Ölümünü yuxuda gördü, başdaşı evinin həyətində qaldı – Məşhur xanəndənin xanımı niyə intihar etmək istədi?

Ölümünü yuxuda gördü, başdaşı evinin həyətində qaldı – Məşhur xanəndənin xanımı niyə intihar etmək istədi?
8 iyul 2022
# 12:00

Kulis.az Səxavət Məmmədov haqqında on maraqlı faktı diqqətinizə çatdırır.

Səxavət Məmmədov Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaq vaxtından qarmonda ifa etməyi bacarırdı, ancaq toylara getməyə utanır. Məktəbi bitirəndən sonra Asəf Zeynallı adına musiqi texnikumunda təhsil alır. Orda ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovdan muğamı mükəmməl səviyyədə öyrənir. Bu ərəfələrdə Səxavəti əsgər aparırlar. Üstündən bir xeyli vaxt keçir, jurnalistlər Hacıbaba Hüseynovdan “ən yaxşı tələbəniz kimdir” deyə soruşanda məşhur xanəndə deyir: “Ən yaxşı tələbəm əsgərlikdədir”.


***

Özü kasıb ailədən olsa da imkansız adamlara əl tutmağı sevərdi. Üstəlik, ilboyu qazandığı pulu qohum-əqrəbaya, kasıb-kusuba paylayırdı. Bir dəfə isə toydan gələndə qazandığı pulların hamısını maşının pəncərəsindən ehtiyacı olan adamlara paylayıb.

Səxavət Məmmədov Azadlıq meydanındakı müstəqillik uğrunda hərəkata qoşulub, orda olan insanlara xeyli yardım edib. Oğlu Bəxtiyarı da qucağına alıb meydanda olanlara qazanlarla yemək aparıb. Bundan başqa o, Qarabağ müharibəsi başlanan gündən cəbhə xəttində döyüşən əsgərlərə mütəmadi silah-sursat yardımı göstərib. Qarabağ hadisələrinin ilk illərində “Qarabağ” instrumental ansamblını yaradıb. O, bu ansambl sayəsində ölkələri gəzir və Qarabağ həqiqətlərini dünyaya çatdırırdı.

Deyilənə görə, onu düşmən ermənilər də sənətkar kimi çox sevirlərmiş. Cəbhə bölgəsində yerləşən Abdal-Gülablı kəndində dəfni zamanı erməni tərəfi güllə atmayıb, ailə üzvlərinin və kənd adamlarının Səxavətin qəbrini ziyarət etməsinə şərait yaradıblar.

***

Dostu, ustad tarzən Möhlət Müslümov danışır ki, Səxavət toyunda “bəyhamamı”na bizə gəlmişdi. Yedik-içdik, Səxavət mənə dedi ki, o tarı gətir çal, eynimiz açılsın. Mən tar çaldım, o, oxudu. Necə bizə ruh gəldisə, toyu unutduq. Sən demə, gəlini gətiriblər, toy qurtarıb, evdə hamı bəyi axtarır. Qohum-əqrəba axtarış elan edib. Səxavətin atasının birdən ağlına gəlib ki, oğlu bizdə olacaq.

İlk həyat yoldaşından ayrılıb və başqa bir qadınla ailə qurub. Onun yaxınları, qohumları ikinci evliliyini doğru hesab etmirdilər. Lakin, övladlarının sözlərinə görə hər iki ailəsinin də qayğısına qalıb, onların maddi xərclərini qarşılayıb.

***


Dostları ilə Əli Bayramlıdan qayıdırmış, yolda qəza baş verir və Səxavət Məmmədov o qəzada dünyasını dəyişir. 37 yaşında. Onun ölümündən sonra ikinci həyat yoldaşı iki dəfə intihara cəhd edir. Qəbri üstünə qoyulmaq üçün Bakıda sifariş edilən məzar daşı kənddə gedən gərgin döyüşlər səbəbindən ünvanına çatdırıla bilmir. Daha sonra kənd işğal olunur. Səxavət Məmmədovun üzərində şəkli, doğum və ölüm tarixi həkk olunmuş başdaşı Bakıdakı evinin həyətində qalır.

O, avtomobil qəzasında dünyasını dəyişsə də, ölümü barədə şübhələr bu günə qədər səngimək bilmir. Oğlu Bəxtiyar müsahibələrinin birində deyir:

“Bu günə qədər də onun ölümü ilə bağlı bir çox müəmmalar qalır. Çünki atam qəzaya düşəndə yoldaşların heç birinə heç nə olmamışdı, amma onların heç biri sonradan sağ qalmadı. Atamın avtomobili ilə toqquşan “Kamaz”ın sürücüsü də müəmmalı şəkildə öldü. Bundan başqa hadisə zamanı qəzadan salamat çıxıb təcili yardım maşınına minən adamlara da nə isə oldu. Yəni atamla bağlı baş verən qəza nə isə çox qarışıq məsələ idi. Atam cəbhədə baş verənlərlə bağlı, belə deyək, növbəti sövdələşmədən qayıdanda Qaradağ yolunda “Qaz zapravkası” deyilən dar bir yerdə qəzaya düşmüşdü. Onların olduğu maşın qəfildən yola çıxan “Kamaz”ın altına girmişdi. Sonradan o “Kamaz” sürücüsü də bayaq dediyim kimi həbsdə müəmmalı şəkildə öldü. Bəzi məsələlər var ki, mən sonradan öyrəndim, bildim, indi bunlar haqqında danışmaq istəmirəm. Onlar mənim özümdə qalsın”.

“Bəxt üzüyü” filmindəki qeyri-adi səsi hər kəsi heyrətə gətirir. Əfrasiyab Bədəlbəylinin bəstələdiyi “Azad bir quşdum” mahnısını elə oxuyub ki, sanki onu elə özü yaradıb. Mahnı həm də onun ölümünə yazılıb elə bil: “Azad bir quşdum, yuvamdan uçdum, torpağa düşdüm bu gənc yaşımda”.

***

Yuxuda görübmüş ki, Abdal-Gülablıdakı evlərinin həyətində çadır qurulub, qarşıda da qəbiristanlıq görünür. Kənddəki evləri qəbiristanlığın yaxınlığında idi. Yuxudan durub və deyib:

“Mən öləcəm”.
Bu yuxudan bir ay sonra vəfat edib.

# 8559 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #