Oynadığı rola görə xəcalət çəkdi, dostları ona xəyanət etdi, sevdiyi qadına görə bıçaqlandı – Ramiz Novruz haqqında maraqlı faktlar

Oynadığı rola görə xəcalət çəkdi, dostları ona xəyanət etdi, sevdiyi qadına görə bıçaqlandı – Ramiz Novruz haqqında maraqlı faktlar
25 may 2023
# 21:00

Bu gün Xalq artisti Ramiz Novruzun doğum günüdür. Kulis.az bu münasibətlə Xalq artisti haqqında maraqlı faktları təqdim edir.

Ramiz Qəvvam oğlu Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib.

***

Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç "Maskarad", Məsxərəçi "Muradın kələkləri", General Şıxlinski "Bütün Şərq bilsin" rollarını ifa edib.

O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb:

"Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz", "Hökmdar və qızı", "Maqbet", "Kral Lir", "Medeya", "İblis", "Mənim sevimli dəlim", "Hələ "sevirəm" deməmişdilər…", "Xəcalət", "Silindr", "Müfəttiş", "Topal Teymur", "Kreyser sonatası", "Dodaqdan qəlbə", "Yad qızı" tamaşalarında aparıcı rollar ifa edib.

***

Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulub. 1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulmuşdur. Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və rejissor kimi tamaşaya qoymuş, həmçinin bu əsərdə Attillio rolunu ifa etmişdir.

Emosional, həssas təbiətə malik olan aktyor müəyyən dövrlərdə həmkarları ilə xoşagəlməz qalmaqallar da yaşayıb. Sənət dostu Ramiz Məliklə münaqişə yaşayır, onunla əlbəyaxa davaya çıxır. Ramiz Məlik onu polisə verib bildirir ki, Ramiz Novruz Akademik Milli Teatrının kollektivinin qarşısında ondan üzr istədiyi halda onu bağışlaya bilər. Ramiz müəllim isə öz tərəfindən açıqlama verərkən deyir:

“Məsələni həll etdik və artıq münasibətimiz yaxşıdır, barışmışıq. Bu məsələni ətrafda bəzi adamlar bilə-bilə şişirtdilər. Niyə belə etdilər, bilmirəm? Hüquq-mühafizə orqanlarına təqdim etdiyim birinci ərizəmdə də yazmışdım ki, etdiyim hərəkətə görə üzr istəyirəm. İnanın ki, avqust da daxil olmaqla son iki ayı öz yaradıcılığım ilə məşğul olmuşam. Heç düşünməzdim ki, belə bir hadisə yaşana bilər. İllərlə bir yerdə işləmişik”.

Aktyor müsahibələrinin birində jurnalistin xəyanətlə bağlı sualına belə cavab verir:

“Xəyanət çox ciddi məsələdir. Xırda məsələlərə görə heç vaxt mübahisə etməmişəm. Amma bu yaxınlarda ağır xəyanətin işartılarını hiss elədim. Üstəlik, bu, dost bildiyim adamlardan gəldi. O insanlar, hətta polisdə üzümə durub məni tutdurmağa hazır idilər. Əlbəttə ki, özümə yaxın bildiyim adamların xəyanəti məni bir qədər sarsıtdı. Başıma gələnləri romanlarda oxusaydım, deyərdim ki, yazıçı hadisəni şişirdib. Bütün yaşananlar məni çaşdırsa da, onlara xüsusi reaksiya vermədim”.

***

Çox erkən yaşda aktyor sevib seçdiyi Xoşavaz xanımla nişanlanır. Həyat yoldaşı kənddə yaşadığından Ramiz bəy universitetdə təhsil aldığı illərdə tez-tez nişanlısının yaşadığı kəndə gedir, onunla görüşə can atır. Belə günlərin birində kənddə nişanlısı ilə bağlı baş verən davaya qoşulur, hətta bu dava zamanı aktyoru bıçaqlayırlar da.

Təhsilini başa vurandan sonra onlar ailə qururlar. Ramiz Novruz hərbi xidmətə yollanır. Qızı Şəfəqin bir yaşı olanda, Ramiz müəllim hərbi xidmətdə olur. Sonra onların Cavidan adlı bir oğulları da dünyaya gəlir.

***

Aktyor 90-cı illərin ortalarında pedaqoji fəaliyyətlə də məşğul olub. Üç ilə yaxın İncəsənət universitetində dərs deyən Xalq artisti sonralar tələbələrin azlığından, aktyorluğa maraq göstərmədiklərindən bezib pedaqoji fəaliyyətini dayandırır.

