Oleq Səfərəliyev: “Ötən il Qazaxıstanda 50, Tatarıstanda 22, bizdə isə 3 film çəkilib”

Oleq Səfərəliyev:  “Ötən il Qazaxıstanda 50, Tatarıstanda 22, bizdə isə 3 film çəkilib”
13 oktyabr 2023
# 13:13

Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, Kino məktəbinin rəhbəri, rejissor Oleq Səfərəliyevin anadan olduğu gündür. Onun 71 yaşı tamam olur.

Kulis.az xəbər verir ki, rejissor milli kinonun hazırki vəziyyətindən narahatdır:

“Sovet dönəmində 70 ildə 7250 film çəkilib. 15 milyon tamaşaçı yığan film uğurlu film hesab olunur. O siyahıda 6 Azərbaycan filmi var. Bizdə filmlər çox az çəkilir. Müqayisə üçün deyim ki, ötən il Qazaxıstanda 50 film çəkilib. Tatarıstan 22 film çəkib. Bizdə isə cəmi 3 film ərsəyə gətirilib. Biri müəllif filmi, biri özəl, bəs, bizim tamaşaçı nəyə baxacaq? Ən vacib məsələ tamaşaçını zallara qaytarmaqdır.”

Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini – Sergey Solovyovun emalatxanasını bitirən O.Səfərəliyev “Mosfilm”də, 1993-2003-ci illərdə Rusiyanın “ORT”, “RTR” və başqa telekanallarında fəaliyyət göstərib.

1995-2005-ci illərdə “Avrasiya-Film” kino şikrətinin baş prodüseri olub.

“Canlı yayım” (1989, rejissor), “Kilsə”(sənədli film, 2003), “Müdriklərlə söhbətlər”(sənədli film, 2004), “Ka-De-Bo” (2007, rejissor, ssenari müəllifi, prodüser), “Savva Morozov” (2007, serial, rejissor), “Petrovka 38, Semyonovun komandası” (2009, rejissorlardan biri, serial), “Qorxu mağarası” (2010, rejissor), “Dəlisov yubiley” (2011, kreativ prodüser), “Növbətçi mələk-2” (2012, serial, rejissor ), “Qadınlar və digər bəlalar” (2014, serial, rejissor) filmlərini çəkib.
2014-cü ildə Şəki televiziyası üçün “Yeni il səfəri” adlı musiqili televiziya filmini çəkib.

Onun quruluşunda “Azərbaycanfilm” kinostudiyasının 2006-cı ildə istehsal etdiyi “Əlvida, cənub şəhəri” filmi yaradıcılığında xüsusi yer tutur.

Rüstəm İbrahimbəyovun “Təbəssümlə oyanaraq” əsəri əsasında ssenarisini yazdığı filmdə Qarabağ müharibəsinin törətdiyi fəsadlar nəticəsində paytaxt Bakıya gəlmək məcburiyyətində qalan qaçqınların həyat tərzi, onların şəhər həyatına uyğunlaşması və yerli əhali ilə münasibətləri öz əksini tapıb.

Rejissorun sözlərinə görə, istənilən film, istənilən ədəbiyyat nümunəsi həyatı əks etdirməlidir:

“İstənilən cəmiyyətdə qatil də var, qətl də, sevgi də, xəyanət də… Film bu xarakterləri ifadə etməlidir. Tamaşaçı öz qəhrəmanlarına baxmalıdır, tamaşaçıya yalan göstərmək olmaz. Amma hər şeyi də rəngsiz, boyasız şəkildə təqdim etmək düz deyil. Çünki hər bir obraz eyni zamanda yaradıcı təfəkkürün məhsuludur. Bir obraz bir neçə insanın müştərək xarakterini birləşdirə bilər. Bu gün bu xarakter var, sabah olmayacaq. Bu gün bu küçə var, sabah olmayacaq. Mənim filmimdə çəkilən küçələr, həyətlər artıq yoxdur”.

# 1408 dəfə oxunub

Müəllifin son yazıları

# # #