Övladını vaxtsız itirən, haqqında ölüm xəbəri yayılan, efirlərdən uzaq düşən Roza Tağıyeva haqqında bilmədiklərimiz...

Övladını vaxtsız itirən, haqqında ölüm xəbəri yayılan, efirlərdən uzaq düşən Roza Tağıyeva haqqında bilmədiklərimiz...
20 sentyabr 2022
# 12:50

Kulis.az məşhur diktor, Xalq artisti Roza Tağıyeva haqqında maraqlı faktları təqdim edir.

Roza Murtuza qızı Tağıyeva 1942-ci ildə Ağcabədi rayonunda anadan olub. Atası Tağıyev Murtuza Allahverdi oğlu əslən Ağcabədinin Mehrablı kəndindəndir. Prokurorluq orqanlarında çalışdığından həmin illərdə Ağcabədidə, sonra isə Tərtər rayon Prokurorluğunda müstəntiq işləyib.

***

Roza Tağıyeva 1949-cu ildə Tərtər rayonunda orta məktəbin birinci sinfinə gedib, orta təhsilini 1959-cu ildə tamamlayıb. Elə həmin il Azərbaycan Dövlət Xarici Dillər Universitetinin “Rus dili” fakültəsinə daxil olur. Ancaq orta məktəb illərindən həmişə tədbirlərdə bədii qiraətlə çıxış etməsi, natiqlik qabiliyyəti gənc Rozanın həyat fəaliyyətini başqa səmtə yönəldir.

1962-ci ildə Azərbaycan Dövlət Teleradio Şirkəti tərəfindən keçirilən diktor müsabiqəsində Roza Tağıyeva uğur qazanır. Ona görə də, üçüncü kursdan diktor kimi Dövlət Televiziya və Radio Komitəsində işə qəbul olunur. Həmin vaxtdan bu vaxta kimi Roza Tağıyeva yenə də Azərbaycan Dövlət Teleradio Şirkəti ilə əməkdaşlıq edir.

***

Roza Tağıyeva iki dəfə ailə həyatı qurub. Birinci evliliyi uğursuz olan diktor ikinci dəfə televiziyaya işıqçı kimi işə düzələn, sonralar isə məşhur diktora çevrilən Rafiq Hüseynovla ailə qurub. Rafiq Hüseynov ilk dəfə efirə Roza Tağıyeva ilə birgə çıxıb.

Onların bu evlilikdən Rövşən adlı oğlu dünyaya gəlib. Ancaq tale elə gətirib ki, Rövşən 1984-cü ildə, 17 yaşında qətlə yetirilir. Bu itki onların arasına soyuqluq salır. Bir müddət sonra onlar ayrılmaq qərarına gəlir. Rafiq Hüseynov sonralar ailə həyatı qursa da, Roza xanım növbəti dəfə həyatını heç kimlə birləşdirmir.

***

Məşhur diktorlar ailə həyatlarını bitirsələr də, dost qalmağı bacarıblar. Hər zaman bir-birləri ilə əlaqə saxlayıblar. Rafiq Hüseynov dünyasını dəyişəndə Roza xanım keçmiş həyat yoldaşı və həmkarı haqqında belə deyib:


“Rafiq Hüseynovun yoxluğu bizim hamımız üçün ağır itkidir. Onun Azərbaycan televiziyasının inkişafındakı əməyi və zəhməti misilsizdir. Rafiq Hüseynov çox gözəl iş yoldaşı, çox gözəl insan olub. Düzdür, bir az ciddi idi. Qayda-qanun pozuntusu olanda gözünə heç nə görünmürdü. “AzTV”də uzun müddət baş diktor olub. Dostdan, yoldaşdan asılı olmayaraq güzəştə getməzdi, cəzasını verərdi. Gənclərə münasibəti çox yaxşı idi. Ülkərin, Nərgizin, Aynurun yetişməsində onun böyük əməyi var. Axır vaxtlar da gənc diktorlarla işləyirdi. Rafiq çox savadlı, bilikli adam idi. Rus və Azərbaycan dillərində çox gözəl danışırdı. Kino işçisi ilə kino, tarixçi ilə tarix haqqında danışa bilirdi. Xəstə yatanda, evinə getmişdik. Həyat yoldaşı Səbinə xanım bizə çox gözəl süfrə açdı, söhbət etdik. Düzdür, xəstəxana ictimai yerdir deyə, yanına getmədim, evdə baş çəkdim. Həm də xəstəxanada Rafiq müəllimi o vəziyyətdə görməyə ürəyim gəlmirdi. Rafiqin ailəsi ilə də, özü ilə də ömür boyu dostluq əlaqələrimiz olub. Ailənin yaxını kimi Rafiqin dünyasını dəyişməsi xəbərini hamıdan əvvəl mən bilirdim. Vida mərasimində də, dəfn mərasimində də iştirak edəcəyəm, onu son mənzilə yola salacağam. Biz hamımız Rafiqi çox istəyirik”.

Diktor Tamilla Ələkbərova müsahibələrinin birində həmkarı haqqında deyir:

“O vaxtlar efir qadağalarımız olurdu. Sədr Teymur Əliyev çox sərt insan idi. Yadımdadır, bir dəfə Roza Tağıyeva ilə saçımızı “bobetta” yığmışdıq. İkimizi də çağırıb əsəbi şəkildə danladı. Roza xanım əsəbiləşdi və saçını iki hörük hördü. Mən də saçımı arxadan sadə düzümlə yığdım”.

***

Diktorluq illərinin ilki dövrlərində Roza xanım haqqında dəhşətli şayiələr yayılmağa başlayır. O zamanlar Bakıda uşaqların oğurlanması barədə söz-söhbət yayılır. Moskvada çəkilişlərdə olan Roza xanımın da oğrular tərəfindən oğurlanması deyilir. Təcili Bakıya çağırılan diktor aeroporta çatanda gözlərinə inanmır. Hər kəs ona ölüb-dirilmiş, xortlamış adam kimi baxır.

Roza Tağıyeva diktorluq fəaliyyəti haqqında verilişlərin birində qonaq olarkən deyir:

“Efirdə elan səsləndirməliydim. Efirə çıxdım. Deməliydim ki, indi də Lenin adına stadiondan transilasiya olacaq. Özümün də xəbərim olmadan demişəm ki, hörmətli tamaşaçılar indi də Lenin adına mərkəzi univermaqdan transilasiya olacaq. Buna görə məni işdən çıxardırdılar. Studiyadan çıxanda, məni danladılar, dedilər bisavad, sənin siyasi savadın yoxdur, bura sənin yerin deyil, burda işləyə bilməzsən. Səhəri gün suyu süzülə-süzülə işə gəldim, məni sədrin yanına apardılar. Ancaq orada sədr gülümsədi, dedi, qadındır də, ola bilsin, həmin vaxt fikrində univermaq olub. Bu dəfə keçək. Beləcə xilas oldum, məni qovmadılar”.

Roza Tağıyevanın uzun illərdir özü üçün qoyduğu bir qadağa olub. O, heç vaxt, heç yerə müsahibə, açıqlama verməyib. Ancaq İkinci Qarabağ müharibəsindən sonra mətbuata danışan diktor bu sözləri deyib:

“Siz bilirsiz ki, mən heç vaxt müsahibə vermirəm, bu mənim həyat prinsipimdir. Bütün jurnalistlər bunu bilib mənə çox nadir hallarda zəng edirlər. Əminəm ki, bunu siz də bilirsiz. Amma sevincimi istərdim qısaca olaraq bu sözlərlə ifadə edim. Hamının dilində bu dəqiqə bir söz var - qalib Azərbaycan! Bəli, uzun illərdir biz bu qalibiyyəti, zəfər günlərini gözləyirdik. Bizə bu qalibiyyəti yaşadanlar var. Onlar bizim şəhidlərimiz, əsgərlərimiz, hərbçilərimiz, bir də Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevdir. Görün onun necə böyük bir siyasəti var. O qədər sevinirəm ki. Sevinmirəm ee, sevincdən dəli oluram. Xalqımızla fəxr edirəm, qoy sevincimiz, qələbəmiz daimi olsun.”

***

Hazırda AzTv-də fəaliyyət göstərən Roza Tağıyeva 1980-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1991-ci ildə isə Xalq artisti fəxri adına layiq görülür.

# 38841 dəfə oxunub

Müəllifin son yazıları

# # #