***

Aktyor “Dodaqdan qəlbə” serialında roluna çəkilmək istəməyib. Hətta sonralar bu rola görə xəcalət çəkdiyini bildirib. Ancaq serialın rejissoru Lütfi Məmmədbəyov Ramiz Novruzu bu rola çəkməkdə israr edir. Müsahibələrinin birində aktyor deyir:

“Demişdim bu rol mənə görə deyil. Bunu ya Füzuli Hüseynov, ya da Nurəddin Mehdixanlı oynaya bilər. Onu da bilirdim ki, onlar Bakıda olmadığı üçün rejissor bu rolu mənə təklif etdi. Bir neçə dəfə imtina etdim. O zaman “1 may” küçəsində yaşayırdım. Bir də gördüm ki, gəlib qapını döyür. Mən də pəncərədən baxırdım. Bilirdim ki, bu məsələyə görə gəlib, ona görə qapını açmadım. Bir də gördüm ki, qapının ağzında nəsə kiçik qələm-kağız çıxardı və nəsə edəndən sonra çıxdı getdi. O gedəndən sonra gəlib gördüm ki, qapıya kağız yapışdırıb. Yazıb ki, “Ramiz, ömrümün axırıdır, ola bilsin bu mənim son işimdir. Çəkilməsən peşman olarsan”. Ondan sonra sındım və gəldim çəkildim. Amma bilirdim ki, mənim rolum deyil”.

Ramiz Novruz “Cavad xan”, “Cavid ömrü”, “Qorxma, mən səninləyəm”, “Nizami”, “Sarı gəlin”, “Sizi dünyalar qədər sevirdim”, “Sonuncu dərviş”, “Ümid” filmlərinə çəkilib. Ancaq aktyora ən böyük uğuru “Mən sizi dünyalar qədər sevirdim” filmindəki Həzi Aslanov rolu böyük uğur gətirir.

***

Filmə çəkilməsi barədə aktyor müsahibələrinin birində deyir:

“Günlərin birində kinostudiyaya getmişdim. Dublyaja çağırmışdılar. Bir dostum mənə demişdi ki, Həzi Aslanov haqqında film çəkilir, rollar çoxdur, siz də gəlin. Dublyajdan çıxanda bu söz yadıma düşdü. Düşündüm ki, kinostudiyaya həmişə gələn deyiləm. Gəlmişkən elə bir şəkil də çəkdirim. Kinostudiyaya giriş buraxılış vərəqəsi ilə olduğundan tez-tez gedə bilmirdik. Kinostudiyaya bir yerdə getdiyim dostum Salehə fikrimi bildirdim. O çəkdirmədi. Mən isə çəkdirdim. Salehi qınamalı deyildi. Bizim hər birimizdə belə bir stereotip yaranmışdı ki, onsuz da, baş rola çəkiləcək aktyoru qabaqcadan bilirlər. Sadəcə plan doldurub quş qoymaq xətrinə bizi də çəkirlər ki, beş-altı aktyoru sınadıq. Bir həftə sonra məni kinostudiyaya çağırdılar. Gördüm Ramiz Fətəliyev (ssenari müəllifi) və Rasim İsmayılov (rejissor) mənim şəkillərimə baxırlar. Ramiz müəllim şəkillərə baxa-baxa söylədi ki, Hamlet Xanızadə deyib ki, Ramiz Novruzov çox istedadlı oğlandır, onu da yoxlayın. Xeyirxah münasibətinə görə Hamlet Xanızadənin ruhuna bu gün də dualar oxuyur, rəhmət diləyirəm. Sınağa iyirmi aktyor çəkildik. Ələndi, beş-altı nəfər qaldı. Qalan beş-altı aktyordan biri Belarusiyada yaşayan azərbaycanlı idi. Çəkilişlərdə hiss edirdim ki, rejissorun gözü artıq məni tutub. O birilər təcrübəli aktyorlar idilər. Bilirdilər ki, kamera qarşısında necə dayanmaq lazımdır. Kino qanunlarını bildiklərinə görə bir az sıxıntılı oynamışdılar. Mən isə bunları bilmədiyimə görə təbii oynamışdım. Sonra dedilər ki, səni göstərəndə zalda hamı əl çaldı”.

Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti və 1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə və 1 may 2017-ci ildə Prezident Mükafatına layiq görülür.

***

Uzun sürən xərçəng xəstəliyindən əziyyət çəkən Xalq artisti 21 fevral 2023-cü il tarixində müalicə aldığı xəstəxanada vəfat edib.

***

Oğlu Cavidan Novruz aktyor və müğənnidir. Qızı Şəfəq Novruz
stilistdir.

# 12829 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #