Özündən 30 yaş böyük kişiyə ərə getdi, övladı olmadı – Yoldaşının son arzusunu niyə yerinə yetirmədi?

Özündən 30 yaş böyük kişiyə ərə getdi, övladı olmadı – Yoldaşının son arzusunu niyə yerinə yetirmədi?
29 iyun 2022
# 12:30

Kulis.az aktrisa, Əməkdar artist Mehriban Abdullayeva haqqında maraqlı faktları təqdim edir.

Mehriban Abdulla qızı Abdullayeva 15 may, 1963-cü il Qax rayonunun Ləkit kəndində doğulub. Valideynləri sənət adamı olmasalar da, incəsənəti çox seviblər. Atası Mehribanı tez-tez uşaq tamaşalarına aparırmış. Bu gedişlər Mehribanın teatra, səhnəyə olan marağının yaranmasına səbəb olub.

***

Ancaq aktrisa olmağı ağlına gətirməyən Mehriban orta məktəbi bitirəndən sonra sənədlərini Tibb Universitetinə verir, ancaq iş elə gətirir ki, o, imtahanlardan kəsilir. Bundan sonra sinif yoldaşının məsləhəti ilə sənədlərini Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verir və qəbul olunur.

21 iyun, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya aktyorluğu fakültəsini bitirir. 1 sentyabr, 1989-cu ildən Gənc Tamaşaçılar Teatrının aktrisası kimi fəaliyyətə başlayır.

***

Artıq sonuncu kursda oxuyarkən Akademik Milli Dram Teatrında səhnəyə qoyulan "Od gəlini" tamaşasında kütləvi səhnədə rol alır. İlk dəfə rejissor Faiq Zöhrabovun quruluş verdiyi "Nakam qız" tamaşasında Sona rolunu ifa edir.

***

Sonralar "Solğun çiçəklər"dəki Sara obrazı ilə tanındı və sevildi. Sona və Saranın taleləri kədərli, ürəkağrıdıcı idi. Beləcə, Mehriban xanım milli səhnədə dramatik rollarla ilk addımlarını atdı...

23 yaşında "Solğun çiçəklər" teletamaşasına çəkilən Mehriban xanım Sara obrazı ilə sənət taleyində ən böyük uğurunu qazanır. 30 ilə yaxındır həyatını sənətə bağlayan Mehriban xanım bu illər ərzində saysız-hesabız obrazlar yaradıb, amma sənətə vəsiqəsi olan Sara obrazını unutmur:

"23 yaşımda oynamışdım Saranı, daxilən əsl Sara idim. Onun kimi saf, sadəlövh, həyatı çəhrayı görən idim. İndi o obrazı oynaya bilmərəm, çünki illər, həyat adamı çox dəyişir, indi daha təcrübəliyəm".

***

Universiteti bitirəndən sonra Mehribanı təyinatla Şəkiyə göndərmək istəyirlər. Ancaq o, paytaxtda daha çox uğur qazanacağına inandığı üçün orada işləməkdən imtina edir. Üç il Akademik Milli Dram Teatrına getməyə başlayır. Ancaq onu teatrda ştata salmırlar. Belə olan halda o, Gənc Tamaşaçılar Teatrına üz tutur. Bu teatrda rəhbərlik ona başqa bir iş verir. Mehriban üç ilə yaxın biletlərə nəzarətçi kimi işləyir. Aktrisa keçmiş günləri haqqında deyir:

“Orada işləməyə məcbur idim. Çünki başqa çıxış yolum yox idi. Ümid edirdim ki, mən də haçansa səhnəyə çıxacam. Düzdür, mənim üçün çox ağır idi. Hər gecə ağlayırdım. İçimdə bir yanğı var idi sanki. Səhnəyə çıxıb rol oynamaq həsrəti ilə alışıb-yanırdım. Bu həsrətə Ağakişi Kazımov teatra direktor təyin olunandan sonra son qoydu”.

Teatrda fəaliyyətə başlayandan iyirmi il sonra aktrisa özündən 30 yaş böyük olan rejissor Ağakişi Kazımovla ailə həyatı qurur. Uzun illər bir yerdə yaşayan cütlüyün övladı olmur. Bu barədə aktrisaya sual verəndə, o, deyir:

“Ağakişi Kazımov mənə həm sənətdə, həm də həyatda dəstək olub. Eşidirdi ki, onunla mənim haqqımda söz-söhbət gəzir, mənə deyirdi, başını sal aşağı, işinlə məşğul ol. Bu barədə heç vaxt açılmazdı. İndi bilirəm ki, o da o söz-söhbətlərdən əziyyət çəkib, amma üzə vurmayıb. Onunla mənim haqqımda yayılan dedi-qodunun heç bir əsası yox idi. İndiyə qədər bu barədə nə o, nə mən danışmışıq. Hər gecə ağlayırdım. Ola bilər, məhz bu şayiələr bizim tez ailə qurmağımıza mane oldu. Bu gün o əsassız söz-söhbətlərin səbəbkarı olan adam həyat yoldaşımdır. Kaş, elə o vaxt – o yersiz söhbətlər yayılan vaxt evlənəydik. Onsuz da, Ağakişi Kazımovu ailəsi atıb getmişdi. Ona qarşı olan sevgim tamam başqa bir şeydir. Ağakişi ilə saatlarla, günlərlə, illərlə durmadan söhbət edək, bezmirik. Sözsüz anlayırıq bir-birimizi. Yaş fərqi məni qorxutmur, onun yaşı 75-i keçib, mənimki 45-i. Yalnız ona peşmanam ki, çoxdan evlənməmişik, indi övladlarımız olardı, illəri bada verməzdik”.

***

Aktrisa "Yazığam, sevmə məni", "Məhəbbət bir bəladır", "Büllur sarayda", "Mahmud və Məryəm", "Mənim ağ göyərçinim", "Ana laylası", "Şəhidlər", "Qaraca qız", "Zorro", "Əcəl atı", "Romeo və Cülyetta" kimi tamaşalarda maraqlı obrazlar yaradır.

2021-ci ilin oktyabr ayında aktrisanın həyat yoldaşı Ağakişi Kazımov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. Aktrisa həyat yoldaşının ölümündən sonra belə deyir:

“Onsuz həyatı heç vaxt fikirləşməmişdim. Onsuz həyat mənə çox çətin olacaq. Çünki bu neçə il ərzində biz bir dəfə də bir-birimizdən ayrı qalmamışdıq. Son 2 ildə isə o qədər mənə bağlanmışdı ki, təsəvvür edə bilməzsiniz. Bir dəqiqə yanından ayrılan kimi deyirdi ki, “Ay Mehri, ay ceyran”. Ancaq belə çağırırdı məni. Deyirdi ki, yanımdan getmə, sən yanımdan gedəndə qorxuram. Əvvəllər hər zaman deyirdi ki, birdən mənə nəsə olsa, heç vaxt qorxma, məni təmtəraqla sən yola salacaqsan, kişi kimi arxamda durub bu işləri görməlisən. Deyirdim ki, mənə elə söz demə, heç vaxt bunu bacarmaram. Elə bilirdim, zarafatca deyir bu sözləri. Son vaxtlar danışmırdı, fikrini aydın deyə bilmirdi. Nəsə deyirdi, amma başa düşə bilmirdim. Ölümündən bir gün əvvəl çox narahat idi, nəsə demək istəyirdi, amma deyə bilmirdi. Qəfildən dili açıldı və dedi ki, “deyəsən mən ölürəm axı”. Dedim ki, o nə sözdür? Elə şeylər fikirləşmə! Sən məni tək qoyub, hara gedəcəksən?! Gözlərini açdı, mənə baxdı və yumdu. Axşam saat 10 olardı, mənə dedi ki, oturmaq istəyirəm. Çünki bir həftə idi ki, yataq şəraitində idi, oturmağa halı yox idi. Elə bil mənə yalvarırdı ki, oturmaq istəyirəm. Gücüm çatmadı onu otuzdurmağa. Dedim ki, səhər adam tapıb, səni birtəhər otuzduraram. Səhərə kimi sakitcə uzandı. Günorta saat 2 idi ki, artıq dünyasını dəyişmişdi. Peşmananam ki, onu otuzdura bilmədim, bəlkə də, bu onun son arzusu idi.”

***

2013-cü ilin iyun ayının 25-də Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif olunmuşdur. 10 dekabr, 2018-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülüb.

# 9535 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #