Ölmək asanlaşır – Sadaq Budaqlı yazır...

Əhməd Oğuz, şair

Əhməd Oğuz, şair

13 noyabr 2021
# 10:30

Kulis.az yazıçı Saday Budaqlının şair Əhməd Oğuz haqda yazdığı “Əhməd Oğuzun 60 yaşına” yazısını təqdim edir.

“Salam, necəsən, haralardasan?..”

On altı il bir yerdə işlədik. Sonra da, az qala, hər gün zəngləşirdik, görüşürdük. Otuz il! Bir igidin ömrü!

Sən hamıya, hər şeyə vaxt tapdın, Əhməd. Özündən başqa.

Dərd qapını tez döymüşdü. Erkən yaşlarında ananı itirdin. Sonra doğulduğun yurdunu. Başkeçidə gedib ordan kəndinizə boylanırdın. Bir addım yol keçilməz oldu. Evinizə, ananın qəbrinə baş çəkə bilməməyin səni göynədirdi. Özünü məclislərdə ovundururdun.

Sən gözəl şairiydin. Özünlə baş-başa qalmaq istəmədin, özündən qaçdın. Neçə-neçə şeir könlünün bağında açmamış soldu.

Sən böyük alim ola bilərdin. Oturmağa səbrin çatmadı.

Hamı sənə can atırdı. Çünki maraqlı, işıqlı adamıydın. O işıqdan hamıya pay düşürdü.

Özündən sonra ürəklərdə böyük boşluq qoyub getdin. Sənnən dolu bir boşluq.

Çoxdan olub: bir məclisdən çıxanda ayağın sürüşdü, başın divara dəydi, sərildin yerə. Nəfəsin gəlmirdi. Dilini çıxarmağa çalışdım, nəfəs verdim. Axırda özünə gəldin. Sonralar deyirdin, məni niyə qaytardın, elə rahatıydım, ömrümdə heç vaxt elə rahat olmamışdım. Kənardan sakitcə sizin vurnuxmanıza, əl-ayağa düşməyinizə baxırdım.

İndi, bəlkə, o cür rahatsan. Ömründə olmadığı kimi. Bu da bir təsəlli.

Doğmaların ölümü ilə adamı həyata bağlayan tellər qopur. Həyat get-gedə mənasını itirir. Ölmək asanlaşır.

“Əlvida demədi”. Deyəsən, belə bir film var. Mən də “əlvida” demirəm. Dünyanın işini nə bilmək olar. Bəlkə, nə vaxtsa görüşdük. Sağlıq olsun...

# 2038 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #