Ömrün rəng çalarları - Kamil Nəcəfzadə

Ömrün rəng çalarları - Kamil Nəcəfzadə
29 dekabr 2023
# 12:00

Bu gün rəssam Kamil Nəcəfzadənin doğum günüdür.

Kulis.az Mehdi Mükərrəmoğlunun "Ömrün rəng çalarları" yazısını təqdim edir.

Kamil Nəcəfzadə Lənkəran şəhərində anadan olmuş, 1948-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirərək, təhsilini Moskvada Kinematoqrafiya İnstitutunda davam etdirmişdir. 1955-ci ildən “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. O, Azərbaycan kinosunun korifeyləri olan Həsən Seyidbəyli, Əjdər İbrahimov, Rasim Ocaqov, Tofiq Tağızadə, Arif Babayev kimi rejissorlarla işləmiş və onların filmlərində quruluşçu rəssam kimi çalışmışdır.

Kamil müəllim sonralar ayrı-ayrı rejissorlar, operatorlarla da əməkdaşlıq etmişdi. “Ulduz”, “Ad günü”, “Mən ki gözəl deyildim”, “Bir cənub şəhərində”, “Bir məhəlləli iki oğlan”, “Atları yəhərləyin”, ümumiyyətlə, 40-a yaxın bədii, tammetrajlı filmlərə tərtibat verib. O, çəkiliş obyektlərini təbii təsvir etməyə, obrazların talelərinin, aktyor ifalarının açılmasına, anlaşmasına gərgin əməyi, axtarışları ilə nail olmuş, sənətsevərlərin rəğbətini qazanmışdı.

Kamil həm də tanınan, sevilən teatr rəssamlarından biridir. Onun Azərbaycan Dövlət Rus Dram Teatrında unudulmaz şair Səməd Vurğunun “Fərhad və Şirin”, Akademik Milli Dram Teatrında “Kor”, “Knyaz”, “Oqtay Eloğlu” və başqa əsərlərə hazırlanmış tamaşalara verdiyi tərtibatlar bu gün də sənət nümunələri kimi xatırlanır. Geniş yaradıcılıq diapazonuna malik olan bu böyük sənətkarın fəaliyyəti kino, teatr rəssamlığı ilə məhdudlaşmır. Natürmort, portret, süjetli kompozisiya, mənzərə janrlarında da uğurlar qazanıb. Onun yaradıcılığında “Yaylaqda səhər”, “Günorta çağı”, “Tutqun səma”, “Kəpəz”. “Payız”, “Bizim dağlar”, “Göl”, “İlandağ”, “Kənddə səhər”, “Günün şüası”, “Şəki” və başqa əsərlərinə tamaşaçılar maraqla baxırlar.

K.Nəcəfzadə dünyanın əksər ölkələrində – İtaliyada, Türkiyədə, Yunanıstanda, Kanadada, Rumıniyada, Vyetnamda yaradıcılıq ezamiyyətlərində olub. Onun Fransa silsiləsində yaratdığı “Kavaredə”, “Kor musiqiçi” tabloları, demək olar, dünyanın əksər sərgi salonunda göstərilib. Bu əsərlərdə iki fərqli insanın portreti təsvir edilib. Tənha ömür sürən, zahirən yaraşıqlı, amma dünyanın nuruna həsrət qalmış musiqiçinin sarsıntısını rəssam boyaların gücü, seçimi ilə olduqca inandırıcı işləyib. Müxtəlif sərgi salonlarında dəfələrlə nümayiş etdirilən “Kor musiqiçi” əsəri seyrçiləri sarsıdıb, kövrəldib.

Kamil müəllim portret janrında da xeyli əsər yaradıb. Dünya şöhrətli klassik söz ustalarımızın, eləcə də, müasirimiz olan yaradıcı ziyalıların, mədəniyyət, incəsənət xadimlərinin portretlərini kətan üzərində əbədiləşdirib. “Füzuli”, “Şah İsmayıl Xətai”, “Şəhriyar”, “S.Vurğun”, “N.Nərimanov”, “C.Cabbarlı”, “Əli Zeynalov”, “Həsənağa Turabov” və başqa portret əsərləri respublikamızın və dünya muzeylərinin daimi eksponatlarıdır. O, rəngkarlıqda olduğu kimi, qrafika sahəsində də həvəslə, səmərəli çalışır. Nəriman Nərimanovun həyat və yaradıcılığına həsr etdiyi qrafik təsvirlər, “Azərbaycan” adlı akvarel silsiləsi, Cəfər Cabbarlının “Sevil” pyesinə, Mehdi Hüseynin “Komissar” povestinə, M.S.Ordubadinin “Döyüşən şəhər” romanına çəkdiyi illüstrasiyalar fırça ustasının uğurlu yaradıcılığının sübutudur.

Onun 1990-cı il 20 Yanvar faciəsinə həsr etdiyi “Azərbaycan harayı” və “Tarix bağışlamır” əsərləri dinindən, dilindən asılı olmayaraq görənləri sarsıdır, həmin müdhiş gecədə törədilən qanlı hadisələri göz önündə, xəyallarda canlandırır. Bu əsərlər zorakılığa, ədalətsizliyə, vəhşiliyə qarşı etiraz səsi kimi baxılır və qarşılanır. O, can yanğısını, ürək ağrısını, qəddarlara sonsuz nifrətini fırçasının gücü ilə təsvir etməyə nail olmuşdur. “Azərbaycan harayı” tablosunda dəhşətli mənzərə tamaşaçının qanını dondurur. Qana boyanmış insan cəsədləri, səmada görünən qara quzğunlar əsərin emosional təsir qüvvəsini daha da artırır. Rəssam mənzərənin bir küncündə şeyxin, digərində isə Mixail Qorbaçovun simvolik təsvirlərini verib. İlk diqqətçəkən isə meyitlərin arasında əlini göyə açmış uşaq fiqurudur. Sanki o deyir: “Sən Azərbaycanı məhv edə bilməyəcəksən. Zülmə, haqsızlığa baxmayaraq, biz qalib gələcəyik”. “Tarix bağışlamır” tablosunda fırça ustası heç kimin, heç nəyin unudulmadığını, gec-tez günahsız qan tökənlərin, ölümə bais olanların cəzalarına çatacaqlarına inamını təsvir edib.

Respublikamızda və xarici ölkələrdə bir çox sərginin iştirakçısı olmuş Kamil Nəcəfzadənin əsərləri hörmətlə, məhəbbətlə qarşılanır. 15 fərdi yaradıcılıq sərgisinin müəllifi olan sənətkar bu gün də saatlarla molbert önündə dayanır, gənclik həvəsi ilə çalışır, yeni-yeni əsərlər yaradır. Bunu da qeyd edək ki, Kamil Amerika Birləşmiş Ştatlarında – Vaşinqton şəhərində fərdi sərgisi açılan ilk azərbaycanlı rəssamdır. Həmin tədbirdə ulu öndər Heydər Əliyev də iştirak etmiş, fırça ustasına uğurlar arzulamış, ona ürək sözlərini bildirmişdi.

Azərbaycanın xalq rəssamı fəxri adına, iki dəfə Dövlət mükafatına layiq görülmüş və “Şöhrət” ordeni ilə təltif olunmuş Kamil Nəcəfzadə Azərbaycan Kinematoqrafçılar İttifaqının və Rəssamlar İttifaqqının üzvü olaraq ölkəmizin mədəni həyatında fəal iştirak edən, öz həmkarları və dostları arasında nüfuza malik olan bir sənətçidir.

# 888 dəfə oxunub

Müəllifin son yazıları

# # #