Oruc tutub namaz qılan şərqşünas, kubik daşıyan dustaq – Elçibəy haqda bilmədiklərimiz

Əbülfəz Elçibəy, Azərbaycan Respublikasının ikinci prezidenti

Əbülfəz Elçibəy, Azərbaycan Respublikasının ikinci prezidenti

22 avqust 2022
# 21:00

Bu gün Azərbaycanın eks-prezidenti mərhum Əbülfəz Elçibəyin anım gündür. Kulis.az bu münasibətlə Elçibəylə bağlı maraqlı faktları təqdim edir.

Əbülfəz Elçibəy Naxçıvan MSSR-in Ordubad rayonunun Kələki kəndi yaxınlığında, dağların qoynunda yerləşən Xəlil düzündəki yaylaqda anadan olub. Sonralar o yerləri gəzməyi sevər, imkan düşdükcə Xəlil yurduna, Tri Pirinə gedərmiş. O, deyirmiş ki, Tri Piri vaxtilə sufi dərvişlərin məkanı olub.

***

1979-cu ildə Elçibəyin toyu olur. Şair Rüstəm Behrudi isə təyinatla Kələki kəndində müəllim işləyirmiş. Behrudi toy gedən gün kirayə qaldığı evdə imiş Birdən qapı döyülür, Elçibəylə şair Vaqif Bayatlı içəri girirlər. Elçibəy Vaqiflə Behrudini tanış edib deyir, Rüstəm mənim dostumdu, onun şerilərinə bax, mümkünsə “Ulduz” jurnalında çap edərsən. Daha sonra onlar birlikdə əyləşib çay içirlər. Elçibəyin öz həyətlərində toyu gedir, özü isə şairlərlə qızğın söhbətlər edir. Bildiyiniz kimi o ixtisasca şərqşünas idi, ədəbiyyatı, xüsusən Şərq və Azərbaycan poeziyasını çox yaxşı bilirdi.

***

Deyilənə görə bəy dindar olmayıb. Amma Ramazan ayında oruc tutub, namaz qılıb. Hətta Kələkidəki ev muzeyində Elçibəyə məxsus canamaz da saxlanılır.

Gallery

Belə bir əhvalat da danışırlar ki, gənc yaşlarında kənddə ona bir qız vurulubmuş. Bir gün toyların birində Elçibəy qızı him-cimlə mağardan çölə çağırır. Sevgi etirafı ümidi ilə çölə qaçan qız gözləmədiyi sürprizlə qarşılaşır: Elçibəy müstəqil Azərbaycanın üçrəngli bayrağının fotosunu ona göstərib, gözləri parıldaya-parıldaya 1918-ci ildə Cümhuriyyətin qurulmasından danışır.

***

İşlərinin çoxluğu ilə əlaqədar oğlu ilə çox vaxt keçirə bilməyib. Oğlu müsahibələrinin birində deyir: “10-11 yaşlarımda Kemal Sunal vurğunuydum. Demək olar, bütün filmlərinə baxmışdım. Ona görə, atam adımı Şaban qoymuşdu. Onun filmlərini televizorda görən kimi deyirdi, sənin filmlərin başladı, get bax. Atam rəhmətə gedənə qədər ərköyünlüyüm olub. O vaxta qədər əmim oğlu Ədalət mühafizəçi kimi daim yanımda gəzirdi. Şəhərdə hər yerə o aparıb-gətirirdi. Atamın vəfatından sonra özüm sərbəst gəzməyə başladım. Heç yerdə də Elçibəyin oğlu olduğumu bildirmədim. Neçə il dostluq elədiyim dostlarım vardı ki, Elçibəyin oğlu olduğumu bilmirdilər.”

***

Elçibəy musiqini çox sevib. Ən çox sevdiyi mahnılar isə “Səkinə dayıqızı”, “Ay ana, bu yarım niyə gəlməz oldu”, “Bu qala daşlı qala” olub..

Ailələrdə uşaqların valideynlərinə “mama”, “papa” deyə müraciət etmələrini sevməyib. Öz övladları da ona “papa” deyəndə çox əsəbiləşərmiş. Uşaqlardan xoşu gəlib, qucağına alıb oynadarmış. Ancaq uşaq “mama”, “papa” deyən kimi o dəqiqə yerə qoyarmış. Övladlarına isə tövsiyə edib ki, rus dilini oxumayın, bu dil sizə lazım deyil.”

***

Şair Rüstəm Behrudi nəql edir: Elçibəy Naxçıvana gedən günün səhəri mən oğlumla onun yanına getmişdim. Oğlumun o zaman 5-6 yaşı var idi. Süfrəyə lobya gətirdilər, yanında da soyutma kartof. Oğlum məəttəl qaldı ki, Elçibəy boyda adam belə sadə yeməklər yeyir. Hətta özün saxlaya bilməyib soruşdu: “Əbülfəz əmi, bu nə yeməkdi yeyirsən?”

***

Ömründə bir dəfə təntənəli ad günü keçirib. 1999-cu ildə. Sonra məlum olub ki, bu, özünə görə deyil, mərhum jurnalist Nəcəf Nəcəfova görədir. Onlar eyni gündə doğulmuşdular və Nəcəf müəllim xəstə olduğu üçün bu, onun sonuncu ad günü ola bilərdi. Elçibəy də onu son ad günündə sevindirməyə çalışmışdı. Doğrudan da belə oldu. Nəcəf müəllim növbəti ad gününü görmədi. Elçibəy isə cəmi bircə ad günü yaşadı. Onu da xəstəliklə çarpışa-çarpışa...

Gallery

Şairlərimizdən biri Elçibəyin prezident olduğu vaxt aparata zəng edib:

Bəyə qoşun məni!

Qoşurlar. Şair deyir:

Bəy, “Nərimanov” metrosu tərəfdəyəm, yeyib-içirik, pulumuz çatmır, mümkünsə bizə 100 dollar göndərin.
Şairin xahişinə əməl olunur.

***

“Azneftdə” yerləşən məşhur “Nu poqodi” kafesində həmişə ədəbiyyatçılarla oturub-durub. Kamil Vəli Nərimanoğlu, Vidadi Məmmədov, Natiq Səfərov, Ramiz Rövşən, Vaqif Bayatlı, Rüstəm Behrudi və s. Vaqif Bayatlıya “İsa Məsihə oxşayırsan” deyib və bundan sonra Vaqif daha çox “göy şeirləri” yazıb. Rüstəm Behrudiyə isə ilk dəfə “Türk dünyasının böyük şairi” deyə müraciət edib. Bundan sonra Rüstəm Behrudi də daha çox türkçü şeirlər qələmə alıb.

***

Elçibəy haqqında ən məşhur şeiri Ramiz Rövşən yazıb. Çoxu elə bilir ki, şeir Elçibəyin prezidentliyi dövründə yazılıb. Halbuki elə deyil. Bu şeir Elçibəyin prezidentliyindən çox-çox sonralar, haqlı və haqsız tənqid olunduğu zamanlarda yazılıb.

Şərqşünas olduğu üçün sufi-təsəvvüf şeirlərini - həm xalq, həm klassik - çox yaxşı bilirdi. Bir çox şairlər, yazıçılar sovet vaxtı qeyri-rəsmi qadağa qoyulan bu mətləbləri onun məclislərində öyrəniblər.

***

Mötəbər tədbirlərin birində tanınmış şairlərdən biri ozamankı daxili işlər naziri İsgəndər Həmidovla əlbəyaxa olur. Polislər şairi tutub aparır. Elçibəy məsələdən halı olan kimi zəng edib şairi təcili azad edir.

***

Rəşid Behbudov ərəb ölkələrinə konsert verməyə gedəndə orada Elçibəylə rastlaşır. Zahiri görünüşündən onu ərəbə bənzədir. Biləndə ki, azərbaycanlıdır, çox sevinir. İkilikdə uzun müddət söhbət edib dostlaşıblar.

Universitetin şərqşünaslıq fakültəsində İslam üzrə mühazirə oxumaq üçün Misirdən Bakıya qayıdanda Əbülfəz Əliyevdə artıq dəyişmişdi. Azərbaycanlı müəllimi kimi öz tələbələrinə rusca mühazirə oxumaq məcburiyyətində qalması ona xoş gəlmirdi. Buna görə də Azərbaycan dilini ölkənin məktəb və universitetlərində təlim vasitəsi kimi rus dilinin səviyyəsinə qaldırmaq təklifini irəli sürdü. Buna görə Kommunist Partiyasından çıxarıldı, vəzifəsindən azad edildi, antisovet təbliğatı və pantürkizm ittihamlarıyla məhkum edildi. Ona 18 aylıq ağır əmək cəzası verildi: gündəlik tapşırığı daş karxanasında 30 və 35 kiloqramlıq 900 kubiki maşına yükləmək oldu...

***

Tərcüməçi Natiq Səfərovun xanımı Zümrüd Səfərova xatirələrində nəql edir ki, Natiq bəylə Elçibəy çox yaxın dost olublar. Kələkiyə bəyin evinə qonaq gedəndə onun anası ilə tanış olublar. Elçibəyin anasının ayaq barmaqlarının olmaması diqqəti cəlb edib. Sonradan ana hər şeyə aydınlıq gətirir. Sən demə, 1905-ci ildə ermənilərdən qaçıb dağlarda gizləniblər, ailələrindən təkcə o xilas olub, neçə gün qar altında qalıb. Hər iki ayağının barmaqlarını o qədər don vurub ki, qadın həyatını qurtarmaq üçün baltanı götürüb barmaqlarını baltalayıb.

Gallery

Özünün qəribə etirafı: "Gəncliyimdə sevdiyim qızların adı Cəfər Cabbarlının obrazlarının adları idi: Sevinc, Sevil, Gülər".

***

Əbülfəz Elçibəy 22 avqust 2000-ci ildə 62 yaşında Türkiyənin Ankara şəhərində dünyasını dəyişib. Bakıda “Fəxri xiyaban”da dəfn olunub.

# 44783 dəfə oxunub

Müəllifin son yazıları

# # #