Özündən 12 yaş böyük qadınla evlənən, rolsuz qaldığına görə içkiyə qurşanan “Qurd Cəbrayıl” – Xalq artistini öldürən səbəblər

Özündən 12 yaş böyük qadınla evlənən, rolsuz qaldığına görə içkiyə qurşanan “Qurd Cəbrayıl” – Xalq artistini öldürən səbəblər
18 mart 2021
# 12:14

Bu gün aktyor, Xalq artisti Yusif Vəliyevin anım günüdür. Kulis.az onun haqqında maraqlı faktları təqdim edir.

Yusif Abdulla oğlu Vəliyev 22 mart 1917-ci ildə Dərbənddə doğulub. Bakı Teatr Texnikumunda təhsil alıb. Tələbəlik illərində Milli Dram Teatrının tamaşalarında kütləvi səhnələrə, sözsüz rollara çıxıb. Eyni zamanda Yəhudi Dövlət Dram Teatrında işləyib. Dili bilməyə-bilməyə sözləri əzbərləyərək bir neçə rol oynayıb. Texnikumu bitirəndə yenicə açılan Şəki Dövlət Dram Teatrına işləməyə göndərilib.

***

Teatr bağlananadək, yəni 1949-cu ilədək burada aktyorluq edən Yusif Vəliyev teatrın ən öncül sənətkarlarından biri olub. O, teatrda "Hacı Qəmbər", "Hacı Qara", "Molla İbrahimxəlil kimyagər", "Xoşbəxtlər", "Almaz", "Aydın", "Oqtay Eloğlu", "Od gəlini", "Sevil", "Solğun çiçəklər" tamaşalarında aparıcı rollar ifa edib.

1949-cu ilin yazında Bakıya gələn Yusif Vəliyev çox az müddət Rus Dram Teatrında aktyorluq edib. Ancaq əsas yaradıcılığı 1949-cu ilin axırlarından ömrünün sonunadək Gənc Tamaşaçılar Teatrı ilə bağlı olub. Burada bir-birindən fərqlənən, estetik baxımdan cazibəli, sənətkarlıq cəhətdən kamil fəlsəfi-psixoloji, dramatik, romantik, faciə və həm realist, həm satirik, həm də qrotesk komediya rollarını məharətlə ifa edib.

***

Yusif Vəliyev Gənc Tamaşaçılar Teatrının rus bölməsində hazırlanan Mixail Şatrovun "İnqilab naminə" pyesinin tamaşasında Lenin rolunu ifa edib. Onun ifası sənətkarlıq baxımından rus həmkarlarının oyunlarından daha canlı və real alınıb.


***
Yusif Vəliyev "Azərbaycanfilm"in kinolarında epizodik rollar oynasa da, çox maraqlı, yadda qalan xarakterlər yaradıb. O, "Sən nə üçün yaşayırsan?", "Nəsimi", "Qatır Məmməd", "Tütək səsi", "Arxadan vurulan zərbə", "Uşaqlığın son gecəsi", "Bir cənub şəhərində" filmlərində çəkilib.

Aktyor üç dəfə ailə həyatı qurub. İlk dəfə evlənəndə aktyorun 20 yaşı olub. O, Şəki teatrında işləyərkən özündən on iki yaş böyük olan geyim ustası Rəbiyyə adlı qadınla evlənib. Ancaq onların rəsmi nikahı olmayıb. Sonralar Rəbiyyə xanım beyin qansızması keçirir və yatağa düşür. Birinci evliliyindən aktyorun Naira və Natəvan adlı qızları var idi. Aktyorun ikinci evliliyi də uğursuz olandan sonra o, 1965-ci ildə Gənc Tamaşaçılar Teatrına işləməyə gələn özündən 24 yaş kiçik aktrisa Zemfira Sadıqova ilə tanış olur. Həyat yoldaşından ayrılan Zemfira xanım Yusifin evli olduğunu biləndə onunla münasibəti kəsir və İrəvan teatrına işləməyə gedir. Lakin, Yusif rejissor Şamil Mahmudbəyov vasitəsilə onu geri qaytarmağa nail olur. Şamil Mahmudbəyov onu "Torpaq, dəniz, od, səma" filminə çəkilməyə dəvət edir, aktrisa da razılıq verir. Amma o, geri qayıdandan sonra Yusif Vəliyev onu heç yerə buraxmır. Onlar ailə qururlar. Bu evlilikdən qızları Bahar dünyaya gəlir.

***

Yusif Vəliyev və Adil İsgəndərovun yaxşı yoldaşlığı olub. Lakin, sonradan onların münasibətləri soyuqlaşıb, hətta bir-birlərini danışdırmayıblar. Ancaq aktyorun xanımı Zemfira Sadıqovanın sözlərinə görə "Axırıncı aşırım" filmində Həsən Seyidbəyli səsləndirməni Adil müəllimə tapşıranda, o deyir ki, - Həsən, sən komediya çəkirsən? Mənim səsimlə Kərbəlayi olmaz axı. Get, Yusif Vəliyevi çağır, o gəlib səsləndirsin. Yusif Vəliyevə bu xəbər çatanda o, Adil İsgəndərola küsülü olsa belə, gəlib həmin rolu səsləndirir.

Zemfira Sadıqovanın sözlərinə görə Adil İsgəndərovla Yusif Vəliyevin münasibətlərinin pozulmasına səbəb aktrisanın özü ilə bağlı bir problem səbəb olub: “Bir dəfə kinostudiyada bir balaca insident olmuşdu. Mənə qarşı bir nəfər özünü lazımı səviyyədə aparmamışdı, Yusif onu döymüşdü. Bunu Adil müəllim də eşitmişdi. Biləndən sonra iş nə yerdədir, o adamı oradan çıxardı. Adil müəllimə bizim haqqımızda yalandan çox sözlər çatdırmışdılar. Məni çağırdı. Mən də pasportumu götürüb getdim yanına. Dedim, kim nə deyir bilmirəm, amma baxın, biz evlənmişik. Heç kəs başa düşə bilmirdi ki, belə cavan, gözəl xanım 47 yaşlı kişiyə ərə gedir. Başa düşmürdülər, deyirdilər bunun nəyinə gedib? Bir dənə evi var idi, 3 otaqlı. Vəssalam. Mən də anamın evində yaşayırdım. Sonra birinci arvadı rəhmətə gedəndən sonra evi dəyişdirib birotaqlı ev aldıq, qızları da artıq evlənmişdilər. Sonradan Yusifə 9-cu mikrorayonda, 9-cu mərtəbədən ev verdilər. Heç fikirləşmədilər ki, ürəyi xəstə olan adama bu mərtəbəni vermək olar, ya yox. Yusif o zamankı mədəniyyət nazirinin yanına getmişdi. İstəyirdik ki, bir az aşağı mərtəbədən versinlər. Nazir Yusif kimi nəhəng aktyoru tanımamışdı.

***

Yusif Abdulla oğlu Vəliyev 24 may 1960-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 9 fevral 1979-cu ildə Xalq artisti fəxri adları ilə təltif olunub.

Deyilənə görə aktyor Zemfira xanımla ailə quranda aktrisa xörək bişirməyi bacarmırmış. Ona bu məsələdə Yusif Vəliyev köməklik edib, xörəkləri bişirməyi öyrədib.

***

Zemfira xanımın sözlərinə görə aktyorun ölümünü tezləşdirən rejissor Ağakişi Kazımov olub. Aktrisa bu barədə deyir:
Yusifi bu dünyadan yox edən Gənc Tamaşaçılar Teatrının baş rejissoru Ağakişi Kazımov idi. Həm də bizimlə qonşu idi, onlar səkkizinci mərtəbədə yaşayırdılar, biz 9-da. Yusif rəhmətə gedəndən sonra o və arvadı mənim başıma nə oyunlar gətirdilər. Axırda mənim qonşularım onları polisə verdilər. O, Yusifi teatrda repertuardan çıxarmışdı. Yoldaşım ölənə qədər bu münasibəti gördü. 10 il bu cür nəhəng aktyor rolsuz qaldı. Mən hətta demişdim ki, Ağakişi Yusifin qəbrinin üstünə gəlməsin. Amma üzlülüyünə salıb gəldi. Yusiflə vida mərasimi işlədiyi teatrda deyil, evimizdə oldu. Çünki ona layiq olduğu qiyməti vermədilər.

***

Ömrünün son günlərini aktyor ürək ağrılarından şikayət edir. Onu xəstəxanaya aparırlar. İki ay orada müalicə olunur. Həyat yoldaşı və qızı martın 17-də onun yanına gedəndə aktyor onları görən kimi hönkürtü ilə ağlayır. Ertəsi gün isə o dünyasını dəyişir. Yusif Vəliyev qızı Baharın ad günündə - martın 20-də “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılır.

Yusif Vəliyevin ölümündən sonra qızı Bahar böyük şok keçirir, ürək xəstəliyi yaşayır, beş il həkimlərin nəzarətində müalicə alır.
Aktyoru ölümünə səbəb həm də onun teatrda çox incidlməsi, ona qarşı baş verən haqsızlıqlar olur. Bahar Əliyeva Kulis.aza verdiyi müsahibəsində deyir:
“Onu teatrda incidirdilər. Düz on il rolsuz qaldı. Belə olanda atam içkiyə bağlandı. Daim içirdi deməzdim, amma içirdi. Hiss olunurdu ki, ona qarşı olunanları qəbul edə bilmir və ürək ağrısını içki ilə sakitləşdirir. İndi başa düşürəm ki, o stress keçirdiyi üçün içkiylə “relaks” olurdu. İnanmıram ki, içki ona necəsə kömək olsun. Amma içirdi... Bir də yadıma gəlir ki, pivəni çox sevirdi. Mən də həmişə ona noxud verirdim ki, pivə içəndən sonra yesin. Atam dünyasını dəyişəndən sonra onun qəbrinin üstündə qırmızı güllər görmüşəm, amma ola bilsin atamın o biri xanımdan olan qızı, Naira qoyurdu o güləri.”

# 11374 dəfə oxunub

Müəllifin son yazıları

# # #