belə zarafatlar çox olurdu.

Xüsusi intellektə malik olmayan sakinlərdən istisna olan yalnız qocanın özü idi. Rəssam. Ruhən aristokrat. Demək olar ki, ziyalı. Lakin o, özünü nəinki ziyalı kimi aparmırdı, hətta mədəniyyətsiz aparırdı. Hərdən içir, yaşını unudub sərxoş halda dava da salırdı. Hətta çox ciddi olmasa da, yaşına uyğun bir balaca döyülürdü də ki, özündən çıxmasın. Nə olsun ki, rəssamsan! Pah atonnan, rəssam! Sizin kimi rəssamlar itinə tök qədər çoxdurlar, hamınız da sponsor axtarırsız. İndi iş adamlarının, bank işçilərinin, iş quranların zəmanəsidir...Rəssamlar isə...Kimə lazımdır onlar?

Ancaq cəmiyyət nə qədər dəyişsə də rəssamlar da burada bir təhər dolanmalıdırlar axı.

Ara-sıra təşvişə düşən qoca gah sifariş tapmağa, gah da köhnə əsərlərini satmağa çalışsa da, güclü rəqabətə və qocanın insan kimi heç kimlə razılaşa bilməyən davakar xasiyyətinə görə nadir hallarda buna nail olurdu. Uzun müddət yalnız təqaüdlə yaşamalı olurdu. Bu isə onun bacarığına və az şeylə kifayətlənmək vərdişinə baxmayaraq, heç də asan deyildi.

Qoca tənha idi. Tənha, qaraqabaq və qəzəbli.
Bəzən günlərlə evindən çıxmır, sincab kimi gizlənir, heç kimi görmək istəmirdi. Onun qəribəliklərinə öyrəşmiş qonşular belə günlərdə onu narahat etməməyə çalışır və qapısının ağzına yemək qoymaqla kifayətlənirdilər. Hərdən də əksinə, gecə yarıya qədər həyətdə, kranın yanında oturub, qəfədanı doldurmaq, yuyunmaq və ya nəsə yumaq istəyənləri yorub əldən salana qədər danışdı.

Qoca heç vaxt evlənməmişdi. İndi artıq nə səbəbdən evlənmədiyi aydın deyil. Bir sözlə, o, heç vaxt ailəli olmayıb. Onun yaxın əlaqədə olmadığı, daha doğrusu, onların onunla yaxınlıq etmədikləri uzaq qohumlardan başqa heç kimi yox idi. Zaman keçdikcə onun ailəsini və qohumlarını qonşular əvəz etmişdi. Qocanın kiçik otağında telefon yox idi və kiməsə telefon nömrəsini vermək lazım gələndə, qonşunun nömrəsini elə rahatlıqla verirdi ki, sanki öz nömrəsini verirdi. Nadir hallarda kimsə zəng edəndə qonşular onu çağırırdılar.

Qocanın televizoru da yox idi. Amma qonşular pəncərədən televizoru elə qoyurdular ki, ekranı həyətə baxırdı və yay axşamlarında həyətə toplaşan qonşular havasız otaqlarda oturmamaq üçün hərəsi öz stulunu götürüb həyətə çıxır və uzun müddət zarafatlaşaraq kanal seçib verilişlərə baxırdılar. Ona görə yox ki, onların televizorları yox idi, yox, bu mənada ancaq qoca istisna təşkil edirdi. Sadəcə toplaşıb bir yerdə televizora baxmaq daha maraqlı idi. Kişilər hərdən elə ekrana baxa-baxa nərd oynayırdılar, qadınlar da onlardan daşları taxtaya yavaş vurmalarını xahiş edirdilər.

– Budur, rəssamımız da gəldi! - əlində kətil qoca həyətə çıxdıqda mütləq kimsə deyirdi.

– Nədir, rəssamlar da televizora baxırlar? - deyə nərd oyunçularından biri başlayırdı.

– Bəs nə bilmişdin? – digər oyunçu ona cavab verirdi, - Rəssamlar adam deyillər? Onlar, bilmək istəyirsənsə, daha yaxşı baxırlar televizora.

– Necə yəni daha yaxşı? – deyə birinci oyunçu zarafatın davamını gözləyərək gülümsəyirdi.

– Yəni, onlar hər şeyə başqa cür baxırlar.
– Necə yəni başqa cür? – deyə hər şeyi bilmək istəyən birinci oyunçu əl çəkmirdi.

– Elə belə. Bax məsələn sən baxıb nə görürsən?

– Sən görəni.

– Düzdür! Çünki biz səninlə rəssam deyilik

– Bəs onlar?

– Onlarsa baxıb biz görənləri görürlər, ancaq bundan başqa da ...Nədir onun adı?...

– Necə?

– Hə! Yadıma düşdü! Hər şeyin daxili varlığını görürlər onlar, bax elə!

– Gör ee! Nədi o?

– O? Sən bilməzsən... Sənin başın o baş deyil...

– Yeri ged alə!...

– Sakit ol, qadınlar var burda. Söyüş söymə.

– Mən hələ söyüş söyməmişəm.

– Heç söymə də. Oyna, sənin gedişindir.

Qoca belə istehzaları dinləyib gülümsəyər, arabir söz əlavə edər, inciməzdi, belə şeylər ona toxunmazdı. Onu ən çox haqsızlıq incidirdi. Haqsızlığa qarşı bacardığı qədər üsyan edirdi. Əslində heç onu da bacarmırdı. Lakin buna baxmayaraq, həm şəxsi, həm də başqaları ilə bağlı bu və ya digər ədalətsiz qərarla qəti şəkildə razılaşmadığını bildirirdi.

– Qulaq as, qoca, - deyə oyunçulardan biri uzun çəkən pauzadan sonra rəssama müraciət etdi, - Həyatdan razısan?
– Niyə razı olmasın? - qəfil televizordan ayrılıb qonşu qadın söhbətə qarışdı, - şükür Allaha, yeməyi , geyimi var...

– Səndən soruşan yoxdur, Şəxsi sualdır, - deyə nərd oyunçusu qadının sözünü kəsdi.

– Həyatımdan razıyam, xasiyyətimdən narazıyam, - deyə qoca cavab verdi.

– Xasiyyətin necədir ki?

– Xasiyyətim elədir ki, mənə həmişə elə gəlir ki, mən həyatdan narazıyam.

Yeri gəlmişkən, qoca bu evin ən yaşlı sakini deyildi. Burada uşaqları, gəlinləri, yetkin nəvələri, hətta bir nəticəsi ilə, səksən səkkiz yaşlı Qasım yaşayırdı. Həyətdə oturmağa nadir hallarda çıxar, qoca sənətçiyə tez - tez adını unudaraq “oğlum” deyə müraciət edirdi,

Sən hələ evlənməmisən, oğlum? - arabir Qasım soruşardı.

– Evlənərdim e, kişi olsaydım, ”- deyə rəssam cavansayağı, şən cavab verirdi.

– Hə? - deyə Qasım qulaqlarını şəkləyib soruşurdu.

– Hə, hə. Düz deyirsən. Neyləyək, hamımız bir yerdə elə darısqallıqda yaşayırıq ki, hər dəfə kiməsə ilişirsən... Bir-birimizə sürtülməkdən də o qədər saysız hesabsız törəmişik...- deyə Qasım qonşunun getdiyini bilmədən özü özü ilə danışırdı. Qonşulardan birinə evdə nəsə rəngləmək lazım olanda həyətə çıxıb rəssamı səsləyirdi:

– Mirağa, ay, Mirağa!

– Nədir, Çimnaz? - deyə o da cəld cavab verirdi.

– Mirağa, tavanımız soyulur, ağartmaq lazımdır, səni narahat etməzdim, amma axşam qızım Solmaza elçi gələcəklər, deyirəm qoy hər şey təmiz olsun.
Mirağa gedib qonşunun tavanını ağardanda bu iş onun bir rəssam kimi ləyaqətini zərrə qədər də alçaltmırdı, hətta kiminsə onun köməyinə ehtiyacı olduğuna sevinirdi. O, otağının divarına fantastik kəpənəklər çəkdiyi kimi, eyni sevgi və ilhamla tavanı da ağardırdı.
Evin sahibəsi təsadüfən otaqdan çıxdıqda, o, dözməyib öz otağına keçib, boyalar götürür (əgər olurdusa)və boş divarda gözəl quşlar və nağıldakı kimi kəpənəklər çəkirdi.

– Мirağa ?! Sən neyləmisən, Mirağa?! Bu nədir? Axı bizə elçiliyə mədəni, alicənab adamlar gələcək! Oğlanın atası polisdə işləyir. Oğlan özü artıq serjantdır. Yaxşı pul qazanırlar. Allah eləyə biz də onun heç olmasa yarısını qazana bilək. Sən də divarda belə qeyri-ciddi rəsmlər çəkirsən! - deyə qadın gəlib rəsmi gördükdə öz təəccübünü bildirdi.

– Mənim otağımdakı quşları sən bəyənirdin axı?! Qəşəngdir axı! - deyə Mirağa da təəccübləndi.

– O sənin otağındır. Sənə elçi gəlmirlər ki ,- deyə qadın haqlı olaraq iradını bildirdi

– O da düzdür, – Mirağa vəziyyəti anlayaraq, sakitcə cavab verdi və zərrə qədər də inciməyib çəkdiklərini qaraladı.

– Divar göz önündə tədricən darıxdırıcı olur və susurdu. Bax beləcə , onun sanki nəsə etmək üçün əlləri qaşınırdı. Siz bir bu evə baxın, həyətdə, divarlarda bir dənə də olsun boş yer qalmayıb. Hamısı güllər və naməlum abstrakt ləkələrlə bəzənib. Tualetin qapısında o, insanın arxasından tökülən güllər və ürəkciklər çəkib. Bir başınızı yuxarı qaldırın, bax, bax orada damın üstündə, demişdim ki, bu haqda danışacam. Az qala unutmuşdum. Bu da onun işidir. Görürsüz televiziya antenalarının başına nə oyun gətirib?!. Nəhəng, rəngli, diqqəti cəlb edən kəpənəklər yaradıb. Küçə qapısındakı xoruzu da gördünüzmü? Elə bil indicə banlayıb səsini ucaldacaq. Quyruğu da ki, baxan deyir, bir də baxım! Balaca oğlanlar bir neçə dəfə bu xoruzları qənimət kimi(elə şeylər var ki, onlara sanki əl özü uzanır , xüsusilə də oğlanların əlləri) götürüb qaçıblar. Mirağa da yenidən dəmirdən təzə xoruz kəsib rəngləyir və qapıya bərkidirdi.

– Qoca, belə çıxır ki, burada yaşayan kişilər “petuxdur”? Buna işarə edirsən? – deyirdilər qonşular.

– Heç nəyə işarə etmirəm, - deyə Mirağa cavab verirdi.

– Xoruz isə ayıqlıq, enerji rəmzidir. O, hamıdan tez oyanıb başqalarını da oyadır...

– Ona qalsa, mən də hamını oyadıram, - deyə qonşu onun sözünü kəsirdi.

– ... qoymur yerində eşələnməyə, işlə məşğul olmağa çağırır. Əsas da odur ki, qəşəngdir axı. Elə deyil?
Qonşular şübhəli - şübhəli bir-birinə baxıb başlarını yelləyirdilər.

– Qəşəng olmağına qəşəngdir, uşaqların xoşuna gəlir. Deyirlər ki, təkcə bizim həyətimiz belə şəkillidir. Amma təki başqaları pis düşünməsinlər.

Siz pis düşünənlərə fikir verməyin.

Necə fikir verməyək?

Mənim kimi

Yox, axı insan arasında yaşayırıq. Hamıya tüpürmək olmaz axı. Bax məhz bunu Mirağa anlamırdı. O, hesab edirdi ki, yaxşı insanlar gözəlliyə pis şeylər düşünmədən, gizli, əxlaqsız məna axtarmadan sevinməlidirlər.

Təqaüd alanda, artıq qeyd edildiyi kimi, bu təqaüdə çox da kef edə bilməsə də o, həyətdəki uşaqlar üçün şarlar alıb özü boyayar, onlara gülməli simalar çəkərdi. Uşaqların sevincini görüb onlardan daha çox sevinərdi. “Mirağa, sən kloun olmalıydın!” - deyirdi qonşu qadınlar. Müəyyən dərəcədə həm qonşular, həm sənət yoldaşları həm də bütün tanışlar Mirağanı birdən birə 72 yaşına çatmış və yetkinliyin bütün normal mərhələlərini keçmiş qoca uşaq kimi qəbul edirdilər. Bəlkə elə buna görə də evlənməmişdi? Kim öz qızını belə qeyri-ciddi avaraya verər? Amma Mirağanın həyatında romanlar, bəli, köhnə, yüksək üslubla desək, məhz romanlar, hətta bir neçə roman olmuşdu.

O, həmin qızları , qadınları xatırlayır və isti münasibətə görə onlara minnətdar idi. Lakin onunla bir qədər yaşadıqdan sonra onların hər biri, təbii ki, hər bir sağlam düşüncəli qadın sonda onu özünə dayaq, etibarlı həyat yoldaşı kimi görmək istəyirdi. Ancaq, özünüz anlayırsınız ki, onun təlxək xasiyyəti ilə nə dayaq, nə həyat yoldaşı? O, çəkdiyi fantastik quşlar kimi bu günlə yaşayırdı. Çünki onları tamamilə fərqli görürdü. Onların canlı sərçə, qarğa olduğunu təxmin etmək məcburiyyətində qalan və təxmin edən şəxs şüuraltı hiss edirdi ki, bu əsərlərin müəllifi müəyyən dərəcədə tədricən onda fantaziya, gözəl nağıla sevgi hissi oyadır.

Lakin siz mənə deyin görüm bizim bu qəddar, mürəkkəb zəmanədə, hər kəsin mümkün qədər yerdə möhkəm dayanmağa, göydə uçmamağa çalışdığı halda ( şübhəsiz ki, yıxılsanız, ağır zədələnə ya da ölə bilərsiniz), fantaziya, gözəl nağıl kimə lazımdır? Onları nə çörəyin üstünə yaxa bilərsən, nə də onlardan xəz palto tikə bilərsən.
Həyatlarının hər saatını, hər dəqiqəsini işgüzar olmağa həsr etməyə can atan insanlar, onların oyanmış ruhları, qəlblərində oyanan fantaziya, gözəlliyə pərəstişkarlığın və heyranlığın onları real həyatdan ayırmasından, daha mülayim, xeyirxah etməsindən və nəticədə, onların da bu qeyri-real kəpənəkləri çəkən dəli dilənçidən yaxşı görünməməyindən qorxaraq, bu insanlar Mirağaya nifrət edir və onu görən gözləri yox idi.

Hərdən elə olurdu ki, Mirağanı fərdi, ümumi sərgilərə dəvət edirdilər. Çimnaz xanıma rəssamlar İttifaqından zəng edib deyirdilər ki, Mirağanın dəvətnaməsi buradadır gəlib götürə bilər. Mirağa da hər dəfə belə məlumatdan sonra qonşu qadının ütüsü ilə şalvarını ütüləyir ki, həmkarlarının qarşısına yaxşı görkəmdə çıxsın. Hər dəfə də qonşulardan kimsə onu qabaqlayıb öz oğlunu Mirağanın biletini götürməyə yollayırdı. Hər şeyi səliqə ilə edən təmkinli Mirağa tələsmədən, nəhayət, son dərəcə səliqə ilə ütülənmiş şalvarını geyinib qonşuya ütünü qaytaranda, dəvətnaməsi ona təqdim edilirdi. Yaxşı ki, Mirağa yaşadığı ev Rəssamlar Birliyinə yaxın idi və uşaq bir nəfəsə qaçıb gəlirdi.

– Niyə, axı niyə əziyyət çəkirdiz? - deyə Mirağa həyəcanlanır, lakin ürəyində göstərilən qayğı ona ləzzət edirdi.

– Özüm gedərdim. Ayaqlarım yoxdur?

– Əzizim, ayaqların var, amma sanbalın yoxdur, - deyə qonşu cavab verirdi, - belə şeylər insana hörməti artırır. Sənin 70 dən çox yaşın var, əgər onlar sənə dəvətnaməni evə göndərə bilmirlərsə, sən də özün getməməlisən, kimisə öz adından göndərməlisən. Onda hörmətin də artar. Denən ki, düz demirəm. Düz demirəm?

Mirağa şübhə etdiyi həqiqətləri sevmirdi, lakin razılaşmalı olurdu ki, mübahisə etməsin, çünki mübahisəni də sevmirdi və nə iləsə razılaşmayanda sadəcə çalışırdı həmsöhbətinə cavab verməsin.
Ütülənmiş köhnə kostyumda , təmizlənmiş ayaqqabılarda sərgiyə gedir və orada bir qayda olaraq əmin olurdu ki, şükür Allaha ki, şəhərdə parlaq, istedadlı və orijinal rəssamlar var. Bu onu çox sevindirirdi, lakin iddialı yaradıcı insan kimi bir az cavan rəssamlara paxıllıq edirdi, lakin bu haqda düşünən kimi həmin hissi özündən uzaqlaşdırmağa çalışırdı və ondan yaşca cavan rəssamların ustalıqda və təbii ki, Mirağaya heç vaxt nəsib olmayan populyarlıqda onu ötüb keçdikləri haqda düşünməməyə çalışırdı, çünki bu fikirlər ona sərgidə gördüklərinə sevinməyə mane olurdu.

Təbii ki, bu sərgilərdə orta səviyyəli əsərlər də çox olurdu, lakin hətta bir-iki əsl rəssamın olması bir legion boz, adi rəssamlar sırasında az deyildi. Mirağa bunu başa düşürdü , bilirdi ki, istedad çox nadir şeydir və zəif yazanlar, boğazlarını cıranlar istedadsızları yüksək rütbələrə nə qədər qaldırsalar da onlar heç vaxt istedadlı yaradıcı bir insan ola bilməyəcəklər.

Ruhunu istənilən gözəl fenomenə həsr etməyə, hər hansı bir ilhamlı impulsa köklənməyə , hər bir hərəkətini, laqeydlikdən başqa hər şeyi, tamamilə hər şeyi tam anlayışla qarşılamağa hazır olan Mirağa nədən ömründə heç vaxt aşiq olmayıb? Niyə güclü, ehtiraslı, fədakarcasına sevməyib ki, həmişə sevgilisinin yanında olsun, heç vaxt ayrılmasın? Niyə heç vaxt ailə qurmayıb? Bu sirr olaraq qalırdı. Halbuki onun bir çox sənət yoldaşları bunu hətta bir neçə dəfə ediblər.

Çətin sualdır. Başqasının ürəyində nə olduğunu bilmək olmur. Hələ lap cavanlıqdan Mirağanın daxilində evləndiyi halda azadlığını itirmək qorxusu var idi. Bəlkə həqiqətən, dərindən, ürəkdən heç kimi sevə bilməmişdi...Ya da həmişə kasıbçılıqla yaşadığından sevdiyi qadını bədbəxt etmək istəməyib. Səbəb çox ola bilər. Və sizə deyim ki, hərəkətlərində izah olunmayan, səbəbsiz nələrsə olan və sanki sözlərində, hərəkətlərində cin əməli varmış kimi görünən insanların fəaliyyətində ya da qeyri-fəallığında səbəb axtarmayın. İnsanın həyatında hər şey olur. Cəmiyyətdə bizim bədbəxtliyimiz əsasən ondadır ki, biz hamını özümüz kimi görmək istəyirik. Əslində, hər şey başqa cürdür. İnsanlar bir-birinə nə qədər bənzəsələr də çox fərdi və təkrarsızdırlar, heç də bir-birinə oxşamırlar və hər bir insanın həddindən artıq ünsiyyətcil olmasına baxmayaraq insan bu dünyada o qədər tənhadır ki...

Hərdən küçə uşaqları gəlib Mirağanı qumar oynamağa aparırdılar. Adətən zirək oğlanlar qumarda onu udurdular. Elə də olurdu ki, o udurdu və udduğu pullara dərhal uşaqlara şirniyyat, dondurma, saqqız alır və onlara “uduzan heç nə qazanmır” adlı həyatın qanununa zidd olaraq bayram təşkil edirdi. Bəlkə də bununla Mirağa uşaqlara göstərmək istəyirdi ki ,həyatın bütün qanunları heç də düzgün, adil deyil və uduzanları da unutmaq olmaz. Oğlanlarsa, əksinə, udan kimi qocanın pullarını götürüb Mirağanın təyin etmədiyi həyat qanunlarının düz olduğunu təsdiq edərək qaçıb gedirdilər. Mirağa çox məyus olduğunu göstərməyə çalışırdı ki, balaca quldurların sevinci tamamlansın, özü isə ürəyində sevinərək onlar üçün yetərincə olan məbləğlə qacan uşaqların arxasınca baxırdı. Uşaqlarla ünsiyyətdən sonra özünü cavanlaşmış hiss edirdi. O, qocalarla ünsiyyət qurmağı sevmirdi, çünki bir qayda olaraq, köhnə yaşlı həmsöhbətləri ilə ünsiyyət xəstəliklər haqda danışmaqla və bu xəstəliklərin müalicə prosesindən zövq almaqla nəticələnirdi. Mirağanın da yaşına görə çoxlu yaraları var idi, amma bu haqda danışmağı, gileylənməyi sevmirdi, ya da söhbəti sadə, kobud zarafata çevirirdi ki, gələn dəfə həmsöhbəti onun bu mövzuya toxunmaq istəmədiyini anlasın.

– Həə... – deyə o qoca kimi qeyri-səciyyəvi şəkildə inləyib, sızıldayıb öskürür və:

– Mənim də səhhətimdə problem var, - deyirdi.

– Nədi ki? - qəfil qoca həmsöhbəti canlanır və ürəyində gizlicə Mirağanın səhhətindəki problemlər onunkundan daha ciddi olacağına ümid edirdi.

– Elə bu yaxınlarda məlum olub ki, mənim sol xayam sağdan üç millimetr qısadır, - tam ciddi deyirdi.

– Hə! –həmsöhbəti hələ anlamırdı ki, onu və onun qoca cansıxıcılığını ələ salırlar və mexaniki, artıq hiyləni hiss edərək soruşurdu:

– O elə qorxuludur ki?

– Yox, şükür Allaha ki, belə qorxulu deyil, amma yenə də problemdir də, - deyə Mirağa cavab verirdi.

Zarafat edə-edə, məsxərəyə qoya-qoya, ələ sala-sala, gülərək, lətifə danışa-danışa Mirağa yetmiş iki il belə yaşadı və təbii ki, maddi cəhətdən həyatda az şeyə nail oldu.

Bir dəfə o, otağın ortasında kətilin üstündə oturub çəkdiyi pəncərəni seyr edirdi. Çox dərin fikrə getsə də, düşüncələr ona seyr etməyə mane olmurdu. Televizoru və radiosu yox idi. Deyəsən bunu artıq qeyd etmişdim. Eybi yox, bir də deyim. Düşündükcə daxilində narahatlıq və tanış bir depressiya hissi, bir-birinə zidd olan bir ilanın iki başı kimi uğursuz həyatın yuxuları baş qaldırırdı. Allah bilir o nələr düşünürdü, lakin birdən ona elə gəldi ki, pəncərədə çəkdiyi pərdə qəfil əsən zəif mehdən tərpəndi. Mirağa ayağa durub kətili 180 dərəcə çevirdi və yenə oturdu. Fikirləri aydınlaşdı, sanki əvvəlki kimi pərakəndə deyildi...

Ürəyi sıxıldı, çox sıxıldı. Həmişə həyatı haqda düşünəndə olduğu kimi. O an Mirağa tənhalığının bütün qorxuncluğunu hiss etdi və həyətə çıxmağı qərara aldı. Qapını bayıra açıb qara tunelə girməyə hazırlaşırdı. Ürəyi sıxıldı. «Bax, mənim həyatım işıqlı ola bilərdi, pəncərədən çöldəki kimi, yay, dəniz mənzərəsi kimi, lakin o qara tunel kimi oldu ».

Bu təzadlı fikirlə tək qalmamaq üçün o, həyətə çıxdı. Lakin həyət bomboş və molla arxası kimi tərtəmiz idi. Adətən kranın yanında kimsə olardı. İndi isə ev də, həyət də sanki ölü idi. Yəqin hami sözü bir yerə qoyub ki, Mirağaya dəli olmaqda mane olmasın. Mirağa həyətə çıxmaq üçün qapıya tərəf gedirdi ki, birdən qonşu mənzildən inilti eşitdi. Bu xırıltılı, demək olar ki ölümcül qoca iniltisi idi. Mirağa anladı ki, inildəyən qoca Qasımdır. Başqa adam ola bilməzdi. O, ehtiyatla yarıaçıq qapıdan içəri girdi, kiçik dəhlizdən yarıqaranlıq otağa baxdı və dərhal köhnə, ortası batmış divanda uzanmış qocanın baxışları ilə qarşılaşdı. Qoca ona baxır və inildəyirdi. Görünürdü ki, kiminsə içəri girəcəyi ümidi ilə gözü qapıda qalmışdı. Hərə öz işinin dalınca qaçdığından kişi tək qalmışdı. Evdə Mirağa ilə qocadan başqa heç kim yox idi. Adətən qocanı qonşulardan birinə tapşırardılar. Çox ehtimal ki, Mirağanın da qapısını döyüblər, lakin o, qəzetsiz, radiosuz, televizorsuz və sivilizisayanın digər informasiya növlərindən məhrum şəkildə otağında oturub öz qəmgin fikirlərinə dalmış olub.

– Sənə nə olub? - Mirağa qocanın yatağına yaxınlaşıb soruşdu. Qoca gücünü toplayıb cavab verdi:

– Ay axmaq, məgər sən görmürsən ki, mən ölürəm? Dediyi sözlərdən sonra ağır nəfəs aldı. Görünür Mirağanın vəziyyəti anlamaması onu həqiqətən əsəbiləşdirmişdi.

– Təcili yardım çağırım, - deyə Mirağa çıxıb Çimnazın telefonlu ilə həkim çağırmaq istədi.

Buradakı mənzillərin qapıları nadir hallarda qıfıllanırdı, evdə heç kim olmayanda ancaq küçədən gələn giriş qapısı bağlanardı və sahibləri olmayanda içəri girib zəng etmək, bir müddətlik tava götürmək ya da televizora baxmaq mümkün idi.

– Lazım deyil, - deyə qoca xırıldadı

– Ölənə Allahdan başqa heç kim həyatı qaytara bilməz, - qoca yenə ağır nəfəs aldı.

Mirağa gözlədi ki, bəlkə qocanın ağzından daha hansısa kədərli fikir çıxa, lakin onun, deyəsən davam etmək fikri yox idi.

– Bəs onda sən nə istəyirsən? - Mirağa soruşdu
Qoca fikrə getdi, sakit nəfəs almağa başladı və zəif hərəkətlə Mirağanı yaxına çağırdı. Mirağa qulağını ona yaxınlaşdırdı.

– Oğlum, - qoca dedi və Mirağa ani atasının 30 il əvvəl necə əziyyətlə öldüyünü yadına saldı. O vaxt hələ Mirağa nisbətən cavan idi, lakin çox aciz və tamamilə müdafiəsiz idi. Atası dünyaya müəyyən səbəbdən gec gəlmiş yeganə oğlundan nigaran ölürdü.

– Oğlum, - uzun pauzada, sanki Mirağaya hər şeyi daha yaxşı yada salmaq üçün vaxt verdikdən sonra qoca təkrar etdi.

– Mən istəyirəm...

– Nə? - Mirağa sakitcə soruşdu. O, hiss edirdi ki, boğazı tutulur.

– Dо... – qoca tez-tez nəfəs alırdı.

– Dо? - Mirağa kişinin dediyini təkrar etdi

– Nə? Qasım, nə? De, nə desən düşünmədən edəcəm, - deyə Mirağa söz verdi və qorxdu ki, birdən qocanın istədiyini yerinə yetirə bilməz, axı bu həyatda o çox şeyi bacarmırdı.

– Don... dur... m... – çətinliklə qoca hecaladı.

– Dondurma? – Mirağaya elə gəldi ki, səhv eşitdi, lakin dəqiqləşdirmək mümkün deyildi, çünki qoca yorğun gözlərini yummuşdu. Mirağa qocanın zəifləmiş sifətinə baxa-baxa gözlədi. Görünür qoca həqiqətən ölməyə hazırlaşırdı.

– Dondurma, – deyə Qasım bir neçə dəqiqədən sonra yalvararaq, aydın təkrar etdi.

Mirağa çarəsiz ətrafa baxdı. Hələ də heç kim yox idi, hamı harasa yoxa çıxmışdı, və çox ehtimal ki, qoca ölənə qədər qayıtmayacaqdılar. Niyə də qayıtsınlar? Bu havasız otaqlarda, siçovulların qaçışdığı üfunət iyi verən həyətdə nə işləri var onların?

Mirağa əlini cibinə salıb dondurma almaq üçün lazımı qədər pulu olduğuna əmin oldu.

Sən hansından istəyirsən, qoca? - ona xas olan təlxəklik rolunda olduğu kimi axmaq sual verdi.

– Do... du... – qoca xırıldadı.
Mirağa cəld küçəyə çıxdı, tələsik qarışıq mallar satılan köşk yerləşən dalana çatdı və oradan dondurma alıb həyətə qayıtdı. Qoca gözləri yumulu, ağzı açıq uzanmışdı. Mirağanın yadına uşaqlıqda oynadığı sadə bir oyun düşdü: “Gözünü yum, ağzını aç!” deyib uşaqlar bir-birlərinə sadə hədiyələr edirdilər. Məsələn, kimsə dostunun ağzına ya əncir, ya albalı, ya gavalı və çox vaxt yeyilməyən bir şey qoyardı. Ona görə də bu oyunu oynayarkən ayıq olmaq lazım idi və ağzına qoyulanı dərhal udmaq olmazdı. Mirağa soyuq dondurmanı qocanın dodaqlarına yaxınlaşdırdı.

Bunu hiss edən qoca gözlərini azca açdı və Mirağanın əlindən dondurmanı acgörlüklə yalamağa başladı. Mirağa çarpayının qırağında oturdu. Qoca dondurmanı yalayıb yoruldu, gözlərini yenidən yumdu və bir neçə dəqiqədən sonra sakitcə öldü.

Fikrə gedən Mirağa birdən ayıldı ki, xırıltılı nəfəsi daha eşitmir. Otağa qeyri-adi sakitlik çökdü. Mirağa bir qədər özünü itirdi. O, vaxtilə atasını dəfn etmişdi, lakin o çoxdan olmuşdu. İndi yəqin hər şey başqa cürdür. Hər ehtimala qarşı o Çimnazın otağına girib Təcili yardıma zəng etdi, lakin cavab almadan Qasımın oğlanları qayıtdılar. Mirağa dəstəyi asıb qocanın son dəqiqələri haqda danışdı, dondurma məsələsini gizlətdi.

– Yazıq ata, - deyə qocanın elə Mirağa yaşında olan böyük oğlu heyifsləndi, - Heyif, biz yanında olmadıq.

– Mirağa yanında olub. Elə o da ona doğma bir adam kimidir, - ortancıl oğlu dedi

Kiçik oğlu heç nə deməyib susurdu.

– Hə, Mən demək olar ki, ona oğul kimi idim, - deyə Mirağa təsdiq etdi.
Qocanı dəfn etdilər. Oğulları yas mərasimini həyətdə keçirtdilər. Bütün qonşular kimi, Mirağa da burada masanın arxasında idi. Yasda molla dayanmadan danışır sonra da üzünü Mirağaya tutub:

– Bildiyimə görə siz, rəssam bütün həyətə rəsmlər çəkmisiniz.

Bilirsinizmi ki, Allah peyğəmbərin dili ilə müsəlmanlara insan şəklini kağıza köçürməyi qadağan edib? - deyə soruşdu.
Mirağa özündən yaşca kiçik olan mollaya baxdı. O, səbirlə cavab gözləyirdi. Mirağa onunla bir yaxşı zarafat etmək istəsə də indi burada zarafatın yersiz olduğunu düşündü. Başqa yerdə və başqa vaxtda mütləq cavab verəcəkdi, amma burada ...

– Hə, Lakin mən insanları çəkmirəm

– Bəs nə ?
Mirağa bir qədər fikirləşdi : doğrudan - nə? Axı, bütün hallarda bunun hamısı insandır, çəkdiklərinin hamısı, lakin bunu mollaya izah etmək çətindir. Qonşular da çətin ki, anlasınlar.

– Öz fantaziyalarımı, - deyə cavab verdi .
Molla guya hər şeyi anlayırmış kimi ondan əl çəkdi, çox ehtimal ki, onun diqqətini qarşısına qoyulan qabın içindəki plov yayındırdı.
Qasımın ölümündən 40 gün keçdi. Çimnazın qızı gənc polis işçisinə ərə getdi. Ata ilə oğul elçiliyə elə polis paltarında gəlmişdilər. Ata hətta həyətin küncündə yerləşdirdiyi dəyənəklə gəlmişdi. Nümayişi dağıdıb gəlmişdi və necə deyərlər, ”ziyarətdən ziyafətə”, çox həyəcanlı olsa da, l öz işini, daha doğrusu, oğlunun işini axıra çatdırdı.

Daha sonra rəhmətlik Qasımın ailəsi yeni mənzilə köçdü. Onların yerinə qaçqınlar gəldi. Ana, onun on yeddi yaşlı qızı və qızın kiçik qardaşı. Atalarını Xocalıda ermənilər öldürmüşdülər və onlar uzun müddət çadır şəhərciyində yaşamışdılar.

Yeni qonşusunu, on yeddi yaşlı qızı ilk dəfə görəndə sanki kimsə yetmiş iki yaşlı Mirağanın üzünə şillə vurdu. O, gözünü qızdan çəkə bilmir, donub qalmışdı. Əslində qızda qeyri-adi heç nə yox idi deyəsən..

Minlərlə həmyaşıdı kimi, adi bir qız idi. Bəlkə bir az incə idi. Bəli, ancaq artıq heç nə. Allah bilir, Mirağa onda qeyri-adi nə görmüşdü, Allah bilir, ancaq qız onun xəyalını çox dərindən sarsıtmış, xəncər yarası kimi yaralamışdı.

– Qonşu, adın nədir sənin? - qızı həyətdə görüb gözlərini ona zilləyərək titrək səslə soruşdu.

– Ceyran, - deyə qız heç çəkinmədən cavab verdi.
– Oxşayırsan, - deyə Mirağa təsdiq etdi.

Qoca vurulmuşdu. Ehtirasla, incə, platonik, fiziki və daha necə…Ancaq həqiqətən vurulmuşdu. Bəlkə də həyatında ilk dəfə bu qədər güclü sevmişdi. Lap cavanlıqdan başlayan uzun illərin sıxıntısı, həyata keçməyən arzuları naminə daim öz varlığını cilovlaması, o qədər də aydın olmayan azadlığını itirmək qorxusu, allah eləməmiş onu sevən qadın ondan hamilə qalıb onun həyatına artıq problem yaradacağından ehtiyat etməsi, onun əl ayağını ailə düyünü ilə bağlayacağından çəkinməsi, həyatının mənası hesab etdiyi incəsənətə xidmətin uşağa, arvada, ailəyə xidmətə çevrilməsindən və istedadının batıb gedəcəyindən narahatlığı, qarşısında aciz olduğu məişətdə bacarıqlarını itirmək qorxusu, çox şeydən özünü məhrum etməsi - bütün bunlar birdən qocanın qəlbində partlamış və tamamilə əksinə çevrilərək onda ehtirasla sevib sevilmək istəyi yaratmışdı, nəhayət ona heç nə vermədən acı xasiyyətli bir təlxəyə çevirmiş azadlığı itirmək istəyi yaratmışdı, həmin bu qızla yuxularında və xəyallarında gördüyü adi ailə qurmaq həvəsi yaratmışdı.

Qoca gənc bir oğlan kimi vurulmuşdu, səfeh və çox emosional bir gənc kimi. Yatağa girib gecələr özünü bu acizliyinə, reallıqdan uzaq, dəyərsiz xəyallarına görə danlayır, lakin səhər yuxudan oyananda dəhşətlə anlayırdı ki, bu qızsız, Ceyransız həyatı tam deyil, birtərəfli və eybəcərdir.

Adətən Mirağa qapısını bir balaca açıq qoyur və qapının arasından qız qəfədanı doldurmağa ya da nəsə yumağa gedəndə, onu izləyirdi. Tualetin qapısında onun çəkdiyi rəsmi gördükdə Ceyran yaşlı adam kimi sakitcə gülümsəyirdi. Qoca xoşbəxt idi. Bütün bu vaxtda qoca bir dəfə də eşitmədi ki, qız bəzi həmyaşıdları kimi bərkdən, qəhqəhə çəkib gülsün. Atası gözü qarşısında öldürüldüyündən ürəyindəki yara sağalmırdı, yaşayışları da o qədər yaxşı deyildi, nəyə gülsün ki... O, onlara sakitcə, bacardığı qədər, təzyiq etmədən kömək etməyə çalışırdı. Qapının üstündəki xoruz da qızın xoşuna gəlmişdi.

Bir gün qoca qıza rəsmlərini göstərmək üçün onu öz otağına dəvət etdi. Qonşular və qızın anası görsün deyə qapını açıq qoymuşdu.

Mən də elə bilirdim ki, o canlıdır! Sonra da düşündüm ki, burada dəniz haradandır? Şəhər...Birinci mərtəbə. Amma baxanda hündür görünür, eləmi? Sanki dəniz uzaqda aşağıdadır!

O minnətdarlıq hissi ilə qızın əlinə toxunub divarlara işarə etdi. Orada möcüzəli quşlar və nəhəng gözəl kəpənəklər uçmağa hazırlaşaraq pərvaz edirdilər.

Qız sakitcə nəfəsini çəkdi.

– Bu nə gözəllikdir! Demək siz rəssamsınız? O, qıza baxır və susurdu.

– Mən ömrümdə ilk dəfə canlı rəssam görürəm.
Qoca buna da cavab vermədi. Nə desin? O, qızın əlini əlinə alıb bir qədər dayandı. Qız da dərhal əlini çəkmədi və bu onu sonsuz enerji ilə yüklədi. Sanki öz kəpənəkləri və quşları kimi uçmağa hazır idi.

– Damda, - deyə qoca qıza damdakı əsərlərini də göstərmək istədi. Halbuki onun bu otaqdan getməsini istəmirdi. Lakin pəncərəsiz, havasız otaq çox darıxdırıcı idi. Qız isə o qədər gənc idi ki, ona genişlik, çiçək ətirli geniş bir sahə, bax bu pəncərədəki kimi dəniz sahili, lakin əsl dəniz, canlı, hərəkətli dəniz lazım idi, çünki gənclik cansız mənzərəni deyil, canlı gözəlliyi sevir.

Onlar həyətə çıxdılar və o, qıza damdakı antenaları göstərdi. Onlar küləkdə sanki uçmağa hazırlaşaraq pərvaz edirdi.

Qız bir də uşaq kimi, həvəslə dərindən ah çəkdi və bununla sanki qocaya dünyanı bağışladı.

Ceyran hələ bu rayonu yaxşı tanımırdı. Bir dəfə qoca ona qədim evlər tikilmiş yaxın küçələri, dalanları, döngələri göstərməyə apardı. Ceyranın anası onun qoca ilə gəzməyə getməsinə etiraz etmirdi, çünki qocanın qıza olan hissləri heç ağlına da gəlmirdi. Mirağa qızın əlindən balaca uşaq kimi xüsusi bir ləzzət hiss edərək tutmuşdu. Qoca sanki dirçəlmişdi, cavanlaşmışdı. İndi o, əvvəl olduğu kimi, qaraqabaq, acıdil görünmürdü. O, daha içmirdi, hər gün təraş edirdi, həftənin günlərini qarışdırmırdı, eyni şeyi bir neçə dəfə təkrarlamırdı, özünü sakit, təvazökar aparır və təbii ki, bekar qonşuların əylənməsi üçün tualetdə daha qışqırmırdı. Özünün qayğısına qalmağa başlamış, hətta həyətə öz şəxsi mülkü kimi yanaşaraq qaçışan siçovullara qarşı çox güclü dərman da tapmışdı.

Bütün bunları ona görə, qıza görə edirdi. Onu da demək lazımdır ki, qız qısa qaçqınlıq həyatında çadır şəhərciyində, vaqonlarda, tam antisanitar şəraitdə yaşayanda çox şey görmüşdü. Nə etmək olar. Müharibə hələ heç kimə sevinc bəxş etməyib xüsusilə də öz doğma evlərindən didərgin düşmüş qaçqınlara. O, başqaları kimi, anası və kiçik qardaşı kimi uşaqlıqdan başına gələn bütün çətinlikləri yaşamışdı, ona görə də həyət-bacada qaçışan siçovullar onu o qədər də heyrətləndirmirdi.

Buna baxmayaraq, qoca imkan daxilində onun bu evdə həyatını nizamlamaq üçün əlindən gələni edirdi. Qocanın qıza qarşı əsl hisslərini heç kim başa düşə bilmirdi, qonşular, Ceyranın anası - hamı Mirağanın qıza, heç vaxt olmayan qızı, nəvəsi kimi bağlandığını və indi onda atalıq hissinin özünü büruzə verdiyini düşünürdü. Ceyran qoca ilə dost olmuşdu.

Son günlər Mirağa qızın portretini çəkməyi qərara almışdı. Təəccüblü olsa da müraciət edən kimi, çox qısa bir zamanda Rəssamlar fondundan əvvəllər heç vaxt tələb etmədiyi dəstəyi ala bilmişdi.

Qoca gözlərinə inanmırdı. O, pulları sayıb, əllərinə etibar etməyib cibinə qoydu və cibinə də etibar etməyib şalvarın üstündən əli ilə bir də yoxladı. Bu pula o, boya, kətan, yeni fırçalar aldı. Qalan pula da Ceyrana hədiyyələr aldı.

– Ay, lazım deyil, Mirağa baba, çox sağ olun. Siz onsuz da bizə çox şey edirsiz, - deyə evin qarşısında qızın üzündən gözünü çəkmədən paketləri ona uzadanda qocanı qarşılayan qız dedi.

– Boş şeydir, - deyə diqqətlə qıza baxıb dedi, - götür və bilirsən nə var, Ceyran,

– Nə? – qız soruşdu.

– Bir xahişim var, – qeyri-adi tərəddüdlə dedi

– Nə?
– Mənə baba demə.

– Niyə?- qız anlamır və onun xahişinin əsas səbəbini heç ağlına da gətirmirdi.

– Çünki mən özümü baba hiss etmirəm, - deyə cavab verməyə söz tapdı, - İndi özümü təxminən sənin yaşında hiss edirəm

– Allah can sağlığı versin, - deyə qız çəkildi ki, qoca otağa daxil ola bilsin və:

– Gəlin bizə çay içməyə. Anam da evdədi, - dedi.

Anasının evdə olması əbəri qocanı o qədər sevindirməsə də otağa daxil oldu və qızın dəmlədiyi çaydan içə-içə anasına dedi ki, Ceyranın portretini çəkmək fikrindədir.

– Siz nə danışırsınız, Mirağa əmi. İndi portret vaxtı deyil, - qayğıkeş ana cavab verdi

– Ona əmi demə,- Ceyran zarafatla xəbərdarlıq etdi

– Bəs nə deyim?–anası qızının zarafatını anlamadı.

– O indi özünü mənim yaşımda hiss edir

– Belə de!

– Mən onun portretini bax burda, həyətdə çəkəcəm, – Ceyranın anasının yarana biləcək qorxusunu qabaqlayaraq Mirağa yeri göstərdi, - otaqlarımız çox havasızdır.

– Bu yay o instituta imtahan verəcək,– deyə anası yada saldı, - məşğul olmalıdır.

Lap əla. Qoy məşğul olsun. Mən də öz işimlə məşğul olacam. Bir də gördün ikimiz də nəyəsə nail olduq...

O qızın portretini elə də çəkdi. Kitab oxuyan qız. Bu portretə qoca bütün qəlbini qoydu, natura ilə çox diqqətlə işləyir, portretin bütün detallarını daha diqqətlə çəkirdi. Nəhayət, portret hazır oldu. Alındı. Əsərdə naturanın təmiz ruhu oxunurdu, bu isə xarici oxşamadan daha vacib idi, halbuki xaricdən də bu məhz o idi, başqa biri deyildi.
Alınıb, alınıb. Mirağa bunu başqalarından yaxşı görürdü. İşinə tənqidi yanaşmağa vərdiş etmiş və özünə heç vaxt heç nədə rəğbət bəsləməyən Mirağa indi gördü ki, gördüyü iş çox realdır. Portretdəki bu qız sevginin özü idi, müəllifin qarşısında sadəcə bir qız portreti deyildi, sevilən bir qızın, sevilən, arzulanan qadının, yeganə və son sevginin portreti idi. Rəsmdən başı çıxan hər kəs dərhal bunu təxmin edirdi.

Lakin ətrafdakıların: qonşuların, qızın anasının və Ceyranın özünün də rəsmdən az başı çıxırdı. Onlar axtarıb zahiri oxşarlıqları tapır və bu onları tam qane edirdi. Heyrətlə ağızlarını marçıldadıb “Necə də oxşayır !” - deyirdilər. Ya da öz diletant mülahizələrini ifadə edərək, özlərini göstərərək hər hansı bir fikir irəli sürürdülər, vacib bir qüsur tapmağa cəhd edirdilər ki, qanmaz kimi görünməsinlər, yəni ki, biz də nəsə anlayırıq, biz də elə belə adamlar deyilik. “Mirağa müəllim, (rəsmə baxdıqda hamının birdən yadına düşdü ki, Mirağa rəssam əhlinə aiddir və ona hörmətlə yanaşmağa başladılar , həm də burada indi Mirağanın açıq-aşkar laqeyd olmadığı təzə qonşular var idi ) bağışlayın, sizə elə gəlmirmi ki, sol göz sağa nisbətən bir az iridir? Yox?” - deyə soruşan da oldu.

Portret üzərində ilhamla, zamana varmadan, onu əhatə edən hər şeyi unudaraq işləyəndə ağlına yaxşı, təmiz, saf fikirlər gəlirdi. « Bütün hallarda – deyə düşünürdü - insan işləyərək Allaha heç vaxt olmadığı kimi daha yaxın olur, hətta dua etdikdən də yaxın. Xüsusilə də yaradcı işdə, insanda ilham oyanaraq ilahi bir qığılcım alışıb parlayanda.
İşləyəndə o, Allaha inanırdı. Adi həyatda hər şey daha çətin idi. O, çox təəssüf edirdi ki, onda əsl iman yoxdur, hər şeyə şübhə və şəkk edir, daxilində eşələnir, əzab çəkirdi. İmanla yaşamaq asandır. Atributika ilə yəni insanlar yalançı, səthi inananların səmərəsiz hərəkətlərini qavrayıb sadəcə imanlı olduqlarını göstərmək istəyi ilə deyil, əsl imanla yaşamaq asandır.

Onun isə əsl, əsaslı imanı yoxdur, o, aqnostikdir və bu da yəqin ki, iblisdəndir. Ömrünün ən çətin anlarında dəfələrlə Allahdan iman diləmiş, yaşamağın, xüsusən də imanla ölməyin çox asan olduğunu hiss etmişdi.

Lakin şəkk etməyə davam edirdi, daxilində bir şübhə toxumu var idi . Bu, onu ruhdan salırdı, şübhələrini unudub Allaha məhəbbətini, imanını etiraf edəndə işlədiyi zaman rahatlıq tapırdı, ancaq son illər getdikcə daha az, daha tənbəlcəsinə, daha könülsüz işləyirdi.
İndi, qəfildən, əsl ilham diktəsinin nəticəsi olan bu portret yaranmışdı.
Yenidən real həyata qayıdan Mirağa yanında qonşuların səslərini eşitdi.

– Neçə ildir qonşu olsaq da bizi heç bir dəfə də çəkməmisən, amma Ceyran gələn kimi, onun portretini çəkdin. Əla! Qonşu, sənə sözüm yoxdur! - deyə Çimnaz qocanı məzəmmət etdi.

– Neyləyək, - Ceyrana oğrun-oğrun baxa-baxa Mirağa cavab tapdı, - gənclik cəlbedicidir, cəlb edir, özünü vəsf etməyə məcbur edir, - deyə özünü elə göstərdi ki, sanki qonşu dediklərini anlamadı. Hamı sakitcə, razılaşaraq gülümsədi

– Hə , hə gənclik başqa bir aləmdir,- deyə başlarını tərpətdilər.
Çimnaz isə heç cür təslim olmurdu.

– Mənim Solmazım ərə getməzdən əvvəl bizim evdə yaşayırdı, nədir, qarı idi?

Tezliklə Ceyranın qəbul imtahanları başladı və qoca qızın anasını boş vaxtının çox olduğuna inandıraraq onunla gedib qızmar günəşin altında saatlarla dayanır, qızı gözləyirdi.

O, qızdan öz övladı kimi nigaran idi. İmtahanlardan sonra məlum oldu ki, Ceyran kifayət qədər bal toplaya bilməyib. Qoca qəbul komissiyasına gedib, hərtərəfli təhlil, təftiş tələb edib, qalmaqal salıb, yumruğunu stola vurub, onlar haqda tədbir görəcəyinə söz vermişdi. O, özünü ömründə heç vaxt aparmadığı kimi apararaq, qəribə də olsa, məqsədinə nail oldu və Ceyran instituta daxil oldu.

Mirağa sevindiyindən, əvvəllər bunu heç vaxt hətta maddi vəziyyətinin ən pis vaxtlarında (qəbul etmək lazımdır ki, bu günlər o, əvvəllər həyatında heç vaxt etmədiklərini edirdi və onun hərəkətləri gənclərdə olduğu kimi emosional, ağılsız bəzən də mənasız idi, lakin anlaşılmaz olsa da çox gözəl idi və hətta sərkərdəliyi xatırladırdı) etmədiyini edərək və öz prinsiplərinə zidd hərəkət edərək borca girib tanış heykəltaraşdan-varlı bir insandan (hansı ki son illər uğurla bizneslə məşğul olurdu, yəni Rusiyanın Tombov vilayətinə istifadə müddəti bitmiş prezervativlər və saxta kosmetika yollayır və bununla da özünə var dövlət yığmışdı) onun son illərdə gördüyü incəsənətdən uzaq olan işinin mahiyyətinə varmadan böyük miqdarda (öz aləmində böyük, qeyd edilən heykəltaraş üçün isə az bir miqdarda) borc pul götürüb Ceyranın instituta daxil olması münasibəti ilə həyətdə qonaqlıq təşkil etmişdi.

Qalan pulları isə Ceyranın anasına verərək demişdi ki, guya köhnə rəsmlərindən birini satıb pul əldə edib. Lap cavan oğlan kimi ustalıqla yalan dedikdə bir balaca vicdan əzabı çəkmişdi. Həmişə içəndə olduğu kimi mədəsində yanğı hiss etmişdi. Elə onda yadına düşmüşdü ki, çoxdandır yalan danışmır (yalan deməyə nə adam var idi nə də əsas bir səbəb. O axı demək olar ki, heç kimlə ünsiyyətdə olmurdu ki, kiməsə yalan desin), bir sözlə yalan danışmağa yadırğamışdı və bu günahsız yalandan sonra dilində bir müddət xoşagəlməz tam qalmışdı. Bəlkə ona görə də qəfil anasının ona “yalan danışsan dilini qaynar ütü ilə yandıracam” dediyi yadına düşdü.

Ertəsi gün Ceyranı mağazaya aparıb ona təzə paltar, ayaqqabı, kofta aldı. Ceyran əvvəlcə anasının buna qarşı olacağını və onu danlayacağını deyib qəti şəkildə etiraz etdi, lakin alınanları görəndə, təslim oldu yumşaldı, əridi. Qadındır da. Ona nə deyəsən? Qoca da bundan istifadə edib onu zərgərlik şöbəsinə apardı və nazik, ucuz bir üzük də aldı.

– Oh!- deyə Ceyran heyranlıqla üzüyə baxıb - Qızıldır? - deyə soruşdu.
Qoca üzüyü qızın barmağına taxıb dedi:

– Qoy bu bizim kiçik sirrimiz olsun.
O, qəfildən özündən çıxdı:

– Ay, niyə siz…Mirağa müəllim, bahadır axı!

– Sənin üçün, əzizim, heç nə heyif deyil! Sən mənim qızım kimisən, öz qızım kimi, – qəfildən, utanaraq özü üçün də gözlənilməz olan bir cavab verdi.

Son günlər Mirağa hiss edirdi ki, qız ona hədiyyə olunan üzüyü gizlədir, anasının və qardaşının yanında taxmır. “Ona yalan danışmaq məndən də çətindir, düzünü də demək istəmir,” - deyə Mirağa düşünürdü
Mifik əsərini satdığı haqda danışdığı yalanını yada saldıqca, bu haqda ciddi düşünürdü. Axı indi onun həyatında Ceyran var idi və ona pul lazım idi. Qız şəhərli yaşıdları kimi yaxşı geyinib keçinməli idi, axı o indi tələbə idi, yeni rəfiqələrindən utanmamalı idi. Həm də Mirağanın ürəyindən ağır bir daş kimi sallanan borcu qaytarmaq lazım idi. O, borclu qalmağa öyrəşməmişdi, halbuki heykəltaraş Mirağa istəyən kimi dərhal çirkli cib dəsmalı kimi cibindən çıxarıb saymadan ona verdiyi bu cüzi məbləği çoxdan unutmuşdu. Mirağa borclu olduğunu tez-tez yada salır, daha doğrusu heç unutmurdu və onu qaytarmaq üçün yollar axtarırdı.

Günlərin bir günü düşündü ki, bəlkə həqiqətən rəsmlərindən birini satmağa cəhd etsin , ötən illərin uğursuz cəhdlərini yeniləsin, kim bilir bəlkə bu dəfə nəsə alınar? Düzdür, əvvəllər də nəsə satırdı, lakin bu çox nadir hallarda olurdu. Əksər hallarda, ciddi rəqabətə rast gəlirdi. Xüsusilə də son on-on beş ildə. Ən çox da ona təcrübəsizliyi mane olurdu, lakin buna baxmayaraq nəsə əldə edə bilirdi. Sonradan məlum olurdu ki, yarı ya da dörddə bir, onda bir qiymətə satıb. Hətta bu cür razılaşmanı da həmişə səmərəli hesab edirdi. Bic və hiyləgər dəllallar tərəfindən başına min oyun gəlmiş Mirağa “Zövq aldığın bir işə görə pul almağı hər kəs bacarmaz! Gör mən necə də fərasətliyəm!” - deyə özünü sakitləşdirirdi.

Pulun olmaması indi əvvəlkindən, yəni yalnız özü haqda düşündüyü (daha doğrusu, düşünmədiyi, istədiyiniz kimi qəbul edə bilərsiniz) vaxtlardan daha ağrılı hiss edirdi. Çox düşündükdən sonra yenidən cəhd etmək qərarına gəldi. Bəlkə də onun Ceyranın anasına söylədiyi kiçik yalan həqiqətə çevrilə bilərdi. Köhnə, çərçivəyə alınmış rəsmlərdən birini götürüb əvvəl rəsmin üstündəki qalın toz qatını sildi sonra şəhərin mərkəzindəki açıq səma altındakı rəssamlar qalereyasına getdi.
Rəssamlar öz əsərlərini elə küçədəcə qoyub satırdılar. Təbii ki, orada Mirağaya tapılmadı, lakin yarı-rəssam, yarı-dəllal bir kələkbaz tapıldı və Mirağanın əsərlərini 40 faizə satmağı təklif etdi. “Otuz”- əminsizliklə alveri bacarmayan Mirağa təklif etdi. Onun bacarıqsızlığını dərhal sezən dələduz “Qırx, yoxsa sərf etmir” deyərək təkid etdi. “Yaxşı, razıyam,” -deyib Mirağa kənara çəkildi.

– Sən burda duracaqsan? - dəllal təəccübləndi.

– Bəs harada durmalıyam? - Mirağa maraqlandı.

– Get evə. Səndən nə fayda? Satışı korlayarsan, - deyə dələduz əsəbiləşdi.

– Eybi yox. Mən burada duraram, - deyə Mirağa tabe olmurdu.

– Nə deyirəm, bekarsansa dur,- deyə dəllal çiyinlərini çəkib üzünü çevirdi.

Mirağa axşama qədər orada dayansa da, onun əsəri ilə maraqlanan olmadı. Sonralar ora heç getmədi və tezliklə rəsmin orada olmasını tamamilə unudub, hər dəqiqə, hər an həyatın dolğunluğunu ona hiss etdirən yeni, parlaq, dərin duyğuların içində itib batdı...
İmkan olduqca Ceyrana hədiyyə verir, dadlı nələrsə alır, onu kiçik qardaşı ilə bulvara aparıb karusellərə mindirirdi - bir sözlə, gənc oğlan kimi dəlicəsinə vurulduğu açıq-aşkar görünürdü.

Ceyranın reaksiyası heyrətamiz idi: o elə təmkinlə və səmimi sevinirdi ki, ona elə minnətdarlıq hissi ilə baxırdı ki, qoca əvvəllər heç vaxt olmadığı kimi özünü çox xoşbəxt hiss edirdi. O, anlayırdı ki, bu qız ona qoca vaxtında taleyin hədiyyəsidir.

Nəhayət, bir gün mərkəzi küçədə yerləşən qalereyanın yanından keçəndə əsərini verdiyi adamı yada salıb onunla görüşməyi qərara aldı.

– Qoca, sən nələr edirsən?! – deyə tanışı onu qarşıladı

– Neyləyirəm? - Mirağa anlamadı

– İki həftədir səni axtarıram! Hara itib batmısan? – tələsik dələduz soruşdu.

– Rəsmin satılıb. Tü- tü! Sevin! Yüzə satdım. Al sənin 60 dollarını götür və sağ ol de. Manatla versəm olarmı? Eee neynirsən dolları?! Onsuzda içəcəksən. Götür, götür, gör necə işləyirik. Rəssama rəssamdan başqa kim kömək edəcək? Yeri gəlmişkən, bir italiyalı ya ispaniyalı aldı, varlı idi batmış! Səninlə tanış olmaq istəyirdi. Dedim ki, Tokioya fərdi sərginin açılışına getmisən. Bax belə! Markanı yüksək tut! A! Bax budur!
Səninki gətirib, qoca! Bura gəlir! - dedi dələduz.

Yanında yaraşıqlı tərcüməçi qadın, üzündə nurlu təbəssüm təxminən əlli yaşlı italyan onlara yaxınlaşdı, dələduz dəllala əl verdi, Mirağa ilə tanış oldu və biləndə ki, aldığı əsərin müəllifi məhz Mirağadır, çox sevindi və ürəkdən gülümsədi.

– O, sizin digər işlərinizi də görmək istərdi, - italyan ona müraciət etdikdən sonra tərcüməçi qız Mirağaya üz tutdu və: - mümkündürmü?- deyə soruşdu.

– Niyə də yox?! – dəllal cəld və şən cavab verdi.

– Mən apararam.

Mirağa təəccübləndi və “ məni heç nə hesab edir, ” - deyə dəllal haqda düşündü.

Amma fərasətli italyan üzündəki daimi təbəssümlə səbirsizliklə sıçrayan dəllaldan gözünü çəkmədən qısaca tərcüməçiyə nəsə dedi.

"Dedi, ki," - qız eyni lakonik və qısa şəkildə tərcümə etdi, - "sən lazım deyilsən”.

Dəllalın üzündə təbəssüm donub qaldı, amma özünə gəlib Mirağanın arxasınca "Müştərini kim sənə caladığını unutma! Xərci var!” qışqıra bildi.

Bir az utanaraq, rəsmlərini onlara harada göstərəcəyi yer haqda düşündükdən sonra Mirağa italyanı və onun tərcüməçisini öz evinə apardı. Lakin İtalyan sarsılmaz Roma Papası kimi Mirağanın otağına heç fikir vermədi. Onu ancaq rəsmlər maraqlandırırdı. Rəsmlərin bəzilərini Mirağa italyanın tam özünü rahat hiss etdiyi və rəsmlər çəkilmiş divarlarına, tualetinin qapısına diqqətlə baxdığı və hətta başını qaldırıb( bunu italyan olmayan kimsə çox nadir halda edirdi) damda bir neçə kəpənək-anten də gördüyü həyətə, açıq havaya çıxartdı. Evin sahibinin arxasınca həyətə çıxmazdan əvvəl italyan diqqətlə və heyrətlə ona baxaraq gözünü pəncərəyə zilləyib baxırdı. Mirağa da əlində bir neçə çərçivəli rəsm qapının ağzında qara tunelin qarşısında onun reaksiyasını gözləyərək donub qalmışdı. İtalyan tərcüməçi qadına yavaşca nəsə dedi.

– Senyor Viskonti deyir ki, bu pəncərənin real olduğunu zənn etdi,– deyə tərcüməci heç bir emosiyasız dedi.

– Senyor Viskonti deyir ki, təəssüf ki, bu divarı almaq mümkün deyil... O deyir ki, hətta ona elə gəldi ki, siz qapını açanda pərdə tərpəndi.

– Olur, - Mirağa deyib əlində şəkillər həyətə çıxdı.

Həyətdə artıq qonşular yığılmışdılar. “Avaralar, - deyə Mirağa təəssüf hissi ilə düşündü,- lazım olanda biri də tapılmır.” O, bir qədər utanırdı, çünki onunçün əsərləri intim bir nəsnə idi, çox şəxsi idi. Halbuki gözəl anlayırdı ki, bu əsərlər onlara baxıb zövq almaq üçün yaranıb. Yadına düşdü ki, bu gün bazar günüdür və qonşuların evdə olmaları bununla izah edilir. İtalyan, tərcüməçi qadın və qonşular əsərlərə danışmadan, diqqətlə, düşünərək çox baxdılar.

Xüsusilə də köhnə qonşular, sanki bu rəsmləri ilk dəfə görürdülər və guya əsərlər onları bezdirməmişdi. Sonra Mirağadan və italyandan başqa hamı danışmağa başladı. Onlar qışqırır, bir-birlərinə nəyisə sübut etməyə çalışırdılar, hamıdan bərk tərcüməçi italyanın qulağına qışqırmalı olurdu ki, ordan-burdan eşitdikləri ifadələri, ayrı-ayrı sözləri tərcümə etsin. Qonşular getdikcə daha yüksək səslə danışır, bir-birinin sözünü kəsir, barmaqla şəkilləri göstərirdilər. Sanki həyət qaraçı düşərgəsi idi. İtalyan hamını diqqətlə dinləyirdi. Tərcüməçi də var gücü ilə çalışırdı. Birdən sanki italyan Azərbaycan dilini anlayırmış kimi tərcüməçini dayandırdı. Səs-küy də birdən kəsildi. Həyətin üzərindən səssizlik ilahəsi uçdu sanki. Hamı baxır, lakin artıq sakit danışır, sözsüz heyrətlənirdi. İtalyan da heyrətlə başını yırğalayırdı.

– Qud, qud, – deyə o bir rəsmdən digərinə keçərək deyirdi.

– Belissimo, – deyə o qonşulara məlumat verir, onlar da onunla razılaşaraq “belissimodur ki, var!”- deyə başları ilə razılıqlarını bildirirdilər.

– Yaxşı, yaxşı, – deyə o öz özünə mızıldanırdı.

Nəticədə o, Mirağadan onlarla rəsm əsəri aldı. Xoşbəxtlikdən az qala uçan Mirağa müvəqqəti olaraq yerə enib senyor Viskonti tabloları ölkədən çıxara bilməsi üçün bütün lazımi sənədləri imzaladı. Mirağa italyanın almaq istədiyi yalnız bir rəsm əsərini satmaqdan imtina etdi. Bildiniz də hansını? Kiçik bir mübahisə yarandı, lakin ağıllı italyan qonşular arasında orijinalı gördükdə, gizlədə bilmədiyi təəssüf hissi ilə geri çəkildi, ancaq qalan rəsmlərin qiymətini dərhal aşağı saldı. Mirağa heç düşünmədən onun bütün şərtləri ilə razılaşdı. İtalyan Mirağaya nağd pul ödəyəndə qonşular heykəl kimi donub qaldılar.

– Beş min dollar, - deyə, sirkdə proqramın əsas məqamı, “danışan begemot” adlı heyrətamiz bir nömrəni elan etdikləri kimi, tərcüməçi elan etdi.

– Senyor Viskonti sizə təşəkkür edir, minster Mirağa.

– Sağ ol, - deyə əlində fantastik məbləği tutub qonşulara göstərən Mirağanın dili topuq vurdu.

Çimnaz Mirağanın əlindəki pula heyranlıqla baxaraq “Bu, bizə buradan getməyi təklif etdiklərindən çoxdur” - dedi

İtalyan şəkilləri götürüb tərcüməçisi ilə bir yerdə üzündə təbəssüm yola düşdü. O, tək özü bu gün nə gözəl sövdələşmə etdiyini anlayırdı, tək elə bu sövdələşməyə görə Bakıya gəlməyə dəyərdi.
Beş min hələ də Mirağanın əlində idi. Çimnaz telefonda birjadakı dəllal kimi qışqırırdı:

– Beş min deyirəm sənə, beş, inanmazsan, Solmaz, nə qədər pul!
Qışqırıb qurtardıqdan sonra o, bu gözəl günün hadisələrindən heç nəyi qaçırmamaq üçün yenidən qaça-qaça gəldi.

Əllərindəki pulu qarşısında kiməsə uzadan Mirağanı gördükdə “Gizlədin, - dedi Ceyranın anası.
– Necə? Biz burada heç vaxt heç nə gizlətməmişik, - dedi qoca

– Çünki bizdə heç vaxt heç nə olmayıb, - deyə Çimnaz dərhal cavab verdi.

– İndi isə var. O haqlıdır. Get gizlət.

– Onlar mənim nəyimə lazımdır? – deyə Mirağa Ceyranın düz gözlərinin içinə baxaraq soruşdu.

Qız utanıb evə qaçdı.

– Taparsan nəyə lazım olduğunu. Pul olsun, xərcləməyə yer tapılar...- qonşulardan biri dedi

– İstəyirsən uduz o pulları mənə nərddə...– ikinci qonşu dedi

– Ən yaxşısı, tualetin qapısına yapışdır onları. “Pul əl çirkidir” ifadəsinin əyani görüntüsü kimi, üçüncü qonşu məsləhət verdi

– Kaş bu əl çirkindən çox olaydı. Onda biz bu çirkabda yaşamazdıq...- birinci qonşu dedi

– Başa düşmədim, bizim evin nəyi sənin xoşuna gəlmir?- ikinci qonşu soruşdu

– O nərddə uduzub ona görə keyfi yoxdur...

Qonşular bir- biri ilə danışa-danışa evlərinə çəkildilər. Onlar hələ də olanları müzakirə edirdilər. Uzun illər idi heç kim inanmırdı ki, Mirağa əsl işlə məşğuldur. Birdən beş min dollar! Adam dəli olar!

Hamısı sənin üçündür, mənim əzizim, - gecə yarısı oyanaraq Mirağa pulları öz sevgilisinə, Ceyrana necə xərcləyəcəyi haqda düşünərək ürəyində aşıb daşan fərəhdən sakitcə güldü.

Yuxusu qaçdı. Yatağının yanındakı kətilin üstündəki saata baxdı. Səhər saat dörd idi.

– Mənə səndən heç nə lazım deyil, ağlına heç nə gəlməsin. Sadəcə səni görüb sənə toxunmaq, əlindən tutub bilmək ki, sən yanımdasan...

O, mürgülədi. Yuxuda təmiz su ilə dolu hovuz görüb sevindi. Su aydınlıq deməkdir. Təxminən on dəqiqədən sonra ayılıb otağın qaranlığına sirli bir etiraf etdi:

Sən mənim yeganə sevgimsən, sonuncu və birinci, mənim əsl məhəbbətim...

O, gözlərini bağlayıb sakitcə ağladı. Çoxdan idi ki, lap çoxdan idi ki, ağlamırdı...

– İlahi, - niyə məhz indi? Nəyə görə, İlahi?
İddialarının uyğunsuzluğunu, xəyallarının gülünc olduğunu dərk edərək birdən anladı ki, həm yaşda, həm də digər göstəricilərdə onların arasında həqiqətən böyük bir fərq var. Ən əsas fərq isə onda idi ki, o ömrünün sonunu, qız isə əvvəlini yaşayırdı. Lakin qoca onu da başa düşürdü ki, Tanrı ona böyük xoşbəxtlik bəxş edib və bu böyük, ağır xoşbəxtlik əslində böyük bir bədbəxtlik kimi onun bədəninə, ruhuna hopmuş, onun varlığını alt-üst etmiş, sarsıtmışdı. Allahı qəzəbləndirmək günah olardı. Ona görə də indi Mirağa ona ayrılmış bu xoşbəxtliklə, insanın özündən, iradəsindən, istəyindən asılı olmayan təbii bir fəlakət kimi qocalığında başına gəlmiş bu xoşbəxtliklə yaşamağı öyrənməli idi.

– Şükür sənə , İlahi! - deyib yuxuya getdi

Tezliklə məlum oldu ki, olanlara güclü hissiyyata yanaşaraq Mirağanın qızına qarşı davranışından bir qədər təşvişə düşən və onun münasibətinin tək atalıq qayğısı olmadığını sezən Ceyranın anası, yavaş-yavaş tədbir görməyə başlayıb. Belə ki, qəfil Ceyranın nişanlısı peyda oldu.

Oğlan öz bölgələrindən idi, həmyerliləri idi, belə demək mümkünsə, o da qaçqın idi, lakin kifayət qədər təşəbbüskar və işgüzar idi, kasıb olsa da, yaxın gələcəkdə əsl iş adamı ola biləcəyini vəd edirdi. Ceyranı belə oğlana qorxmadan vermək olardı.

Bu xəbər qocanı düz ürəyindən vurdu. Gec-tez belə bir şey gözləsə də, bu qədər tez olacağını düşünmürdü. Ürəyi ağrımağa başladı. Əslində indiyədək demək olar ki, heç vaxt başına gəlməyən ürək ağrıları başladı. O, xəstələndi. Ceyran ona baş çəkdikdə üzünü divara çevirmiş qocadan bir söz ala bilmədən axşamlar gənc oğlanla gəzməyə gedirdi. Oğlan da onu bulvara, sirkə, karuselə, yəni bir qədər əvvəl Mirağanın onu və kiçik qardaşını apardığı yerlərə aparırdı.

Tezliklə Ceyrana elçi gəldi. Ceyranın anası bütün qonşuları dəvət etmişdi. Təkcə Mirağa yox idi. O yenə qəlbində kədər, üzü divara öz daxmasında uzanıb heç kimi görmək istəmirdi. Bəlkə elə buna görə qonşular onu tez-tez ziyarət edir, yemək, çay gətirir, lazım olan ürək dərmanlarını gətirirdilər. Çalışırdılar ki, onu tək qoymasınlar. O isə ancaq elə onu istəyirdi ki, onu rahat buraxsınlar. Ceyran da gəldi. O qədər də zəngin olmayan elçilik süfrəsindən bir hissə tort gətirmişdi.

– Bu sizindir, Mirağa müəllim, - deyə qız nimcəni kətilin üstünə qoydu.

– Sağalın. Heyif ki, siz gələ bilmirsiniz. Hamı bizə yığışıb. Anam da, bütün qonşular da sizdən nigarandırlar....

– Ceyran, - qəfil o qızı səslədi. Qız diksindi, çünki ondan nəsə eşidəcəyini güman etmirdi, çünki o bir neçə gün idi ki, heç kimlə bir kəlmə də kəsmir, çox yorğun, əzgin halda uzanırdı. Halbuki son zamanlar heç nə etmir, bəzən dərin depressiyaya düşərək nəinki yemək, içmək hətta nəfəs almaq, yaşamaq istəmirdi.

– Bəli? Nədir, Mirağa müəllim?

– Yaxın gəl.

Qız yaxınlaşıb onun yatağının yanında dayandı. O, zəifləmiş əli ilə qızın əlini tutub sığalladı, qızın uşaqlıqdan zəhmətə alışmış güclü nazik barmaqlarına baxdı, qızın əlini özünə tərəf çəkib öpdü.

– Siz nə edirsiz , Mirağa müəllim! – bu cür diqqətə öyrəşməmiş qız qorxub əlini geri çəkdi

– Budur, - döşəyin altından zərfi çıxarıb, - Götür, toyun üçün, - dedi. Ceyran qorxusundan tələsik
– Yox , yox, nə danışırsınız? Götürə bilmərəm. Bu sizindir, Lazım deyil. Anam icazə verməz. Bilsə məni öldürər. Yox, yox, Heç vaxt! Saxlayın, özünüzə lazım olar.

– Sus, böyüyün sözünə bax! Götür! - deyib pul olan zərfi qızın əlində sıxdı. Mən olmayandan sonra portretini götürərsən. Mən istəyirəm o səndə olsun...

– Siz nə danışırsınız, Mirağa müəllim? - deyə qocanı öz doğma bir adamı kimi sevəm Ceyran sakitcə burnunu çəkə-çəkə ağlamağa başladı.

– Allah eləməsin...

– Get. Mən tək qalmaq istəyirəm....
Ceyran qocaya baxa-baxa otaqdan sakitcə çıxıb qapını örtdü.
Gözlərini sildi kinonu gözü yaşlı görənlərin suallarına cavab verməli olmasın. O, indi heç kimlə danışmaq istəməsə də anasını masadan kənara çəkib pulu ona verdi...Bu haqda dərhal qonşular və qonaqlar da bildilər.

– Bu pula mağaza açıb alver etmək olar, – deyə qızın adaxlısı dedi.
Eşitdiyi heyrətamiz xəbərdən sonra özünə gələn Ceyranın anası

– Gərək gedib ona təşəkkür edim, - dedi.
Hamı masanın arxasından durub həyətə çıxdı. Mirağanın qapısı içəridən bağlanmışdı. Ceyran günahkarcasına

– Mən sadəcə qapını örtdüm,- dedi.

– Neyləyək? - deyə Çimnaz soruşdu.

– Nə fikirləşirik ki? – deyib qızın nişanlısı təpiklə qapını yerindən çıxartdı.

Çimnaz, qızın anası, bəy və Ceyran ehtiyatla otağa daxil oldular, qalanları onların çiyinlərinin üstündən həyətdən baxırdılar. Yarıqaranlıq otağa daxil olanlar qəfil heyrətdən donub qaldılar. Çarpayı boş idi, pəncərədə pərdə yellənirdi. Zümrüd rəngli dəniz xeyli aşağıda parlaq günəşin altında uzanıb sanki nəfəs alırdı.
Qadınlar canlı ilan kimi qorxa-qorxa pəncərəyə yaxınlaşdılar.

– Necə ola bilər? - Ceyran sakitcə dedi. O, pəncərəyə yaxınlaşıb aşağı baxdı.

– Aaa!- qız qışqırdı.

– Nə var? - anası həyəcanla soruşdu.

Otaqdakılar pəncərəyə yaxınlaşıb aşağı baxdılar. Lap aşağıda, qumlu çimərlikdə Mirağanın cəsədi sərilmişdi. Qəfil onu bürümüş yüksək hislər nəticəsində bir qədər zəifləyən təlxəkliyə sadiq qalaraq qeyri-adi bir pozada uzanmışdı, bir ayağı əyilmiş, qolları kənara uzadılmışdı. Sanki rəqs etməyə hazırlaşırdı...

# 3396 dəfə oxunub

Müəllifin son yazıları

# # #